O təhlükədən hər evdə var, amma ziyanını bilən azdırTermometr sındıqdan sonra civə evə dağılıbsa, təcili tədbirlər görülməlidir
Aparıcı Xədicə Sənanqızının sınmış termometrə görə Fövqəladə Hallar Nazirliyini "ayağa qaldırması” civə təhlükəsini gündəmə gətirib. Xədicə xanım hərarətini ölçən zaman ehtiyatsızlıqdan termometr sınıb. Bu zaman yanında olan rəfiqəsi, müğənni, Əməkdar artist Sevda Ələkbərzadə civənin ətrafa dağılmasının təhlükəli olduğunu xatırladaraq dərhal FHN-ə zəng etməyi məsləhət görüb.
FHN əməkdaşları gəlib və təhlükəni sovuşdurublar.
Amma bəlkə nə qədər insan termometr sınmasının nə dərəcədə təhlükəli olduğunu bilmir. Bəlkə bir çoxumuzun başına oxşar hadisələr gəlib, ancaq buna əhəmiyyət verməmişik. Əlimizlə civələri toplayıb, zibil qutusuna, ya da, sanitar qovşağa atmışıq. Demə, civəni zibil qutusuna, ayaqyoluna atmaq qətiyyən olmaz.
Civə təhlükəsi ilə bağlı qısa bir araşdırma aparmaq qərarına gəldik. Hər kəsin evində nə olmasa da, termometr mütləq olur. Və biz qızdırmamızın dərəcəsini ölçən bu cihazın eyni zamanda bizi ağır xəstəliklərə düçar edə biləcəyinin heç fərqinə də varmırıq. Amma təhlükə real və böyükdür.
Sinir pozğunluğu və böyrək çatışmazlığı
Civə əgər o, ətrafa dağılıbsa, necə davranmalı olduğumuz barədə FHN-in rəsmi veb-səhifəsində ətraflı məlumatlar var.
Təhlükə dərəcəsinə görə civə 1-ci - çox təhlükəli kimyəvi maddələrə aid edilir. Civə orqanizmə 2 yolla düşə bilər - həzm sistemindən və nəfəsalma sistemindən. Əgər insan civəni udubsa, (daha çox bu uşaqlarla bağlı ola bilər - red.) onu dərhal qusdurmaq və təcili yardım çağırmaq lazımdır. Digər fövqəladə hadisə isə termometrin sınmasıdır. Bundan başqa manometr, barometrlər də civə ilə işlədiyindən, bu cihazların da sınması nəticəsində ətrafa civə dağılacaq.
Sınmış termometrin içindən civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır, səpələnir. Civə çox tez buxarlanır və bu səbəbdən əgər evdə termometr sınıbsa, civə nəfəs yollarından orqanizmə daxil ola bilər. Nəticədə insan zəhərlənir. Civə zəhərlənməsi uzun müddət ərzində simptomsuz keçə bilər. İnsan əsəbilik, ürəkbulanması hiss edir, arıqlayır. Əksər hallarda insan buna fikir vermir və ya digər səbəblərlə əlaqələndirir. Lakin zəhərlənmə gizlincə insanın sinir sisteminə və böyrəklərinə yaxınlaşaraq orada ağır pozulmaların inkişafına səbəb olur. Nəzərinizə çatdıraq ki, digər ağır metallar kimi, civə insan orqanizmində yığılır və orqanizmə düşdükdə buradan çox çətin xaric olunur.
Civə adi otaq temperaturunda maye halında olan yeganə metaldır.
Onun yüksək qatılığı belə heç bir rəngə, iyə və dərhal qıcıqlandırıcı təsirə malik deyil. Buna görə də insan özü də bilmədən uzun müddət civə ilə çirklənmiş otaqda qala bilər.
Termometr sınıbsa...
Termometr sınıbsa, nə etməli? İsti otaqda civə daha tez buxarlandığından otağın temperaturu mümkün qədər azaldılmalıdır. Pəncərələri açın (lakin yelçəkən olmamalıdır), kondisioneri "soyuq” rejiminə qoşun, otaqda istilik sistemi varsa, onu da imkan daxilində söndürməyə çalışın. Bütün bunlar civənin buxarlanmasının intensivliyini azaldır. Civəni tez yığmaq lazımdır. Bunun üçün rezin əlcəkdən istifadə edin ki, civə əllərlə təmasda olmasın. Tozsorandan, süpürgədən istifadə etmək olmaz! Civənin xırda damcılarını yapışqanlı kağız - skotç və ya plastrın köməyi ilə yığmaq lazımdır. Civə tökülən yerə kimsəni buraxmaq olmaz. Çünki civə ayaqqabılara yapışaraq bütün evə yayıla bilər.
Civəni və sınmış termometrin hissələrini diqqətlə soyuq su tökülmüş bankaya yığın və bankanı kip bağlayıb soyuq yerə qoyun (məsələn, balkona). Bu halda civə buxarlanmayacaq. Civəni kanalizasiyaya tökmək, zibil qutusuna tullamaq olmaz. Civəni tam yığdıqdan sonra civə tökülən yeri yaxşı silmək lazımdır. Suya xloramin və ya tərkibində xloramin olan digər məişət vasitəsi əlavə etmək olar. Silgi kimi istifadə etdiyiniz əskini sonra tullayın.
