Ötən il dövlət qurumlarının 4000-ə yaxın əməkdaşı hakerlərin qurbanına çevrilib

Ötən il Azərbaycanda bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyib və nəticədə 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.

Bu barədə "APA-Economics"ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikası XRİTDX tərəfindən qeydiyyata alınıb. Belə ki, 2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3798 olub.

XRİTDX tərəfindən hesabat dövrü ərzində aşkar edilmiş yoluxma halları ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılmış fəsadların aradan qaldırılması üçün lazımi addımlar və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirilib.

Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.