İTV rəhbərliyi uğrunda yarış: Media nümayəndələri vəziyyəti dəyərləndirdi

İctimai Televiziya və Radio Yayımları Şirkəti-nin baş direktoru vəzifəsinə namizədlərin sənəd qəbulu başa çatıb və artıq seçim prosesi növbəti mərhələyə keçir. Ümumilikdə 11 namizədin qatıldığı proses media ictimaiyyətində də maraqla izlənilir.

Xatırladaq ki, İTV-nin baş direktoru vəzifəsi üçün 11 nəfər iddiaçı sənədlərini Audiovizual Şuraya təqdim edib. Bunlar aşağıdakılardır:

1. Əhmədov Ayxan Əbdül Kərim oğlu

2. Əzimov Tural Qürbət oğlu

3. Məmmədzadə Tural Sahib oğlu

4. Qulamov Arzu Aydın oğlu

5. Baxşıyeva İlhamə Rafiq qızı

6. Məmmədov Fikrət Alı oğlu

7. Qasımov Balakişi Ələkbər oğlu

8. Şahsuvarov Taleh Novruz oğlu

9. Nağıyev Anar Əlişah oğlu

10. Əliyeva İlahə Xudu qızı

11. Cəfərov Əli Sucəddin oğlu

Qeyd edək ki, baş direktor 4 il müddətinə seçilir. Hazırda telekanalın baş direktoru Balakişi Qasımovdur.

İctimai televiziyanın gələcək fəaliyyət istiqaməti, idarəetmə modeli və məzmun siyasəti baxımından bu seçki mühüm əhəmiyyət daşıyır. Bəs media nümayəndələri və ekspertlər İTV-nin yeni rəhbərində hansı keyfiyyətləri görmək istəyirlər? Yeni baş direktor kanalda hansı dəyişiklikləri etməlidir? Sorğumuzda bu suallara cavab axtardıq.

Sherg.az sorğunu təqdim edir:

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd etdi ki, bir-iki addan başqa digər namizədləri tanımır:

“Tanıdıqlarım və gördüklərim arasında elə Balakişi Qasımovdan daha yaxşısı yoxdur”.

Tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli bildirdi ki, Baş direktorun seçilməsi qanunla müəyyən olunmuş prosedurdur:

“11 nəfərin sənəd verməsi də əlbəttə ki, müsbət haldır. Bu, kifayət qədər rəqabətli mühitin olduğunu göstərir. Deməli, istəyənlər, maraq göstərənlər var və bu da maraqlı məqamdır. Mənə elə gəlir ki, ictimai televiziyanın direktoru necə olmalıdır sualını biz müəyyənləşdirmirik. “İctimai yayım haqqında” qanunda baş direktora verilən tələblər hamısı aydın şəkildə göstərilib, hamısının funksiyası var. Yayım Şurası necə olmalıdır, Yayım Şurasının üzvlərinə hansı tələblər verilir, baş direktora hansı tələblər qoyulur - bunların hamısı orada əks olunub. Təbii ki, birinci növbədə ictimai yayımın fəlsəfəsi, məqsədi və prinsipləri əsasdır. İctimai yayım cəmiyyətin güzgüsü olmaq etibarilə bütün cəmiyyəti, bütün ölkə ərazisini əhatə edir və sözün həqiqi mənasında cəmiyyət üçün ictimai tribunaya və parlaq bir platformaya çevrilməlidir. Ona görə də mən namizədlərə uğurlar diləyir və arzulayıram ki, kim seçiləcəksə, ictimai yayım prinsiplərinə əməl etsin, qanunda irəli sürülən tələbləri gözləsin və cəmiyyətə yaxşı, keyfiyyətli verilişlər təqdim olunsun”.

Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Rəşad Məcid söylədi ki, İtv-nin hazırki rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirir:

“Mövcud imkanlar daxilində çox maraqlı verilişlərə imza atılıb. Namizədlərin, o cümlədən Taleh Şahsuvarlının düşüncələri, proqramı, rəhbər olmaq əzmi başadüşüləndir. Amma mən indiki rəhbərliyin fəaliyyətini davam etdirməsini daha məqbul sayıram”.

"Azxeber.com"un redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli dedi ki, ictimai televiziya bütün cəmiyyətin maraqlarını özündə əks etdirən, cəlb edən və cəmiyyətin bütün təbəqələrinə xidmət edən bir televiziya olduğuna görə, seçkilər hər zaman cəmiyyətin diqqət mərkəzində olur:

“Düşünürəm ki, İctimai televiziya bu illər ərzində öz missiyasının öhdəsindən gəlməyi bacarıb. İndiyə qədərki fəaliyyəti də onu göstərir ki, ictimai televiziya həqiqətən də cəmiyyətin müxtəlif təbəqələrinə uyğun fəaliyyət göstərir. Qaldı ki, yeni seçkilərə, düşünürəm ki, 11 namizədin hər biri öz sahəsində uğur qazanmış, tanınan şəxslərdir. Bildiyiniz kimi, İctimai televiziyanın yeni sədrini Yayım Şurasının üzvləri seçirlər. Yayım Şurası üzvlərinin də bu seçimlərdə obyektivliyinə heç bir şübhə ola bilməz. Yeni seçilən sədr də əslində təkcə öz ideyaları və fikirləri ilə deyil, eyni zamanda rəqiblərinin platformalarına da yaxından nəzər yetirməlidir. Onların da təkliflərindən yararlanmaqla ictimai televiziyanı daha yaxşı səviyyədə görə bilərik. Amma ümumilikdə baxanda hesab edirəm ki, Balakişi Qasımov bu illər ərzində İctimai televiziyada bir çox yeniliklərə imza atmış sədr olub. Eyni zamanda bir çox beynəlxalq layihələrin ölkəmizə gətirilməsi, uğurlu layihələrin həyata keçirilməsi onun sədr kimi öz işinin öhdəsindən gəldiyinin əsas göstəricilərindən biridir. Bu baxımdan yeni seçilən sədr tərəfindən də bu kimi layihələr davam etdirilməlidir”.

