İmpiçment prosesinin başında Trampın kürəkəni durur - SƏBƏB

Məqsəd Ağ Ev rəhbərini yenidən prezident etməkdir


ABŞ-da kimə çox hücum edirlərsə, onu dəstəkləyənlərin sayı artır



ABŞ Prezidenti Donald Tramp impiçment məsələsinə ehtiyatla yanaşdığını deyib. Prezident Konqresin Nümayəndələr Palatasında respublikaçılara bildirib ki, impiçment onu ciddi narahat edir. Trampın fikrincə, impiçment onun tərcümeyi-halında qara ləkə olacaq. Bununla yanaşı, Amerika prezidenti və onun administrasiyasının üzvləri Konqresin Nümayəndələr Palatasının bütün tərkibi səs verməyincə, impiçment proseduru çərçivəsində göndərilən sorğulara məhəl qoymayacaqlarını açıqlayıblar. Məlumat üçün bildirək ki, Konqresdə demokratlar Trampın impiçmentinin proseduru çərçivəsində araşdırmaya başlayıblar. Ümumiyyətlə, son dönəmlər ABŞ-da Trampın impiçmentini istəyənlərin sayı sürətlə artmaqdadır. Sonuncu rəy sorğusunda onun getməsini istəyənlər 45 faizi keçiblər. 

Ağ Ev rəhbərinə qarşı başladılan prosesi “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Trampa qarşı impiçment məxsusi olaraq Konqresin Nümayəndələr Palatasının Hüquq Komissiyası tərəfindən hazırlana bilər. Həmin Palata isə bütünlüklə Trampın əlindədir:

“ABŞ tarixində ilk dəfə impiçment 1868-ci ildə qaldırılıb. Daha sonra 1898-ci ildə yenidən gündəmə gəlib. Amma hər iki impiçment baş tutmayıb. Sadəcə, 1974-cü ildə Riçard Niksonla bağlı impiçment ortaya atılanda Nikson özü istefa verib. İmpiçment Amerika qanunvericiliyində həddindən artıq çətin prosedurlardan sayılır”. 



Professorun sözlərinə görə, impiçment məsələsi Donald Trampın seçki qərargahı tərəfindən yüksək səviyyədə hazırlanmış, hətta “Oskar”a layiq senaridir:

“Bu prosesin başında Trampın kürəkəni Kuşner durur. Bu, uzun müddətə hesablanmış senaridir. Məqsəd Trampı növbəti seçkidə yenidən prezident etməkdir. Tramp bütün bu oyunlardan qazanclı çıxacaq. Ağ Ev rəhbəri zaman-zaman bu məsələni ona görə gündəmə gətirir ki, ABŞ-ın daxili siyasətində diqqət mərkəzində olsun. Tramp qalmaqallı da olsa, seçicilərin yaddaşında qalmağı bacarır. Amerikada seçki sistemi fərqlidir. Həm də insanlarda belə bir psixologiya var. Kimə daha çox hücum edirlərsə, onu dəstəkləyənlərin sayı artır. Ona görə də bu məsələnin Trampın istefasına və impiçmentinə gətirib çıxaracağı inandırıcı deyil. 

C.Nuriyevin fikrincə, impiçment üçün ortada ciddi məlumat, konkret dəlil-sübut yoxdur:

“Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığını əks etdirən audio-yazı da mövcud deyil. Ümumiyyətlə, Niksonun vaxtından sonra Amerikada prezidentlərin danışıqları müəyyən şəxslər tərəfindən sadəcə yazılı qeyd olunur, səs yazılmır. Əsas məsələ bu qeydiyyatı kimlərin necə aparmasıdır. Elə problem də bu qeyri-müəyyənliklə bağlıdır. Trampın impiçmentini istəyənlərin hansı qarantiyası var ki, Zelenskinin kabinetində telefon danışığı yazılmayıb?! Hələ ki, Ukrayna bu məsələni gündəmə gətirmir. Amma Zelenski çox narahatdır. Görünür, təcrübəsiz olduğu üçün belə bir provokasiya ilə üzləşib. Tramp Zelenskini təxribata çəkib. Bununla həm Kiyevin Avropa ölkələri ilə münasibətlərini korlayıb, həm də Ukrayna rəhbərliyini bir növ Rusiya tərəfə itələyib”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu