Paolo von Şirak: Şuşa Forumu kimi tədbirlər dezinformasiyayla mübarizədə mühüm rol oynayır

Bu gün texnologiyanın inkişafı ilə genişlənən dezinformasiya hallarını COVID-19 virusuna bənzətmək olar.

Bunu ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti Paolo von Şirak jurnalistlərə açıqlamasında bildirib.

Paolo von Şirak deyib ki, bu kontekstdə Şuşa Qlobal Media Forumunun keçirilməsi xüsusilə dezinformasiya mühitində çox vacibdir: “Çünki dezinformasiya bir epidemiyadır. Biz bu forumlar vasitəsilə dezinformasiya adlı düşmənlə mübarizə yolları barədə fikir mübadiləsi aparırıq. Çox təəssüf ki, dezinformasiyanın yayılması üçün saxta foto-video materiallardan istifadə olunur. Hesab edirəm ki, bununla effektiv mübarizə üçün qanunlar sərtləşdirilməlidir. Xüsusilə süni intellektin geniş yayılması dezinformasiya hallarını da artırıb. Süni intellekt bir çox sahələrdə xərclərin azaldılması məqsədilə inkişaf etdirilir, amma eyni zamanda bu faktor saxta məlumatların yayılmasını da təşviq edir. Saxta məlumatlar medianın xərçəng xəstəliyidir. Mən isə bunu həm də COVID-19 virusuna bənzədirəm. Mən hesab edirəm ki, Azərbaycan hökuməti bu forumu çox mükəmməl təşkil edib. Bu cür tədbirlər dezinformasiya ilə mübarizə üçün yeni alətlərin tapılmasında mühüm rol oynayır. Hesab edirəm ki, ona qalib gəlmək üçün qanunlar sərtləşdirilməlidir".