Aynur Qəzənfərqızı,
filologiya üzrə fəlsəfə doktoru
Onun adını ilk dəfə Əli Şamildən eşitmişəm. Əli müəllim Türkiyədən bir kitab gətirmişdi. Kitabı mənə verib “apar bunu Vurğun müəllimə çatdır” dedi. Əli müəllimi yaxından tanıyırdım. Davranışlarını, səs tonunu təhlil edə bilirdim. “Vurğun” sözünü o qədər qürur hissi ilə və atanın evladını əzizlədiyi mehribanlığı ilə ifadə etdi ki, “Kimdir Vurğun müəllim?” deyə soruşmuşdum. “Sənin kimi alimi Araz aşağı axıdım, Araz yuxarı axtarım” dedi Əli müəllim. Əli müəllim bu ifadəni işlətmişdisə, deməli, mən ciddi anlamda böyük bir səhv buraxmışdım, odur ki, dərhal Google-da Vurğun Əyyub adını axtarışa verdim. Haqqında birdən çox dəyərli məlumat var idi... Ancaq TQDK-nın ilk sədri, test üsulunu Azərbaycana ilk gətirən məlumatlarını oxuyub özümdən utandım.
Vurğun müəllimin başçılıq etdiyi təşkilat mən və mənim kimi milyonlarla kasıb gəncin universitet oxumasına səbəb olmuş, gənc nəslin savadlanmasında böyük rol oynamışdır. Bir sözlə, o bizim hamımızın atası idi. Google-dan aldığım məlumatlardan sonra kitabı götürüb Neftçilər metrosunda görüşməyə getdim. Nə yalan deyim, çox həyəcanlı idim. Təxminən 2-nin yarısında görüş təyin etmişdik. Tam 13:30-da mən qatardan düşərkən o da pillərəkanları enirdi. Dəqiqliyinə heyran qalmışdım. Kitabı verərkən özümü tuta bilmədim, əlindən möhkəm tutub “Sizə təşəkkür edirəm, axı sizin sayənizdə mən də bu gün ədalətli şəkildə seçimi qazanıb oxuduğum universitetlərdən məzun olmuşam”. Vurğun müəllimin çöhrəsinə xəfif bir utancaqlıq qondu. Dodaqları xəfif gülümsədi, sanki məni indi birinci dəfə görürmüş, bayaqdan kitabı alarkən sorğu-suala tutduğu qız deyildim. “Sən ki, bunu anlayır, qiymətləndirirsən, mən sənə çox təşəkkür edirəm” dedi. Açığı mən özüm də çox həyəcanlı idim. Səbəbini bilmirəm, ama bu insanın qarşısında sanki imtahan verirmiş kimi hiss edirdim. Ona qarşı heyranlıq duyğumu ifadə etməklə də guya ki, böyük bir qəhrəmanlıq etmiş kimi qəribə duyğular içərisində işə qayıtdım...
Vurğun Əyyub müəllim işləyərkən Sabirabad rayon mədəniyyət evində hazırladığı tamaşada.
Tamaşanın kollektivi
Onunla ikinci görüşümüz Xəzər Universitetinin keçirdiyi “21-ci əsrin pəncərəsindən Mədəniyyət və Kimlik Beynəlxalq Simpoziumun”da oldu. Simpoziuma qonaq kimi getmişdim. Məruzə oxumasam da, verdiyim suallar diqqətini çəkmişdi. Yaxınlaşdı və “Deyəsən, Əli müəllim öz kadrlarını çox yorur” dedi. Mən gülümsəyərək, “Ağanın işi nökərini yormaq, nökərin vəzifəsi də ağasının onu yormasını boşa çıxarmamaqdır” dedim. Üzümə uzun və diqqətli baxdı, başını buladı və getdi. O gecə müəllimə Facebookdan istək yolladım. On beş dəqiqə içində istəyim qəbul edildi. Vurğun müəllim ilə çox maraqlı “çatlaşma”larımız başladı. Bəzilərini dəyərli oxucularımızla paylaşmaq istəyirəm.
Söhbətimiz mənim müdafiəmin nə vaxt olacağını soruşması ilə başladı. Mən də dissertasiyamı yazmağıma və elmi rəhbərimə il yarımdır təhvil verməyimə baxmayaraq bir geri dönüş olmamasından şikayətlənmişəm. Ürəyim o qədər dolu imiş ki, Vurğun müəllimə yükləməyə çalışmışam. Necə də anlayışsızlıq etmişəm...
