Süni intellektin qaydalarını yazanlar dünyanı idarə edəcək - Cengiz Çalıkoğlu

  • “Gələcəyin müharibələri süni intellekt və kiberməkanda aparılacaq”
  • “Süni intellekt ittifaqları yaxın gələcəkdə NATO qədər əhəmiyyətli olacaq”
  • “Texnologiyanı alan yox, onu yaradan ölkələr lider olacaq”

Bir neçə gün əvvəl Çin lideri Si Cinpin Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında Rusiya, Belarus, Qazaxıstan və digər 26 ölkə ilə qlobal süni intellekt ittifaqının yaradıldığını elan etdi. Çin lideri süni intellektin həmişə insan nəzarəti altında qalmasını təmin etmək üçün müvafiq tənzimləyici qanunların və əməliyyat müdaxiləsi sistemlərinin tətbiqinin vacibliyini vurğuladı.

Beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışan Si Cinpin bildirdi ki, süni intellektin inkişafı beynəlxalq əməkdaşlığın simfoniyası olmalıdır."

Sherg.az-a danışan texnologiya strategiyaları, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya üzrə lider Cengiz Çalıkoğlu süni intellekt ittifaqının yaradılmasının adi diplomatik hadisə olmadığını deyib:

"Süni intellekt artıq yalnız texnologiya şirkətlərinin inkişaf etdirdiyi bir innovasiya deyil. Ölkələrin iqtisadi rəqabətini, rəqəmsal suverenliyini və qlobal güc balansını müəyyən edən strateji güc amilidir. Bundan sonrakı yarış yalnız ən inkişaf etmiş süni intellekti yaratmaq yox, süni intellektin qaydalarını, etik prinsiplərini və qlobal idarəçiliyini kimin formalaşdıracağı yarışıdır.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Şanxayda keçirilən Dünya Süni İntellekt Konfransında (WAIC) Rusiya, Belarus, Qazaxıstan və digər ölkələ birlikdə yeni qlobal süni intellekt əməkdaşlığı strukturunu elan etməsi adi diplomatik hadisə kimi qiymətləndirilməməlidir. Onun süni intellektin insan nəzarəti altında inkişaf etdirilməsinin vacibliyini vurğulaması və beynəlxalq əməkdaşlığı "bir simfoniya" kimi xarakterizə etməsi əslində dünyanın yeni strateji dövrə qədəm qoyduğunun ən mühüm göstəricilərindən biridir.

Uzun illərdir texnologiya strategiyaları, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələrində çalışan biri kimi bu inkişafı yalnız Çinin atdığı yeni addım kimi görmürəm. Bu hadisə son illərdə sürətlə dəyişən qlobal təhlükəsizlik memarlığının və rəqəmsal geosiyasətin təbii nəticəsidir".

Mütəxəssis qeyd edib ki, süni intellekt ittifaqı dünyanın klassik güc balanslarından tamamilə fərqli bir dövrə qədəm qoyduğunu göstərir:

"Əvvəllər ölkələr enerji mənbələri, təbii sərvətlər və ya hərbi güc üzərindən rəqabət aparırdılarsa, bu gün rəqabətin mərkəzində məlumatlar, süni intellekt, yarımkeçirici texnologiyalar, bulud infrastrukturları, kvant hesablama və kibertəhlükəsizlik dayanır. Yaxın keçmişdə baş verən geosiyasi böhranlar və müharibələr də göstərdi ki, artıq müharibələr yalnız quru, hava və dəniz məkanlarında aparılmır. Kiberməkan, kritik infrastrukturlar, rabitə şəbəkələri, maliyyə sistemləri və süni intellekt dəstəkli rəqəmsal platformalar da yeni mübarizə meydanlarına çevrilib.

Məhz buna görə ölkələr artıq yalnız hərbi və ya iqtisadi ittifaqlar qurmur, eyni zamanda süni intellekt, kibertəhlükəsizlik və kritik rəqəmsal infrastrukturlar sahəsində də birgə fəaliyyət göstərmək zərurəti hiss edirlər.