Yazıçı, publisist və şair Aqşin Yenisey vurğuladı ki, namizədlərin əksəriyyətini tanımır, ümumiyyətlə kimlərin namizəd olduğu barədə də çox məlumatı yoxdur:

“Ümumiyyətlə, İctimai televiziyanın əsas funksiyalarından biri cəmiyyəti narahat edən sosial və ictimai problemlərin müzakirəsini təşkil etməkdir. Təəssüf ki, bu gün bizim televiziyaların demək olar ki, heç birində real müzakirə mühiti yoxdur. Burada qlobal siyasi proseslərdən yox, ölkənin daxilində insanları düşündürən məsələlərdən söhbət gedir. Hazırda ölkənin daxili problemləri ilə sistemli şəkildə məşğul olan televiziya kanalı demək olar ki, yoxdur. Halbuki məncə, bu missiyanı ilk növbədə ictimai televiziya yerinə yetirməlidir. Mən istərdim ki, Azərbaycan cəmiyyətində düşünən, intellektual potensialı olan, sosial şəbəkələrdə və şəxsi platformalarında fikir bildirən insanlar televiziya məkanına gətirilsin. Bu gün ən maraqlı və canlı müzakirələr məhz həmin insanların paylaşımlarının şərh bölmələrində gedir. Amma həmin müzakirələrin geniş auditoriyaya çatması, insanların oradan fikir və məlumat əldə etməsi çətin olur. Bir sosial media profili nə qədər böyük auditoriyanı əhatə edə bilər? Halbuki bu müzakirələr ictimai televiziyada təşkil olunsa və davamlı xarakter daşısa, Azərbaycan insanında da intellektual müzakirə mədəniyyəti formalaşa bilər. Məncə, ictimai kanalın əsas missiyası məhz bu olmalıdır. Amma hazırda görürük ki, televiziyada təşkil olunan müzakirələr belə çox vaxt sosial şəbəkələrdə artıq müzakirə edilib bitəndən sonra efirə çıxır. Yəni əvvəlcə mövzu sosial mediada gündəmə gəlir, insanlar onu müzakirə edir, proses yekunlaşır, yalnız bundan sonra televiziya həmin mövzu və eyni şəxslərlə efir təşkil edir. Halbuki cəmiyyət artıq yeni düşüncəli, həyata və proseslərə fərqli baxan insanların fikirlərini eşitmək istəyir”.

Yazıçı əlavə etdi ki, Azərbaycan efirləri isə 20-30 ildir hamının tanıdığı, nə danışacağını əvvəlcədən bildiyi insanların məkanına çevrilib:

“Buna görə də intellektual, fəlsəfi, sosial və ictimai mövzulara maraq göstərən tamaşaçının televiziya ilə əlaqəsi demək olar ki, qalmayıb. Bakıda və ya regionlarda sorğu keçirilsə, yəqin ki, belə bir nəticə ortaya çıxar: insanların evində bir neçə televizor olsa da, onları açan yoxdur. Mən özüm də bunun şahidiyəm. Çox adam etiraf edir ki, artıq televiziyaya demək olar baxmır. Niyə baxmırlar? Çünki televiziyanın səviyyəsi həmin insanların gözləntisindən və düşüncə səviyyəsindən aşağıdır. Ona görə də İctimai televiziyanın əsas öhdəliklərindən biri cəmiyyətin ümumi səviyyəsindən həmişə bir pillə yuxarıda dayanmaq olmalıdır ki, insanlarda ona qarşı maraq və ehtiyac yaransın. Əgər bunu edə bilməyəcəksə, onun ictimai televiziya adlanmasının da xüsusi mənası qalmır. O zaman digər kanallardan fərqlənməyən sıradan bir televiziya olacaq. Balakişi müəllimin dövründə İctimai Televiziya bəzi layihələri ilə həqiqətən ictimai status qazanmağa çalışdı və müəyyən qədər buna nail də oldu. Əgər bunu bir məktəb kimi qəbul etsək, deməli, Balakişi müəllim orada müəyyən bir ənənə və yanaşma formalaşdırdı. Yeni rəhbərlik isə bunun üzərində inkişaf strategiyası qurmalıdır. Bu baxımdan düşünürəm ki, yeni rəhbərlik bu məsələlərə ciddi yanaşmalıdır. Çünki artıq prinsiplər dəyişib. Biz sovet və ya müstəmləkə ölkəsi deyilik. Ona görə də məqsədimiz sadəcə qorumaq yox, qoruduqlarımızı inkişaf etdirmək olmalıdır. Əgər bunu bacaran bir rəhbərlik formalaşsa, əlbəttə, biz də əlimizdən gələn dəstəyi verməyə hazırıq. Əks halda, bu gün vəziyyət necədirsə, bundan sonra da eyni şəkildə davam edəcək. Mənim televiziya ilə bağlı əsas gözləntilərim bunlardır”.