Qərb Azərbaycanın güc mərkəzi olduğu ilə barışır

Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri və keçirdiyi görüşlər bunu bir daha isbatladı

   "Azərbaycan-Böyük Britaniya münasibətləri uğurla inkişaf edir. Prezident İlham Əliyevin Londona səfəri və “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirakı mühüm və əlamətdar bir hadisədir”. Bu sözləri “Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib.

Onun sözlərinə görə, ölkəmizin inkişafında Azərbaycanın həyata keçirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun danılmaz rolu var: “Beynəlxalq münasibətlər sisteminin gərginləşdiyi bir şəraitdə Azərbaycan milli maraqlara söykənən xarici siyasətini davam etdirir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan son illərdəki sürətli inkişafı ilə bütün dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. Azərbaycanın bir çox dövlətlərlə, eləcə də Böyük Britaniya ilə çox böyük iqtisadi-siyasi əlaqələri var. Bu dövlətlərin rəhbərlərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə münasibəti də bəllidir. Məhz dövlət başçısı İlham Əliyevin Böyük Britaniyaya səfərini bu prizmadan yüksək dəyərləndirmək olar. Azərbaycan Avropa məkanı ilə yaxından iqtisadi-siyasi əlaqələr qurur, münasibətlərini inkişaf etdirir.
  Əlbəttə, dövlətimizin xarici siyasətinin əsas hədəflərindən biri də Qərbə inteqrasiyadır ki, bu çərçivədə qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri zamanı ölkələr arasındakı münasibətlərin inkişaf etdirilməsi, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın davamlılığının qorunub saxlanması prinsipi əsas müzakirə obyekti olub.
Yeri gəlmişkən qeyd edim ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə xüsusi diqqət çəkib.
O, səfirliyin "X" hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə fotosunu "Hər şeyin təzəsi, dostun köhnəsi" sloqanı ilə paylaşıb.
Bu, Böyük Britaniyanın Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinə verdiyi önəmin göstəricisidir”.
  Beynəlxalq münasibətlər sistemində Azərbaycan modelinin mövcud olduğunu vurğulayan siyasi şərhçi deyib ki, dünyanın əksər dövlətləri də məhz bu modelə müraciət edərək müstəqil, balanslaşdırılmış siyasi xətt yeritməyə başlayıblar: “Qeyd etmək yerinə düşər ki, bu yaxınlarda İlham Əliyevin Pakistana səfəri zamanı İslamabad küçələrinin onun fotoları ilə bəzənməsi, Prezidentin təyyarəsinin Pakistan qırıcı təyyarələri tərəfindən müşayiət edilməsi, o cümlədən Prezidentin Astana səfəri, ŞƏT çərçivəsində səylər, Çinlə imzalanan srateji tərəfdaşlıq sazişi, Astanada Rusiya prezidenti ilə görüşü, BRİKS-lə münasibətlərin güclənməsi və yeni imkanlar İlham Əlyevin uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricisidir. Ali Baş Komandanımızın yeritdiyi uğurlu siyasət 44 günlük müharibədə və aniterror əməliyyatlarında tarixi qələbələrin əldə olunmasında və Azərbaycanın ərazi bütövlüyününü bərpasının qarantı oldu”.
  A.Niftiyev onu da deyib ki, COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır: “COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və etməkdədir. COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib”.