Fransada iğtişaşlar zamanı 9 nəfər yaralanıb

Fransanın qərbindəki La-Roşel kommunasında baş verən qarşıdurma zamanı dördü polis əməkdaşı olmaqla azı 9 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Şarent departamentinin polis prefekti Bris Blondel brifinqdə bildirib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında dörd yaralı var, üçü yüngül xəsarət alıb”, - deyə Blondel vurğulayıb. Nümayişçilər tərəfindən ən azı beş nəfərin yaralandığı, hamısının yüngül xəsarət aldığı bildirilib.
Lakin Blondel qeyd edib ki, yaralıların faktiki sayını təxmin etmək çətindir, çünki nümayişçilər, xüsusən də iğtişaşlarda iştirak edənlər heç də həmişə yerindəcə tibbi yardıma müraciət etmirlər.
Qeyd edək ki, Fransada suvarma hövzələrinin tikintisinə etiraz edənlər La-Roşel limanında aksiya təşkil ediblər. Nümayişlərdə 6 minə yaxın şəxs olub. Günün sonuna qədər yeddi nəfərin həbs edildiyi bildirilib.