- "Süni intellekt dələduzların əlini daha da gücləndirib”
- "Polisə müraciətlərin böyük hissəsi artıq kibercinayətlərlə bağlıdır”
Texnologiya insanların əmək fəaliyyətinin səmərəliliyini artırmaqla yanaşı, verdiyi əlverişli imkanlar ucbatından məkrli məqsədlər güdən şəxslərin də işlərini asanlaşdırır. Süni intellekt çox qorxulu hal alıb. Sosial mediada baxdığımız videoların gerçək olub-olmadığını fərqləndirmək üçün min cür zillətə giririk. Rəsmi nümayəndələrdən tutmuş, yazarlara qədər hər kəsin yazısından süni intellekt qoxusu gəlir.
Bunları gördükdə sadəcə, təəssüf hissi keçiririk. Lakin ən ağırı başımıza gələnlərə görə fəryad hissinə qapılmaqdır. Müasir dövrün iki əsas seçimi var. Ya texnaloji yenilikləri öyrənib sistemin bir parçası olmalıyıq, ya da kiberfırıldaqçıların növbəti “uğur” hekayəsinin adsız “qəhrəmanına” çevrilməliyik. Ötən gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda keçirilən iclasda, diqqətçəkən açıqlamalar verib. O, bildirib ki gün ərzində DİN-ə daxil olan müraciətlərin əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır. E. Hacıyevin sözlərinə görə, ən ağır cinayət növlərinin əhəmiyyətli hissəsi rəqəmsal mühitdə təşkil edilir.
Mövzu ilə bağlı Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli Sherg.az-a bildirib ki, E. Hacıyevin səsləndirdiyi fikirlər müasir dövrün reallığını əks etdirir:
“Artıq cinayətlərin əhəmiyyətli hissəsi küçədən internetə köçüb. Əgər əvvəllər dələduz və ya cinayətkar qurbanı ilə fiziki təmas qururdusa, indi bunu bir telefon zəngi, sosial şəbəkə hesabı və ya saxta internet səhifəsi vasitəsilə edə bilir. Rəqəmsal mühitdə cinayət dedikdə, ilk növbədə kiberdələduzluq, şəxsi məlumatların oğurlanması, bank kartlarından vəsaitlərin mənimsənilməsi, saxta elanlar, kiberşantaj və sosial şəbəkələr üzərindən həyata keçirilən qanunsuz əməllər nəzərdə tutulur. Bu gün vətəndaşların polisə etdiyi müraciətlərin böyük hissəsinin məhz bu sahə ilə bağlı olması təsadüfi deyil”.
Ekspertin sözlərinə görə, sosial mühəndislik adlandırılan üsullar geniş yayılıb:
“Cinayətkarlar, insanların etibarından istifadə edərək özlərini bank əməkdaşı, dövlət qurumu nümayəndəsi və ya tanınmış şirkətin əməkdaşı kimi təqdim edirlər. İnsanlar bəzən fərqinə varmadan kart məlumatlarını, təsdiq kodlarını və ya şəxsi informasiyalarını paylaşırlar. Nəticə etibarilə, zərərçəkən qisminə çevrilirlər. Sosial şəbəkələrdə saxta investisiya layihələri, ucuz məhsul satışı adı altında aparılan dələduzluqlar, hədiyyə və lotereya vədləri ilə insanların aldadılması halları da kifayət qədər çoxalıb. Süni intellekt texnologiyalarının sürətli inkişafı isə bu risklərin təsir imkanlarını artırır”.
H.Heydərli, vətəndaşları rəqəmsal maskalar arxasında gizlənən cinayətkarlardan qorunmağa çağırıb:
“Artıq saxta səs və videolar hazırlamaq əvvəlki illərlə müqayisədə daha asandır. Hesab edirəm ki, bu gün rəqəmsal təhlükəsizlik məsələsi, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə yanaşı, vətəndaşların maariflənməsindən də asılıdır. İnsanlar internetdə qarşılaşdıqları hər məlumatı doğru qəbul etməməli, şəxsi məlumatlarını qorumağı bacarmalı və şübhəli hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara müraciət etməlidir”.