Bu inkişaf mənim üçün yeni vəziyyət deyil.

Son beş-altı il ərzində qələmə aldığım məqalələrdə, beynəlxalq platformalarda səsləndirdiyim fikirlərdə və aidiyyəti qurumlara təqdim etdiyim strateji təkliflərdə daim eyni məsələyə diqqət çəkmişəm".

Ekspertin sözlərinə görə rəqəmsallaşmanın sürətlənməsi ilə ölkələrin bu transformasiyanı təkbaşına idarə etməsi mümkün olmayacaq:

"Yeni dövrdə uğur ortaq ağıl, ortaq texnologiya istehsalı, ortaq məlumat idarəçiliyi, ortaq süni intellekt strategiyaları və kollektiv kibertəhlükəsizlik yanaşmaları ilə mümkün olacaq.

Elə bu səbəbdən uzun illərdir xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyüm Kollektiv Kibertəhlükəsizlik Gücü təklifinin əsasında da məhz bu anlayış dayanır.

Həmin işlərdə yalnız ortaq kibermüdafiə strukturunu deyil, həm də ortaq təhdid kəşfiyyatı mübadiləsini, ortaq insidentlərə müdaxilə mexanizmlərini, təlim proqramlarını, ortaq kibertəlimləri və kritik rəqəmsal infrastrukturların birlikdə qorunmasını təklif etmişdim.

Bu gün dünyanın gəlib çatdığı nöqtə əslində bu yanaşmanın nə qədər düzgün strateji uzaqgörənlik olduğunu göstərir.

Artıq buna yeni bir başlıq da əlavə edilməsinin vacib olduğuna inanıram.

Bu da Ortaq Süni İntellekt Ekosistemidir".

C.Çalıkoğlu vurğulayıb ki, gələcəkdə təkcə kibertəhlükəsizlik sahəsində deyil, süni intellektin inkişaf etdirilməsi potensialında da ölkələrin birlikdə hərəkət etməsi qaçılmaz olacaq:

"Süni intellektin gələcəyini yalnız texnologiya şirkətlərinin müəyyən edəcəyinə inanmıram.

Əsas müəyyənedici amil dövlətlərin formalaşdıracağı idarəetmə modelləri, beynəlxalq əməkdaşlıqlar və ortaq standartlar olacaq.

Bu səbəbdən Si Cinpinin beynəlxalq əməkdaşlıq vurğusunu mühüm hesab edirəm.

Lakin burada diqqət yetirilməli əsas məqam hər hansı bir ölkənin liderliyindən daha çox, dünyanın artıq kollektiv rəqəmsal idarəetmə anlayışına yönəlməsidir.

Çünki süni intellekt artıq yalnız mühəndislərin hazırladığı texnologiya deyil. O, iqtisadiyyata, müdafiəyə, shiyyəyə, təhsilə, maliyyə sistemlərinə, cəmiyyətin etimadına təsir edir.

Buna görə də süni intellekt artıq yalnız texnologiya siyasətinin deyil, iqtisadi siyasətin, təhlükəsizlik siyasətinin və xarici siyasətin də ayrılmaz hissəsidir.

Burada çox mühüm bir məqama da diqqət çəkmək istəyirəm.

Əslində əsas məsələ texnologiya deyil.

Əsas məsələ insanı, hüququ, etik dəyərləri və etibarı texnologiyanın mərkəzində saxlaya bilməkdir".

Müdahibimiz Sİ-nin özlüyündə nə yaxşı, nə də pis olduğjnu söyləyib:

"Süni intellekti çox ağıllı bir uşağa bənzədirəm.

Ona nə öyrətsəniz, hansı məlumatlarla qidalandırsanız, hansı etik çərçivəni formalaşdırsanız, sizə onu təqdim edəcək.