Növbəti söhbətimiz isə mənim TVdəki çıxışıma olan münasibəti ilə başlayır. Folklor İnstitutuna yeni işə başladığım vaxt qəribə bir şəkildə telekanallardan mənə Novruz bayramı, Milli döyüş sənəti, Aşbazlıq sənəti, Milli geyim mövzularında müsahibə verməyim üçün təkliflər gəlmiş və bu təklifləri məmnuniyyətlə qəbul etmişdim. İşə başladığım heç altı ay belə olmadığı halda bu təkliflərin mənə gəlməsi və mənim qəbul edib çıxış etməyim bir çox folklorşünas, ədəbiyyatçı alimləri qəzəbləndirib mənə nifrət etmələrinə səbəb olsa da, Vurğun müəllim təbrik edir, çox sevindiyini deyir, bəzi nöqsanlarım ilə bağlı məsləhətlər edir... bir sözlə, yenə böyüklüyünü göstərir... Mən ona “tənqidləriniz yerində və haqlıdır” yazanda isə qarşılığında “Möhkəm ol, tənqidə də özünü çox alışdırma!” deyir. İlahi! Nə gözəl məsləhət verir. Necə dəyərli sözdür. Bu məsləhət mənim bütün müəllimlik fəaliyyətim boyunca qulağımda sırğa etdiyim bir şüara çevrilmişdir. Necə şanslıyam bu məsləhəti belə dəyərli bir ziyalıdan almağıma...
Bir dəfə qırğız papaqları haqqında bir məlumat paylaşmışdı. Paylaşımın altında rəy yazanda Vurğun müəllimin adını Əyyub şəklində yazmışam. İnboxda məni məhkəməyə verəcəyini deyib “Mən bir türk olaraq ərəb adı daşımram! Əyyub mənim soyadımdır” xəbərdarlığını etmişdi. Yəni yenə böyüklüyünü göstərmişdi. Onun yerində başqa birisi olsa, elə rəyin altındaca məni tənqid edər, hər kəsin içində üzr istətdirərdi. Vurğun Əyyub böyüklüyü bir az da belə incəliklərdə gizlənirdi...
Yenə qızqaçırma ilə bağlı bir müsahibəm mətbuatda bir qədər geniş yayılmışdı. Başlıq ilə yazının mətni eyni deyildi. Bəzi böyüklərimiz sadəcə başlığı oxuyaraq məni qınasalar da, Vurğun müəllim yenə böyüklüyünü göstərərək məqaləni axıracan oxuduğunu, gözəl müsahibə alındığını yazıb məni təbrik etdi.
Məmməd Arazın bir şeirini təhlil etmişdi və bu mətbuatda yayımlanmışdı. Vurğun müəllim məqaləni oxumağımı tapşırdı. Tapdım oxudum. Elə həmin axşam məqalə haqqında fikrimi soruşdu. Utanmışdım yaman. “Mən kiməm ki, sizin yazınıza rəy bildirim” demişdim. Mənə yazdığı cavab yenə məna dolu idi: “Bir də belə yazsan, gözümdən düşərsən. Necə yəni kiməm? Aynur Qəzənfər qızısan, ayrım-yerazsan, ədəbiyyatçısan, ən nəhayətində fikirini bildirməyə haqqı olan insansan”. Susub fikrimi bildirmişdim. Daha doğrusu, bir az tənqid etmişdim. Dialoqumuzu olduğu kimi əlavə edirəm məqaləyə:
Mən:
Vurğun Əyyub 28 may bayramını son dəfə qeyd edərkən
Lirikada şeirin lirik qəhrəmanı ilə şair şəxsiyyəti həmişə olmasa da, çox zaman eyniyyət təşkil edir. Yazdığı şeirdən şairin obrazı boylanır, oxucu həmin şeirin misralarından şair-qəhrəmanını öyrənib tanıyır. Ən birinci bu fikrinizlə razilasmayacam. Bunu deməliyem, cunki illerdir bu fəlsəfə ilə Vaqifi, Axundovu bizə "siriyiblar" məncə.
Vurğun müəllim:
Mən də bununla razılaşmayacam. Bu ədəbiyyatşünaslıqda sübut olunmuş məsələdir! Sonra?
Mən:
Vurğun muəllim, ədəbiyyatşünaslıqda isbat olunmuş bir çox məsələlər hələ hökm deyil məncə... elə ədəbiyyatın da dəqiq fənlərdən fərqi bu deyilmi?
