Şagirdin 11 illik zəhməti niyə koronavirusa qurban getməlidir? - Təhsil mütəxəssisi Məleykə Abbaszadə ilə razılaşmır  


 Nəhayət, buraxılış imtahanlarının vaxtı və şərtləri açıqlandı. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə məsələlərə aydınlıq gətirdi və deməliyik ki, tətbiq olunan qaydalar heç də “4-4-lük” sayıla bilməz.



 Bu mənada ki, bəzi qaydalar 11 il təhsil almış və gələcəyə ümid bəsləyərək buraxılış və qəbul imtahanlarına hazırlaşan şagirdlər üçün əsl baryer rolunu oynayır. Qaydalara baxaq; M.Abbaszadə bildirdi ki, imtahanlara gələnlər ailə üzvləri arasında son 15 gün ərzində koronavirusun olmaması barədə bəyannamə imzalamalıdırlar. Əgər ailəsində koronavirusa yoluxma halı olan şəxs olarsa, onlar iyunda keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcəklər:



"Onlar sentyabrda imtahan verərək attestat ala biləcəklər, amma ali məktəblərə qəbul olmaq üçün bu il imtahan verə bilməyəcəklər. Belə hal ilk dəfə baş vermir. Əvvəlki illərdə də suçiçəyi, qızılca kimi xəstəliyi olanlar imtahanlara buraxılmayıblar. Biz insanların təhlükəsizliyini qorumalıyıq və bu, daha vacibdir".
 Həmçinin M. Abbaszadə imtahan günü qızdırması olan şagirdlərin də imtahan keçirilən binalara buraxılmayacağını bildirib. Deməli, 11 illik zəhmət koronavirusa qurban gedir?! Amma virus bəlasını şagirdlər gətirməyib. Yeni növ koronavirus dünyəvi fəlakətdir. Hansısa ölkədən yayılmış virus Azərbaycan uşaqlarının gələcək taleyini niyə dəyişməlidir? Bu suala mütəxəssis cavabını alacağıq. Amma imtahanlarla bağlı başqa dəyişikləri də xatırladaq;  imtahan test tapşırıqlarından  mart ayından etibarən olan mövzuılar çıxarılıb, açıq tipli sualların sayında əhəmiyyətli azalma edilib, test tapşırıqları sadələşdirilib. 

 Təhsil məsələləri üzrə mütəxəssis, fəlsəfə doktoru Rafiq İsmayılov “Şərq”ə açıqlamasında buraxılış və qəbul imtahanlarının hər bir şagirdin həyatında taleyüklü məsələ olduğunu dedi və yeniyetmələrin koronavirus səbəbiylə imtahanlara buraxılmaması və qəbul imtahanlarında iştirakdan məhrum edilməsinin düzgün qərar olmadığını bildirdi: 



- Hamımıza məlumdur ki, buraxılış imtahanları da, qəbul imtahanları da yeniyetmənin həyatının ən əhəmiyyətli mərhələsidir, taleyüklü məsələdir. Necə ola bilər ki, uşaq 11 il təhsil alsın, sonda isə koronavirusa görə həyatı alt-üst olsun?!. Məncə, koronavirusa yoluxmuş ailə üzvləri olan uşaqların, eləcə də imtahan günü qızdırması olanların imtahanlardan kənar saxlanması doğru qərar deyil. Belə uşaqlar üçün mütləq xüsusi şərait yaradılmalıdır. Hesab etmirəm ki, belə uşaqların sayı çox olsun. Neçə nəfər olacaqsa, onlara mütləq imkan verilməlidir ki, imtahanlarda iştirak etsinlər. Bunun hansısa formasını tapmaq mümkündü. Mümkünsüz heç nə yoxdu. Mümkündürsə, o uşaqlar onlayn qaydada, təcrid olunmuş şəkildə imtahan versinlər. Xüsusi sinif otaqları, auditoriya da ayırmaq olar,  3-5 nəfər, müəyyən zaman fasiləsi ilə imtahana cəlb etmək mümkündü. Bu virusu uşaqlar gətirməyib, kimsə bilə-bilə özünü yoluxdurmayıb, bu, ümumi bir bəladır. Gərək balalarımız bundan əziyyət çəkməsin. Onsuz da gərgin vəziyyətdir, uşaqlar da, valideynləri də stress içindədir, bir tərəfdən də bu şəkildə qadağa qoymaq, insanların gərilmiş əsəblərini daha da gərginləşdirəcək. Hesab edirəm ki, DİM bu qərarını yenidən gözdən keçirsə yaxşıdır. 

Mart ayından etibarən keçilən tədris proqramına aid mövzuların imtahan suallarına salınmaması isə ekspertin fikrincə, doğru qərardır: 

- Baxmayaraq ki məllimlər bütün mövzuları onlayn qaydada tədris edirlər, həmin mövzuların imtahan test tapşırıqlarına salınmaması yaxşı haldır. Kimsə düşünə bilər ki, imtahanlara salınmayacaqdısa, niyə həmin dərslər keçilirdi? Birincisi, müəllim öz vəzifəsini yerinə yetirib, ikincisi də, biliklər yalnız imtahan üçün verilmir. Şagird hər bir halda təhsilini tamamlamalıdı. Həqiqətən də müəllimlər üçün onlayn dərslər keçmək çətin idi – sırf internet imkanlarının zəif olması səbəbindən. Hesab edirəm ki, koronavirus ölkədə internet resursların zəif olduğunu göstərdi və bu məsələ də mütləq həllinin tapmalıdı. Mən özüm də onlayn qaydada çalışmışam və internetin necə bərbad olduğunu müşahidə etmişəm.  

Qəbul imtahanlarının vaxtının açıqlanmamasının da R.İsmayılov virus təhlükəsi ilə əlaqəli olduğunu dedi:
 
-  Heç kim proqnoz verə bilməz ki, koronavirus təhlükəsi nə zaman bitəcək. Sentyabr ayında da təhlükənin mövcud olacağı qənaətləri var. Ona görə də indidən qəbul imtahanlarının vaxtını müəyyənləşdirmək çətindir. Həm də gərək buraxılış imtahanları bitsin, nəticələr bilinsin, nə qədər abituriyentin qəbul imtahanlarında iştirak edəcəyi müəyyənləşsin ki, imtahanların vaxtı da dəqiqləşsin. Təəssf ki, qəbul imtahanlarının onlayn qaydada keçirilməsini təmin edəcək proqram təminatı yoxdur. Olsaydı, bütün abituriyentlər imtahanlarda iştirak şansı qazanardılar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu