Professor Firudin Cəlilov sabiq təhsil nazirinin dediklərini doğrulayıb
Sabiq təhsil naziri Misir Mərdanov test üsulunu Azərbaycana ilk dəfə özünün gətirdiyini iddia edib. O, bu barədə “Demədi Demə” Yutub kanalının “Qara-qırmızı” layihəsində deyib: “Çoxları elə bilir ki, test üsulunu o vaxtın təhsil naziri Firidun Ağasıoğlu gətirib. Düzdür, qərarı onlar verib. Ancaq test üsulunu, o kağızları əlində Azərbaycana gətirən mən olmuşam”.
Sabiq nazir həmçinin bildirib ki, hazırda test üsulu öz mahiyyətindən uzaqlaşıb: “Nazir müavini kimi Türkiyənin təhsil işçilərinin hamısını yaxşı tanıyırdım. Xalq Cəbhəsi gəlib, bu işə başlayanda isə heç nə bilmirdilər. Şəxsən rektor məni çağıraraq bildirdi ki, deyirlər, test kağızlarını gətirmək üçün Misir müəllim getsin. Düzdür, həmin ərəfədə məni çıxarıb universitetə keçirmişdilər, bir az incik idim. Buna baxmayaraq, o kağızların dalıyca mən getdim. Ancaq belə gözləmirdik. Bunlar tamamilə fərqli sistem gətirdilər, səhv yol ilə getdilər. Mən o sualları tərtib edən adamlarla tez-tez görüşürdüm. Deyirdim ki, bu uşağa hansı həcmdə bilik vermisənsə, onu tələb elə. İndi isə olduqca ağırlaşdırılmış suallar salırlar. Düşünürəm, təcili olaraq bu qaydalardan imtina olunmalıdır”.
Qeyd edək ki, bəhs edilən dövrdə - 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradılır və bu qurumun idarəetməsi Vurğun Əyyuba həvalə olunur. Bununla da ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada test üsulu ilə qəbul həyata keçirilir.
Professor Firudin Cəlilov isə "Sherg.az"a açıqlamasında Misir Mərdanovun dediklərini doğrulayıb:
“Misir müəllim düz deyir, test kağızlarını Azərbaycana Vurğun Əyyubla o gətirib. Bu baxımdan Azərbaycanda test üsulunun tətbiqində Misirlə Vurğunun rolu danılmazdır, amma onları mən göndərmişəm. O zaman baş nazirin müavini idim və bu işin icrası mənə həvalə edilmişdi. Əlbəttə ki, test imtahanlarının tətbiqində qardaş Türkiyənin köməyi əvəzsiz idi. Misir Mərdanov da o zaman təhsil nazirinin müavini idi. Misir Mərdanov və Vurğun Əyyubu Türkiyəyə göndərdik ki, təcrübəylə tanış olsunlar, test materiallarını, lazımi sənədləri Azərbaycana gətirsinlər. Onlar da qaydalarla tanış oldular, sənədləri də gətirdilər. Həmin vaxt Türkiyədən də bir xanım mütəxəssis dəvət edilmişdi, o da təcrübəni bizimlə paylaşırdı, kömək edirdi. İlk dəfə test üsulu ilə Türkiyə ali məktəblərinə qəbul həyata keçirdik və 2 min tələbəni qardaş ölkəyə təhsil almağa göndərdik. 2 min testdən keçib Türkiyəyə oxumağa getməsi xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuludur. Üç ay sonra isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradıldı və sədr təyin edilən Vurğun Əyyubun rəhbərliyi ilə bütün ölkə üzrə ali məktəblərə qəbul imtahanları test üsuluyla həyata keçirildi.Yəni respublika üzrə test imtahanını ilk dəfə Vurğun Əyyub keçirib.
O, bu işin öhdəsindən çox ləyaqətlə gəldi”.