Bu qurumun təkcə internet qiymətlərini yox, bir çox  məsələləri həyata keçirmək imkanı olacaq -MÜTƏXƏSSİS

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması xəbəri bir neçə məsələni gündəmə gətirib. Sirr deyil ki, bu qurum İqtisadiyyat Nazirliyi yanında idarə, şöbə idi və inhisarçılığa qarşı effektiv iş görə bilmirdi. Görəsən, agentlik olduqdan sonra inhisarçılıq azalacaqmı? Bu agentliyin yaradılması inhisarçılığı, istehlakçıların haqlarını qorumağa xidmət edəcək?
Ümumiyyətlə, bu qərar nələrin ucuzlaşmasına səbəb ola bilər? Məsələn, internet və digər xidmətlərin ucuzlaşması baş verə bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Elçin Qurbanov deyib ki, yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi; antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Onun sözlərinə görə, Nazirlər Kabineti yeni Agentliyin əsasnamə layihəsini normativ hüquqi aktlara uyğunluğunu təmin etməklə iki ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir:
“Bundan başqa əvvəlki qurumun balansında olan dövlət əmlakının yeni Agentliyin balansına verilməsini, 2024-cü il Dövlət Büdcəsi haqqında qanunun tətbiqi ilə bağlı ölkə Prezidentinin müvafiq fərmanından irəli gələn Xidmət üçün nəzərdə tutulmuş maliyyələşmənin qalıq hissəsinin Agentliyə ayrılmasını təmin etmək üçün tədbirlər görməli, həmin fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Qurumun ayrıca Agentlik kimi fəaliyyət göstərməsi qurumun fəaliyyət istiqamətlərinin müstəqil həyata keçirilməsinə və daha müfəssəl hüquqi təşkili işinə müsbət töhfə verə bilər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün antiinhisar və dempinq siyasətində xüsusi keyfiyyət elementlərinin inkişaf etdirilməsinə ciddi ehtiyac var. Əlbəttə, qurumun fəaliyyət sferasına aid digər dövlət orqanları ilə əlaqəli, xüsusilə Dövlət Gömrük Xidmətinin vəzifələrinə aid edilmiş bir sıra məsələlər də daxildir. Mənə elə gəlir ki, ayrı agentlik bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə daha həssas yanaşmaq üçün imkanlar yaradacaq”.
İqtisadçının fikrincə,  yeni agentliyin yaradılması inhisarçılıqla mübarizədə effektliyin artmasına müsbət təsir göstərə bilər:
“Tərəfinizdən ayrıca qeyd olunan internet və digər xidmətlərin qiymətlərində ucuzlaşması barədə isə heç nə deyə bilmərəm”.
E.Qurbanov qurumun yaradılması ilə bağlı da məlumat verib:
“Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. 2001-ci ildə  İqtisadi İnkişaf Nazirliyinin tərkibində Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. 2009-cu ildə ÜM Liderin növbəti müvafiq fərmanı ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. 2018-ci ilin aprelin 20-də imzalanan Prezidentin müvafiq sərəncamı ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Standartlaşırma, Metrologiya və  Patent üzrə Dövlət Komitəsi Xidmətin tabeliyinə verilib. Yeni Agentliyin yaradılmasına qədər bu qurumun fəaliyyəti müstəqillik tariximizin ümumilikdə 32 illik dövrünü əhatə edir.
İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti onun tabeliyində fəaliyyət göstərən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs, Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsi, Azərbaycan Metrologiya İnstitutu  publik hüquqi şəxs  “Standartlaşdırma,  “İstehlak Mallarının Ekspertizası Mərkəzi“ MMC -dən ibarət olub.  Qurumun fəaliyyət istiqamətləri; Antiinhisar nəzarəti, Dövlət İnhisarı, Haqsız rəqabət, Reklam fəaliyyəti, İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət, Dövlət satınalmaları, Keyfiyyət infrastrukturu kimi xidmətləri əhatə edib”.


 İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Sherg.az”a bildirib ki, Prezident İlham Əliyevin 27 avqust 2024 tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması ölkə rəhbərinin bu sahəyə olan xüsusi diqqətinin göstəricisi kimi hesab edirəm: 


“Eyni zamanda fərmanda göstərilib ki, yaradılan bu qurum, antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu kimi nəzarət və tənzimləmələri həyata keçirən qurumun təbii ki, sadəcə internet qiymətləri ilə bağlı məsələlər yox, bir çox geniş diapazona sahib məsələləri həyata keçirmək imkanı olacaqdır. Artan internet qiymətləri ilə bağlı olaraq, 14 avqust 2024 tarixində isə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat dərc edərək, məlumatın bir qismində bildirmişdi ki, kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur. Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur. Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Yəqin ki, bir müddət sonra araşdırmaların nəticəsini və veriləcək hüquqi qiyməti görəcəyik”.