Vurğun müəllim:
Ədəbiyyatşünaslıqda ən üsyankar adamlardan biriyəm, amma bu yerdə sənin şübhənin əsası yoxdur. Mən deyənə inan, yoxsa səhv yola gedərsən.
Mən:
Doğrusu, ədəbiyyat mənim yolum deyil (çünki mənim yolum folklorşünaslıqdır), ama nə yalan deyim, Vaqif kimi Çarı sevən birisinin şeirini oxuyub, Axundov kimi (gələcəyi düşünmədən, Avropa sevdalısı olub, onların təsiri ilə Türklərin parçalanmasında birinci rolu olan əlifba dəyişimini bu qədər dəstəkləyən ziyalımızın) birisinin dramını oxuyub onun şəxsiyyətini müəyyənləşdirəndə bir az çelişki alınır.
Hə də, lirik şeirdə adam özünü gizlədə bilmir. Hə, sən lirik qəhrəman məsələsi ilə şair şəxsiyyətini qarışdırırsan, dostum!
Mən:
Mən ilk dəfədir sizin yazınızı oxudum, amma mənə elə gəldi ki illərdir yazısını korrektə etdiyim birisinə aiddir. Axıcı, rəvan, oxunaqlı.
Belinski deyirdi ki, tənqidçinin işi yazarınkından daha çətindir, çünki tənqidçi yazarin əsərində heç özünün də bilmədiklərini bilməlidir. Məncə bu şeirin təhlilində də siz, bax, o Belinskinin tənqidçisi kimisiniz. Bəlkə də heç M.Arazın belə görmədiklərini görüb təhlil etmisiniz. O qədər çox şey kəşf eləmisiniz ki, “uy da bu da bu şeirdə imiş” dedim öz-özümə.
Vurğun müəllim:
Sən heç görmüşdün ki, 16 misralıq bir şeir haqqında 14 min işarəlik yazı olsun?
Mən:
Ürək dolu olanda və gorunməzləri gormək qabiliyyəti olanda belə olurmuş demək. Bu arada bu seiri ikinci dəfə oxutdunuz mənə, əvvəl də oxumuşdum...
...Bəli, mən hədsizcə Vurğun müəllimi tənqid edirdim, o, qosqoca Vurğun müəllim isə mənim tənqidimi saya salmaqla qalmır, ona “özünümdüafiə” şəklində cavab da yazırdı. Halbuki mən Folklor İnstitutunda folklorşünaslığa yenicə addım atmış doktorant idim. Mənə cəsarət yükləyib onu tənqid etməyimi tələb edib daha sonra səbr təmkin ilə cavab yazırdı. Mətbuatdan, Facebook profilindən çılğın, doğru bildiyindən geri durmayan, prinsipial, sözü üzə deməkdən çəkinməyən biri kimi tanıdığım Vurğun müəllim eyni zamanda səbrli, ağıllı, stratejik pedaqoq kimi məndə özüməinam, güvən yaratmağa çalışırdı. Halbuki həmin ərəfədə “məni bir qaşıq suda boğa biləcəyini”, “getsin evində bozbaş bişirsin, amma alim olmasın” deyən bəzi alim iş yoldaşlarım qol-qanadımı qırmağa çalışır, məni çıxdığım yoldan vaz keçirməyə cəhd edirdilər. Vurğun müəllim də sanki bunları eşidib bilirmişcəsinə inadına məqaləmi oxuyub bəyəndiyini, fikirlərimin çox dəyərli olduğunu yazır məni ürəkləndirir, işimə dördəlli yapışmağıma səbəb olurdu. Özünün də dediyi kimi, o, pedaqogikanı öyrənib müəllim olmamışdı, onun saçının hər telindən, ayaq dırnağınacan müəllimlik axırdı. Vurğun müəllim sadəcə auditoriyada tələbələrinə müəllimlik etmirdi. Sadəcə oxuduğu mühazirələrlə yox, davranışları, məsləhətləri, tövsiyyələri, danlaması ilə də bu missiyanı yerinə yetirirdi.
