Tramp İranın "yaxşı razılaşma"ya hazır olmadığını bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ciddi iqtisadi təzyiq altında, son dərəcə çətin vəziyyətdədir, lakin Tehranda hələlik sövdələşmənin "doğru" şərtləri ilə razılaşmağa hazır deyillər.

"Report" xəbər verir ki, Amerika lideri Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərin sualını cavablandırarkən İranın, demək olar ki, maliyyə resurslarının olmadığını iddia edib, həmçinin silahlı qüvvələrin və polisin maliyyələşdirilməsi ilə bağlı problemlərinin olduğunu deyib.

"Onların pulu yoxdur, donanması yoxdur, hərbi hava qüvvələri yoxdur. Onlar öz əsgərlərinə pul ödəmirlər, polisə pul ödəmirlər. Onlarda inflyasiya 350 faizdir. Biz sadəcə hadisələrin inkişafını izləyəcəyik. Əgər blokadaya baxsanız, biz Hörmüz boğazı da daxil olmaqla, bütün regiona tam nəzarət edirik", - Tramp bildirib.

O həmçinin qeyd edib ki, İran ABŞ ilə razılaşma bağlamaq istəyərdi, lakin hələlik Tehranda "doğru sövdələşmə"yə hələ hazır deyillər.

Daha əvvəl ABŞ Vitse-prezidenti Cey Di Vens "Newsmax" telekanalına müsahibəsində bildirib ki, Vaşinqton üçün Tehranın iqtisadi təzyiq kampaniyasına nə qədər müddət tab gətirə biləcəyini proqnozlaşdırmaq çətindir.