Süni intellekt fabrik xalçası kimidir, əsl sənət isə əl işidir - Sevinc Elsevər

"Bu texnologiya yaradıcılıqda insan ruhunu heç vaxt əvəz edə bilməz”

Süni İntellekt texnologiyalarının sürətlə inkişafı yaradıcı sahələrdə, xüsusilə ədəbiyyatda yeni müzakirələrə səbəb olub. Böyük Britaniyada minlərlə yazıçının süni intellekt şirkətlərinin müəllif əsərlərindən icazəsiz istifadə etməsinə etiraz etməsi bu narahatlığın qlobal miqyas aldığını göstərir. Nobel mükafatlı yazıçı Kazuo Ishiguro və digər tanınmış müəlliflərin də qoşulduğu aksiya yaradıcı insanların müəllif hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirib. 

Qeyd edək ki, Böyük Britaniyada aralarında tanınmış müəlliflərin də olduğu təxminən 10 min yazıçı süni intellekt şirkətlərinin əsərlərdən icazəsiz və müəllif haqqı ödəmədən istifadə etməsinə etiraz olaraq “Don’t Steal This Book” (“Bu kitabı oğurlamayın”) adlı boş kitab nəşr etdirib.

Etiraz aksiyasında Nobel mükafatlı yazıçı Kazuo Ishiguro, eləcə də Philippa Gregory və Richard Osman kimi məşhur müəlliflər iştirak edib. Kitabın içində yalnız aksiyaya qoşulan müəlliflərin adları yer alıb.

Nəşr London Book Fair çərçivəsində iştirakçılara paylanıb. Aksiyanın təşkilatçısı bəstəkar Ed Newton-Rex bildirib ki, süni intellekt sənayesi çox vaxt müəlliflərin əsərlərindən icazəsiz istifadə edir və bu, yaradıcı insanların gəlir mənbələrinə zərər vurur.

Bu müzakirələr fonunda Azərbaycanda da süni intellektdən istifadənin genişlənməsi ədəbiyyat mühitində yeni suallar doğurur: bu texnologiya yazıçıların yaradıcılığı üçün yeni imkanlar yaradır, yoxsa müəlliflik hüquqları və orijinal yaradıcılıq üçün müəyyən risklər ortaya çıxarır?

Yazıçı Sevinc Elsevər “Sherg.az”a açıqlamasında bu yaxınlarda Süni İntellektin yaradıcılığa təsirləri mövzusunda elmi məqalə dərc etdirdiyini xatırladıb. O bildirib ki, məqalə animasiya kinosuna süni intellektin mənfi və müsbət təsirləri ilə bağlı idi:

“Həmin məqalədən yola çıxıb süni intellektin ədəbiyyata təsirləri barədə onu deyə bilərəm ki, həm mənfi, həm müsbət təsirləri müşahidə etmək mümkündür. Süni intellekt xüsusən gənc nəslin ən yaxın dostudur. Onlar süni intellektlə oxuyurlar, öyrənirlər, yaradırlar. Bizim nəsil üçün süni intellekt bir az yaddır. Amma nənələr tanıyıram süni intellektdən yeni yemək reseptləri soruşurlar. Yaxud evdəki ərzaqları sadalayıb əbədi, əzəli suallarına cavab tapırlar: " Görəsən, axşama nə bişirim?". Hansısa bir mövzunu araşdıranda süni intellekt kara gəlir. Tezbazar məlumatları çıxarıb önünə sərir, əlçatandır, operativdir. Amma ona tam da arxayın olmaq olmaz. Bir dəfə süni intellektə sual verdim: Azərbaycanda üç ən yaxşı qadın müğənni adını çək. Elə adlar sadaladı ki, əlim üzümdə qaldı. Ondan sonra süni intellektdən ciddi mövzularda ehtiyatla soruşuram, aldığım cavabları da sorğulayıram. Məsələn, ən yaxşı göz həkimlərinin adlarını soruşsam, artıq şübhə edəcəm”.

S. Elsevər qeyd edib ki, Süni İntellektdən müəyyən qədər istifadə eləmək olar. Amma tam etibar etmək düzgün deyil:

“Yaradıcı məsələlərə gələndə isə, süni intellektin heç vaxt insan ruhunu əvəz etməyəcəyi qənaətindəyəm. Necə ki fabrikdə toxunan xalçalar ucuz qiymətə satılır, əl işi olan xalçalar isə sənət əsəri hesab olunur, qiymətli hesab edilir, dəyər kimi qorunur, əsl sənətkar tərəfindən yaradılan incəsənət nümunələri də elə dəyərli və əvəzsizdir. Süni intellektdən bank kartlarımızı, şəxsi məlumatlarımızı gizləməli olduğumuz kimi, yəqin ki, yaradıcılıq sirrlərimizi də gizlətməliyik Onunla dost olmalıyıq, amma bütün sirrlərimizi də verməməliyik. Yaradıcılıq mətbəximizə buraxmamalıyıq”.