Doğru məlumatlarla yetişdirilən süni intellekt bəşəriyyətə böyük faydalar verə bilər.

Yanlış məlumatlarla qidalandırılan süni intellekt isə səhvləri, qərəzləri və riskləri daha böyük miqyasda çoxalda bilər.

Məhz buna görə bu gün yalnız güclü alqoritmlər hazırlamaq kifayət deyil. Eyni zamanda güclü tənzimləmələr, etik prinsiplər, məlumat təhlükəsizliyi, kibertəhlükəsizlik və beynəlxalq nəzarət mexanizmləri də birlikdə inkişaf etdirilməlidir.

Uzun illərdir xüsusilə rəqəmsal suverenlik anlayışının əhəmiyyətini vurğulayıram.

Çünki rəqəmsal suverenlik yalnız məlumatları ölkə sərhədləri daxilində saxlamaq demək deyil.

Rəqəmsal suverenlik öz texnologiyasını inkişaf etdirə bilmək, öz böyük dil modellərini yarada bilmək, kritik rəqəmsal infrastrukturlarını təhlükəsiz şəkildə idarə edə bilmək, süni intellekt sahəsində öz insan resurslarını yetişdirə bilmək və beynəlxalq texnologiya siyasətlərində söz sahibi ola bilmək deməkdir".

Süni intellekt üzrə lider xüsusilə Türkiyə və Türk Dünyası üçün tarixi fürsət yarandığını deyib:

"Bu gün necə ki enerji dəhlizləri, nəqliyyat layihələri və müdafiə sənayesi sahələrində ortaq baxış formalaşdırılırsa, eyni yanaşmanın süni intellekt və kibertəhlükəsizlik sahəsində də həyata keçirilməli olduğuna inanıram.

Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq Süni İntellekt Strategiyası, Süni İntellekt Araşdırma Mərkəzləri, Böyük Dil Modelləri, Məlumat İdarəçiliyi Standartları, Kibertəhlükəsizlik Əməliyyat Mərkəzləri, Rəqəmsal Suverenlik Siyasətləri, Kibertəlimlər, Süni İntellekt Etik Prinsipləri kimi strateji addımların atılması təkcə regional əməkdaşlığı gücləndirməyəcək. Bu həm də Türk Dünyasını qlobal rəqəmsal iqtisadiyyatın güclü aktorlarından birinə çevirəcək.

Çünki gələcəyin rəqabəti yalnız iqtisadiyyatlar arasında deyil, ekosistemlər arasında yaşanacaq.

Təkbaşına güclü olmaq kifayət etmir.

Birlikdə inkişaf etdirə, birlikdə qoruya və birlikdə idarə edə bilən ölkələr gələcəyin qalibləri olacaqlar.

Nəticə etibarilə, Çinin təşəbbüsü ilə yaradılan süni intellekt ittifaqı dünyanın rəqəmsal dövrün yeni geosiyasətinə keçdiyinin açıq göstəricisidir".

Rəqəmsal transformasiya üzrə liderin fikrincə, qarşıdakı dövrdə yalnız hərbi və iqtisadi ittifaqlar deyil, süni intellekt ittifaqları, kibertəhlükəsizlik ittifaqları, məlumat mübadiləsi şəbəkələri və rəqəmsal suverenlik tərəfdaşlıqları da qlobal nizamın əsas sütunlarına çevriləcək:

"Türkiyənin və Türk Dünyasının vizyon ortaya qoyan, texnologiya inkişaf etdirən və beynəlxalq standartların formalaşmasına töhfə verən aktorlar sırasında yer almasının vacib olduğuna inanıram. Çünki gələcəyin güclü ölkələri texnologiya satın alan ölkələr olmayacaq. Gələcəyin liderləri texnologiyanı birlikdə inkişaf etdirən, birlikdə qoruyan, birlikdə idarə edən və insanı mərkəzə alan rəqəmsal ekosistemlər qura bilən ölkələr olacaq".