Vurğun müəllimi digərlərindən fərqləndirən cəhətlərdən biri də insanları doğru yolda olmağa, dürüstlüyə səsləməsi idi. Əgər bir insan haqqına danışıbsa, mütləq bunu yüksək qiymətləndirərdi. Bir dəfə Kayseridə təşkil edilən bir simpoziuma qatılarkən, avtobusla uzun yolculuğumuz vardı. Sıxılmayaq deyə Aqil Abbasın “Dolu” filmini izləyirdik. Bu zaman millət vəkillərimizdən birisi Elçibəy hakimiyyətini pisləməyə çalışdığı vaxt bilərək ya da bilməyərək təhrifə yol verdi. Dözməyib kəskin etiraz etdim. Həmin vaxt bu söhbət Vurğun müəllimə qədər gəlib çatmışdı. Bu mövzuda mənə yazdığı cümlə eynən belədir: “Bax, dinlə! İnsan dəyər sahibi olmalıdır. Məncə, ləyaqət çox böyük dəyərdir. Ləyaqəti olmayanlardan hər şey gözləmək olar. Dili acını da, qorxağı da, hansı məqamdasa satqınlıq edəni də (yəni yoldaşlıq münasibətində) bağışlamaq olar. Ləyaqətini itirmiş adamları yox. Çünki onlar təhlükəlidir.
Vətəninə, millətinə satqınlıq ağır günahdır, cinayətdir. Mən şəxsi münasibətlərdə əlacsız qalıb onu yapanları bağışlaya bilərəm. Amma vətənə dil uzadanları heç vaxt bağışlamaram. Sən də bağışlama, düz eləmisən”. İki-üç cümlədə vətən sevgisinin nə olduğunu, vətənin necə sevilməli olduğunu aşıladı.
Bir gün bir mübahisə əsasında sufiliyi idrak edə bilmədiyimi anlamışdım. Söhbəti sufilikdən saldıq. İki üç lətifə danışdı və mənim sufilik barədə beynimdə həll edə bilmədiklərim aydın oldu: “Bir gün Bəktaşi dərvişi məsciddə şərab içirmiş. Yoldan keçən deyir ki, tfu sənə. Dərviş qayıdır ki, əlimdə vacib işim olmasaydı, sənə göstərərdim, Allahın evinə tüpürmək necə olur.
Bir Bəktaşi dərvişi kirin-pasağın içində gəzirmiş. Soruşurlar ki, sarığını niyə yumursan? Deyir ki, eeee, yenə kirlənməyəcək? Deyirlər ki, yenə yuyarsan. Deyir ki, eeee, yenə kirlənməyəcək? Deyirlər ki, yenə yuyarsan. Qayıdır ki, yahu, mən bu dünyaya sarıq yumaq üçünmü gəldim?”. Lətifələri danışdı ancaq mən anlamadığımı ifadə etdikdə “Hər nə ki var aləmdə, Örnəyi var adəmdə.” cümləsini də söyləyib “Sufi dərvişləri belə ziddiyyətli xarakterə malik olublar!” yazdığında, “bəs bu ziddiyyət başqalarını narahat etdikdə niyə vaz keçməyiblər?” sualını verib cavabında “Sufi dünyanı vecinə alıb ki? Sufidən soruşublar ki, Allah-təala niyə bu dünyanı dərəli-təpəli, bataqlı-bulaqlı yaradıb? Qayıdıb ki, 6 günə yaradılan elə belə olar da!”Mən dözməyib “oxuduğum sufilik ilə sizin izah etməyə çalışdığınız sufilik fərqlidir axı” dediyimdə isə “ Sufi cərəyanları, təriqətləri çoxdur. Bəzi sufilər, məsələn, təmizliyə böyük önəm veriblər ki, Allah sevgisinin yurd saldığı bədən təmiz olmalıdır. Bəzi sufilər, hətta adi yarpağa belə sonsuz sevgi ilə yanaşıblar ki, Allahın təcəllasıdır.” Vurğun müəllim fikrini yazaraq məni ən sadə dildə sufizm ziddiyyət və fəlsəfəsini idrak etməyə vadar etdi. Məhz bu söhbətdən sonra mən sufizm haqqında oxuduqlarımı qismən də olsa idrak etməyə başlamışdım.
