Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, beynəlxalq araşdırmalar və müxtəlif ölkələrin təcrübəsi göstərir ki, nəzarətsiz sosial media istifadəsi uşaqların fiziki, psixoloji və sosial inkişafı üçün müəyyən risklər yarada bilir. Məhz bu səbəbdən dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönəlmiş hüquqi və institusional tədbirlər gündəmə gətirilir.
Azərbaycanda da bu istiqamətdə atılan addımlar uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların təhlükəsiz rəqəmsal mühitdə böyüməsini təmin etmək məqsədi daşıyır. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanunvericilik dəyişiklikləri sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılması mexanizmlərinin tətbiqini nəzərdə tutur və uşaqların zərərli məzmun, rəqəmsal asılılıq, kibertəhdidlər və digər risklərdən müdafiəsini hədəfləyir.
Yeni tənzimləmə 16 yaşadək şəxslərin sosial şəbəkə platformalarında hesab yaratmasına məhdudiyyət qoyur, 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı əsasında qeydiyyatdan keçməsinə imkan verir. Bu yanaşma dövlətin uşaqların müdafiəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin tərkib hissəsi olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrində tətbiq olunan beynəlxalq təcrübələrlə də uzlaşır. Ekspertlərin fikrincə, əsas məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil, onların yetkinlik yaşına qədər təhlükəsiz və sağlam informasiya mühitində formalaşmasına şərait yaratmaqdır.
Elm və təhsil naziri Emin Əmrullayev, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında, "Rəqəmsal məktəb" layihəsi və təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxunub. Nazir, növbəti mərhələdə tədrisin rəqəmsallaşdırılmasına keçidin nəzərdə tutulduğunu bildirib. Lakin bu açıqlamadan bir neçə gün öncə məktəblərdə telefondan istifadə qadağan olundu. Rəqəmsal tədrisin əsas vasitəsi elektron qurğular olduğu halda, qəbul edilən iki qərar arasında yaranan ziddiyyətin necə tənzimlənəcəyi sual doğurub.
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, tədrisin rəqəmsallaşması dünyanın əksər ölkələrində təhsil siyasətində əsas hədəflərdən biridir:
“Azərbaycan da bu prosesdən kənarda qala bilməzdi. Elm və Təhsil Nazirliyinin rəqəmsallaşma istiqamətində atdığı addımlar tədrisin daha çevik, əlçatan və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət edir. Lakin reallıq ondan ibarətdir ki, ölkədəki bütün ümümtəhsil məktəbləri eyni səviyyədə texniki və infrastruktur imkanlara malik deyil. Xüsusilə bəzi rayon məktəblərində internetə çıxış imkanlarının məhdudluğu, müasir kompüterlərin və rəqəmsal təhsili dəstəkləyən texnoloji avadanlıqların çatışmazlığı problemi qalmaqdadır. Buna görə də tədrisin rəqəmsallaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilməlidir”.
Ekspertin sözlərinə görə, ilk növbədə məktəblərin texniki təminatı və müəllimlərin rəqəmsal bacarıqları gücləndirilməlidir:
“Məktəblərdə mobil telefonlardan istifadəyə qoyulan məhdudiyyətlə, tədrisin rəqəmsallaşdırılması arasında ciddi ziddiyyət yoxdur. Mobil telefonlardan istifadəyə qoyulan məhdudiyyətin əsas qayəsi, dərs zamanı şagirdlərin diqqətini yayındıran oyunların və digər qeyri-tədris fəaliyyətlərin qarşısını almaqdır. Rəqəmsal təhsil dedikdə, nəzarətli, məqsədyönlü və pedaqoji prinsiplərə əsaslandırılmış elektron resursların tədris prosesinə inteqrasiyası nəzərdə tutulur. Söhbət fərdi mobil cihazlardan deyil, birbaşa tədris məqsədlərinə xidmət edən interaktiv lövhələr, planşetlər, elektron platformalar və kompüter texnologiyalarından gedir”.
Ə.Həsənli onu da qeyd edib ki, şagirdlər yalnız xüsusi ehtiyac yarandığı təqdirdə, müəllimin nəzarəti və icazəsi əsasında şəxsi telefondan istifadə edə biləcəklər:
“Dünyanın bir çox ölkəsində məhz bu model tətbiq edilir. Yəni, əsas məsələ elektron qurğunun özü deyil, ondan necə, nə məqsədlə və hansı çərçivədə istifadə olunmasıdır. Bir sözlə, tədrisin rəqəmsallaşdırılması qaçılmaz və zəruri prosesdir. Rəqəmsal tədrisə keçidi uğurla təmin etmək üçün məktəblər arasındakı imkan fərqləri minimuma endirilməli, müəllimlərin hazırlığı gücləndirilməli və proses paralel şəkildə aparılmalıdır. Yalnız bu halda, rəqəmsallaşma təhsilin keyfiyyətini artıra və şagirdlərin müasir bacarıqlarının formalaşdırılmasına ciddi töhfə verə bilər”.