- ...və sürəti 2,5-3 dəfə artırmalıdırlar
- "25 manata 100 Mbit yox, 300 Mbit internet almaq mümkün olmalıdır"
Ölkədə kommunal xidmət sektorunda ən baha olan internet qiymətləridir. Çətinlik həm də bundadır ki, vətəndaşın seçim imkanları da məhduddur. İnternet provayderlərin demək olar hamısı eyni qiymət təklif edir. Rəqabət sıfırdır. İnternet sürəti isə ödənilən məbləğlə qeyri-mütənasibdir. Mütəxəssislər də bu fikirdədir ki, ölkə üzrə hətta yüksəksürətli internet də ən azı 2 dəfə ucuzlaşmalıdır.
İnformasiya-kommunikasiya məsələləri üzrə mütəxəssis Elvin Abbasov bu barədə bur müddət öncə təkliflə çıxış etmişdi. Mütəxəssis aktuallığı nəzərə alaraq məsələyə yenidən qayıdıb və təklifini belə əsaslandırıb:
- Azərbaycan üzrə genişzolaqlı internetin median sürəti 92,18 Mbit/s-dir. Provayderlərin əksəriyyəti 100 Mbit/s-nin altında xidmət təklif edir. 1 Gbit-lik infrastruktur üzərindən onun 10-da biri qədər xidmət göstərməyin hansı məntiqə və məqsədə əsaslandığını anlamaq çətindir. Bunun əziyyətini də istehlakçı və ölkə iqtisadiyyatı çəkir. Məsələn, Özbəkistanda median sürət 94,14 Mbit/s-dir. Orada 100 Mbit/s-lik paket bizdəki kimi 25 AZN-dir. 300 Mbit/s-lik paket isə 30 AZN-dir. Başqa sözlə, istehlakçı 5 AZN artıq ödəyərək 3 dəfə daha çox sürət əldə edir və hər Mbit/s üçün 12 qəpik ödəyir. Litvada median sürət 208 Mbit/s-dir. 100 Mbit/s-lik paket 23 AZN-dir. 250-300 Mbit/s-lik paketlər isə 30 AZN civarındadır və hər Mbit/s üçün qiymət 11 qəpikdir. 1000 Mbit/s-lik paketlər bizdən fərqli olaraq 49 AZN yox, 38 AZN civarındadır.
Ümumiyyətlə Median sürəti bizdən yüksək olan bir çox ölkələrdə isə minimal internet paketi 250 Mbit/s-dən başlayır. Hətta bəzi bazarlarda minimal standart 500 Mbit/s olaraq qəbul edilir. Ümumiləşdirsək isə mənzərə onu göstərir ki, insanların yüksəksürətli internet paketləri alması üçün onların qiymətləri aşağısürətli paketlərdən daha ucuz olmalıdır. Velosiped icad etməyə ehtiyac yoxdur. Reallıq ondan ibarətdir ki, provayderlər 1 Gbit yox, lap 20 Gbit-lik də infrastruktur qursalar, istehlakçı yalnız ona sərf edən təklifdən istifadə edəcək.
Mütəxəssis hesab edir ki, provayderlər yüksəksürətli tarif paketlərini daha sərfəli etməlidir:
- Hesab edirəm ki, indiki başlanğıc tarifi olan 100 Mbit/s ya ləğv edilməlidir, ya da qiymət strukturu elə formalaşmalıdır ki, istehlakçı 25 AZN verib yetərsiz 100 Mbit/s interket paketi almaq əvəzinə, 250-300 Mbit/s-lik paketlərə üstünlük versin. Belə olan təqdirdə istifadəçi hər Mbit/s üçün 25 qəpik əvəzinə, 11-12 qəpik ödəməklə 28-31 AZN aralığında olan 250-300 Mbit/s-lik tarif paketlərinə keçə bilər. Ümumiləşdirsək isə provayderlər yüksəksürətli paketlərin qiymətini ən azı 2 dəfə ucuzlaşdırmalı və sürəti 2,5-3 dəfə artırmalıdırlar.