Civə dağılmış otaqdan insanları (ilk növbədə uşaqları) təcili çıxartmaq və giriş qapısını bağlayaraq həmin otağı izolyasiya etmək, tənəffüs orqanlarını civə buxarlarından qorumaq üçün ağızı yaş tənzif vasitəsilə bağlamaq lazımdır. Dağılmış civənin üzərini isladılmış kağız qəzet, vərəq və ya yaş əski parçası ilə örtmək də olar. Bu zaman ventilyatoru işə salmaq olmaz.
Üzərinə civə dağılmış bütün əşyaları (paltar, xalça və s.) toplayaraq polietilen kisələrə dolduraraq eyvanda, qarajda və digər təhlükəsiz yerlərdə saxlamaq və Fövqəladə Hallar Nazirliyinə zəng etmək lazımdır.
Civə ətrafa dağılıbsa, onları toplamaq üçün tozsorandan istifadə etmək olmaz. Çünki, tozsoran civə hissəcikləri ilə çirklənə bilər və ya civənin əksər hissəsi tozsoranın filtri onu tutmadığı üçün aerozol formasında ətrafa yayıla bilər.
Civə dəri örtüyünü də zədələyir
Civə və onun buxarları ilə kəskin zəhərlənmənin əsas əlamətləri bir neçə saat sonra müşahidə edilir. Zəhərlənmənin əsas əlamətləri ümumi zəiflik, udlaq və ağızın selikli qişasının mis rəngində qızarması, ağızda metal dadın hiss edilməsi, qarında kəskin ağrıların olması, bədənin hərarətinin 38-390C qədər yüksəlməsi, iştahanın kəsilməsi, diş ətinin şişməsi, qızarması, qanaxması, oynaqlarda və ətraflarda ağrılar, bədəndə süstlük, fəaliyyətsizlik halları müşahidə edilir və dişlərin kötük nahiyəsində civə sulfidin tünd haşiyəsi əmələ gəlir. Qeyd olunan bu əlamətlər qorxu hissi, şiddətli baş ağrıları, udma zamanı udlaqda ağrılar, nəbzin tezləşməsi, ürək zəifliyi, əzələlərin qıcolması ilə müşayiət olunur. Civə buxarları ilə ağır kəskin zəhərlənmələr zamanı vaxtında tibbi yardım göstərilməzsə, bir neçə gündən sonra ölümlə nəticələnə bilər. Civə və onun buxarları təkcə insanın daxili orqanlarını deyil, eyni zamanda dəri örtüyünü də zədələyir. O, saç tökülməsinə, dəri hissiyyatının dəyişməsinə səbəb olur, qızılca və skarlatina xəstəliklərinə xas olan səpgilər əmələ gətirir. Əksər hallarda ağ ciyərlərin iltihabı, yuxarı tənəffüs yollarının kataral iltihabı, sinədə ağrılar, öskürək və təngnəfəslik, çox hallarda dəridə güclü göyərmə də müşahidə edilir.
Civə və onun buxarlarının təsirinə uşaq orqanizmi daha həssasdır. Çünki uşaq orqanizminin hüceyrələrinin keçiricilik qabiliyyəti daha yüksək olduğundan zəhər hüceyrələrə daxil olaraq həyati vacib orqanlara dağıdıcı təsir göstərir.
İlk tibbi yardım
Civə və onun buxarları ilə zəhərlənməyə məruz qalma əlamətləri müşahidə edildikdə dərhal təhlükəli zonanın tərk edilməsi vacibdir. Bundan sonra əgər civə orqanizmə həzm sistemi ilə daxil olubsa, onda zərərçəkmişin mədəsi əvvəlcə 20-30 qr aktivləşdirilmiş kömür qatılmış su və ya su ilə qarışdırılmış yumurta ağı ilə bolluca yuyulur və ardınca süd verilir. Düyü və ya yulaf həliminin verilməsi tövsiyə olunur. Sonda isə zərərçəkmişə işlətmə dərmanı verilməsi məsləhət görülür. Həkim gələnə qədər burun, göz və ağız boşluğu 2 faizli soda məhlulu ilə yuyulmalı, zərərçəkmişi mümkün qədər xəstəxanaya tez çatdırmaq lazımdır.
Uşaqların tərkibində civə olan əşyalarla, xüsusilə civəli termometrlərlə oynaması təhlükəlidir. Təhlükəsizliyin təminatı üçün civəli termometrlər əvəzinə, civəsiz termometrlərdən istifadə etmək məsləhətdir. Tibb mütəxəssisləri, xüsusilə də pediatorlar analara "Acura” termometrlərindən istifadəni məsləhət görür. Bu istilik ölçənlər civəsiz olduğu üçün təhlükəsizdir. Onunla rahat bir şəkildə bədənin hərarətini, hətta qulaq vasitəsilə də, ölçmək olur. Qeyd edək ki, Avropa İttifaqı civəli termometrlərdən istifadəni qadağan edib. Avropa məkanına daxil olan ölkələrdə köhnə termometrlərdən artıq istifadə edilmir.
Məlahət Rzayeva