II Qlobal Media Forumun iştirakçıları dezinformasiyanın təsirlərini müzakirə ediblər

Şuşada II Qlobal Media Forumu çərçivəsində panel müzakirələri başlayıb.

“Report”un Şuşaya ezam edilən müxbirinin verdiyi xəbərə görə, ilk panelin mövzusu “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” olub.

Paneldə moderatorluq edən “TRT World” baş prodüsseri Gida Fəxrinin (Ghida Fakhry) sözlərinə görə, bəzən elə olur ki, dezinformasiya yayan mətbuat orqanı hakimiyyətin siyasətinin qurbanı olur:

“Dezinformasiya yayanlar auditoriyanın marağını nəzərə almır. “Feyk nyus” yeni bir şey deyil, əvvəllər bunu təbliğat adlandırırdıq. Hazırda saxta xəbərlər geniş yayılıb. Bunun nəticəsi olaraq insanların həqiqi məlumatlardan xəbərləri olmur. Əvvəlki nəsillər hazırkı alqoritmlərlə qarşılaşmayıblar. İndiki vəzifə əvvəlki status-kvonun bərpasıdır”.

“TRT World”ün aparıcısı və müxbiri Cəfər Hasnin (Jaffar Hasnain) çıxışında vurğulayıb ki, 44 günlük müharibə zamanı bir çox beynəlxalq medianın xəbərləri elə təəssürat yaradırdı ki, guya Azərbaycan Ermənistanı işğal edib:

“Amma sadə araşdırma göstərdi ki, hər şey əksinədir. Türkiyədə olan zəlzələ zamanı da çoxlu sayda yalan məlumatların yayıldığını gördüm. Yalan xəbərlər xilasedici işlərin aparılmasına mane olub”.

TASS İnformasiya Agentliyinin baş direktorun birinci müavini Mixail Qusman vurğulayıb ki, dezinformasiya müharibələrin bir hissəsidir və hər zaman olub.

“Peşəkarlar feyk xəbərlərin mahiyyətini anlamalıdırlar. Dezinformasiya bəzən savadsızlıqdan, məlumatsızlıqdan olur. Həqiqi dezinformasiya bir dövlətin digərinə qarşı informasiya silahıdır. Dezinformasiya yeni texnologiyaların sayəsində daha güclü silaha çevrilib”.