Aİ-Fransa-Çin üçbucağ: Qərb Pekinlə razılaşmağa çalışır

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq.
Avropa Komissiyası mətbuat xidmətindən verilən məlumata görə mayın 6-da Parisdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə üçtərəfli görüş baş tutacaq.

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlaması zamanı bildirib ki, görüşdə Çinlə Qərb ölkələri arasında ticarət və investisiya mövzular müzakirə oluna bilər:
"Çin hazırda dünyanın qlobal güc mərkəzlərindən biridir. Rusiya-Ukrayna müharibəsi fonunda Çinin geopolitik əhəmiyyəti bir qədər də yüksəlib. Çin hazırda iqtisadi sahədə dünyaya meydan oxuyan bir ölkədir. Ona görə də Çinin iqtisadi gücü, onun hegemonluğu Qərbi narahat edir. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb Ukraynanı, Çin isə Rusiyanı dəstəkləyir. Rəsmi Pekin Rusiyanın müharibədə məğlub olmaması üçün çalışır. Çünki Rusiyanın müharibədə olası məğlubiyyəti növbəti mərhələdə Çini açıq hədəf halına gətirə bilər".

 Analitik əlavə edib ki, Qərb bütün bunlara baxmayaraq Pekinlə razılaşmağa çalışır:
"Çin Qərblə Rusiyaya siyasi dəstəyin azaldılması barədə hər hansısa bir formada razılığa gəlsə, bu Ukranyada gedən müharibəyə köklü sürətdə təsir edə bilər. Qərbin Ukranyaya istər siyasi, istər hərbi, istərsə də maliyyə yardımları onun sonuna qədər Kiyevə dəstək olacağını göstərir. Düşünürəm ki, görüşdə Çinə Rusiyaya siyasi dəstəyin azaldılması üçün müəyyən şirnikləndirici təkliflər, ona qarşı tətbiq olunan məhdudiyyətlərin azaldılması ilə bağlı vədlər veriləcək.