Ana dilinə diqqətin artırılması yalnız cərimə və xəbərdarlıqlarla həll ediləcək məsələ deyil
““Baş tutmaq” və “keçirilmək” sözlərinin fərqini anlamayan şəxslər TV-yə rəhbərlik edirsə, vəziyyət çox ağırdır”
"Ölkə başçısının da qeyd etdiyi kimi dilimizdə əcnəbi sözlərin çoxluğu ilə bağlı məsələlər mövcuddur".
Bunu Audiovizual Şurasının sədri İsmət Səttarov parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu gün əcnəbi sözlərin reklam çarxlarından çıxarılması ilə bağlı mühüm addımlar atılıb: “Bununla bağlı qanunvericiliyə uyğun işlər görülüb. Bu sahədə dilin normalarına ciddi riayət edilir. Amma televiziya verilişlərində bu vəziyyət o qədər də ürəkaçan deyil”.
Şura sədri bildirib ki, televiziyalarda əcnəbi dillə bağlı monitorinqlər aparılır: “Süni intellekt proqramı sayəsində 40-a yaxın əcnəbi sözlərin monitorinqi aparılıb. Məsələn, “ok” sözündən gün ərzində telekanallarda aparıcılar kifayət qədər istifadə edir. Ona görə də, biz bununla bağlı kanallara xəbərdarlıq göndərəcəyik. Bununla bağlı cərimələr da var. Biz mediamızı cərimələmək istəməsək də, bundan başqa çıxış yolu qalmır”.
İctimai Televiziya və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət Sherg.az-a bildirib ki, televiziya kanallarında ana dilinə diqqətin artırılması yalnız cərimə və xəbərdarlıqlarla həll ediləcək məsələ deyil. Onun sözlərinə görə, bu sahədə daha sistemli və strukturlaşdırılmış tədbirlərə ehtiyac var:

“Cərimə və yaxud xəbərdarlıqların edilməsi müəyyən qədər yerinə düşə bilər, amma əsas məsələ televiziya kanallarının rəhbərlərini bir araya gətirib ciddi təlimatlar vermək, seminarlar keçməkdir. Xüsusən də dövlət dili ilə bağlı məsələlərdə konkret və davamlı işlərin görülməsinə böyük ehtiyac var. Prezidentin son çıxışlarını bu baxımdan önəmli addım kimi dəyərləndirirəm. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı bir müddət əvvəl dil məsələsinə toxunaraq, onun qorunması və inkişafı istiqamətində göstərişlər verdi. Ardınca AMEA-nın 80 illik yubiley tədbirində də dövlət dili mövzusu müzakirə olundu. Daha sonra isə Audiovizual Şura və Mətbuat Şurası birgə şəkildə AMEA-nın Mərkəzi elmi kitabxanasında tədbir keçirərək televiziya və media sahəsində dil normalarının tətbiqi məsələsini yenidən gündəmə gətirdi. Oradakı çıxışda da öz təklif və iradlarımı qeyd etdim. Ümumiyyətlə, illərdir eyni məsələni qaldırıram, həll yollarını təklif edirəm, hamı deyir “düz deyirsən”, amma heç kim real addım atmır. Hər hansı tədbir keçiriləndə jurnalistlər sadəcə “filan tədbir baş tutdu” başlıqlı yazılar təqdim edir. Bunu da bütün kanallar, o cümlədən AzTV yayımlayır. Halbuki mən tədbirdə çıxış edərkən hər bir televiziya rəhbəri iştirak edib. Lakin “baş tutmaq” və “keçirilmək” sözlərinin fərqini anlamayan şəxslər TV-yə rəhbərlik edirsə, sadəcə cərimə və xəbərdarlıq vermək məsələnin həlli deyil”.
Azər Həsrət qeyd edib ki, televiziya rəhbəri efirdə yayımlanan bütün verilişlərin, hətta reklamların belə dilinə nəzarət etməlidir.
“Əgər bu məsuliyyət düzgün yerinə yetirilərsə, cəriməyə ehtiyac qalmayacaq. Əsas məsələ sistemli işdir, rəhbərlik səviyyəsində məsuliyyətin dərk edilməsi və dilin qorunması üçün ardıcıl tədbirlərin görülməsidir. Dövlət dili məsələsində uğur əldə etmək üçün məsuliyyətli rəhbərlik, davamlı nəzarət və peşəkar yanaşma əsas amillərdir”.