Vurğun müəllimin qeyri-adiliyini anamla olan münasibətində də gördüm. Anam Vurğun müəllimin millət vəkilliyinə namizədliyini verdiyi seçki məntəqəsində sədr idi. Seçki zamanı savaşmışdılar. Mənim xəngəlimin mədhini də hardansa eşidib bir gün mənə “xəngəl bişir, gələk yeyək, ayrım balası” dedi. Məmnuniyyətlə qəbul etdim. Anam gələcək qonağın Vurğun Əyyub olduğunu eşidəndə dəvət etmək istəmədi. Vurğun müəllim də təkidlə xəngəl qonaqlığını istədiyini dedikdə, utana-utana vəziyyəti dedim. Anamın kim olduğunu öyrəndikdən sonra artıq mənimlə də əlaqəni kəsəcəyini, bizə də gəlmək istəmyəcəyini düşündüm. Amma verdiyi cavab möhtəşəm idi: “Ayrım balası, sən xəngəlini bişir məni çağır. Anan məni qapıdan qovası deyil ki” dedi. Şaşırıb qalmışdım. “Niyə” sualımın cavabında “Anan sevməsin qoy heç. İstədiyi qədər məntəqə sədri olsun. Mən ondan acığımı almışam, qızı məni çox istəyir, gələcəkdə özü kimi tələbələr yetişdirəcək. Onun yox, mənim istədiyim olacaq. Sən xəngəlini bişir, məni görsün lap “sevinsin” mən də xoşhal olum”. Qeyd edim ki, xəngəl qonaqlığı zamanı nəinki sadəcə atam, hətta anam da Vurğun müəllimə heyran olmuşdular.
Vurğun müəllim ilə söhbətlərimiz əsasən şirin deyişmələr, sataşmalar şəklində keçərdi. O mənə ayrımlığım ilə sataşar, mən də ona “qocalığı” ilə cavab qaytarardım. Çox tez-tez də şeir sətirləri ilə məni “bağlayar”dı. Məni rəhbərlik etdiyi departamentə işə götürənə qədər bu cür xoş söhbətlərimiz davam edərdi. Departament rəhbərim olduqdan sonra isə artıq müdürüm kimi ciddiyyətini qoruyur, ama hələ də şəfqətini üstümdən əskik etmirdi. Dörd il dostluğu ilə müəllimlik etdi, daha sonra bir il yarım yanında müdür – müəllimlik “kursu” aldım. Qorxusuz, prinsipial, çılğın, tələbəsini çox sevən, onlara haqlarını hüquqlarını xatırladıb özlərini əzdirməməyi öyrədən yücə insan! Hələ öyrənməli çox şey vardı Sizdən... Keşkələr sıralanır boğazımda. Sizi hər xatırladıqca ürəyimin lap dərinliyində bir ağrı, bir yara boylanır. Həyatınızı verdiyiniz ölkənizdə sevgi, sayğı ilə anıldığınız müddətcə var olacaqsınız!
P.S. Bir dəfə Çeçenistanda qumuqlar ilə bağlı bir sempozyuma qatılmaq üçün Azal təyyarəsi ilə Minvoda, ordan da Çeçenistana keçəcəkdim. Azal stüardessalarının səliqəli, zövqlü geyimi, nəhəng, gözəl dizayn edilmiş təyyarənin içində bir anlıq Çeçenistan sözünün qarşısında RF yazıldığı gəldi ağlıma. Rus dilinin məcburiyyəti, rus hökmranlığının hələ də davam etməsi məni ürpərtdi. Müstəqil Azərbaycan Respublikasının aviaşirkəti olan Azalın təyyarəsi ilə uçmaqdan daha qürurverici nə ola bilərdi ki həmin anda?! Etina ilə guya elitliklərini isbat etmək üçün rusca danışan stüardessalara “biz bu azadlığı, rus buxovundan qurtuluşu asanlıqla əldə etmədik. Çox canlar verdik, çox həyatlar aldıq. Dillərini həvəslə danışdığınız ruslar əsrlərcə qanımızı axıtdı, qopun artıq onların köləliyindən, çeçen və bütün Rusyadaki muxtar respublika vətəndaşlarından ibrət alın bari” dedimsə də, stüardessalar mənə çıldırmış kimi baxdılar, başlarını buladılar və getdilər. Təbii ki rusca danışmağa da davam etdilər. Mən isə həmin vaxt bütün Milli Azadlıq Hərəkatı üzvlərinə və Azərbaycanın bütövlüyü və bərabərliyi üçün çalışmış hər kəsə minnət duyğusu içərisində gözlərimi yummuşdum.
Öldüyü üçün bir çoxlarımız Vurğun müəllimə sevgisini bildirdiyi zaman, “sonuncu aydınımız da getdi” rəylərinə inad o hərəkatın bütün qazilərinə, aydınlarına, ruhu, canı bahasına vətəninə durmadan usanmadan xidmət edən gerçək aydınlarına təşəkkür edir, zəhmətlərinin boşa çıxmamasını diləyirəm...
Çin, Hebei vilayəti, Şijiazhuang şəhəri,
Hebei Foreigin Study Universiteti
30.10.2019