Uşaqların üzərindəki gözmuncuqları təhlükəlidir - ŞƏRH

Ani diqqətsizlik, fikir yayınması, məsuliyyətsizlik faciəyə gətirib çıxara bilər

“Kibrit, dərman vasitələri, yuyucu, dezinfeksiyaedici vasitələr, hətta sabunlar da uşaqların əlinin çatmayacağı, götürə bilməyəcəkləri yerdə olmalıdır”

  13 yaşından kiçik uşaqların üzərində muncuq, təbii daşlardan boyunbağı və sırğa kimi əşyalar olmamalıdır. Bununla bağlı türkiyəli həkim Doğuş Çalışkan valideynlərə xəbərdarlıq edib. Ankara Təhsil və Araşdırma Xəstəxanası Uşaq Cərrahiyyəsinin mütəxəssisi “AA” müxbirinə açıqlamasında körpələrə gözmuncuqları, bəzi dualar, şəfa, qoruyucu olduğu düşünülən daşlar, boyunbağı, sırğa və bilərziklərin taxıldığına diqqət çəkib. “Bəzən uşaqlar bu əşyaları udur və ciddi təhlükə ilə üzləşirlər. Hətta bu kimi davranışlar ölümlə nəticələnə bilər. Ailələrə azyaşlı uşaqları mümkün qədər yad cisimlərdən uzaq tutmalarını tövsiyə edirik. Çünki uşaqlar yad cisimləri tanımaq üçün ağızlarına aparırlar. Udma nəticəsində bu əşyalar nəfəs borularına gedə bilir və nəfəsin tıxanmasına səbəb olur”, - deyə həkim qeyd edib. Körpələrin bəzən yuyucu, təmizləyici vasitələri də içdiyinə diqqət çəkən mütəxəssis bunları söyləyib: “Bu cür məhsullar ağzı bağlı qablaşdırmada saxlanmalıdır. Kilidi açılmış və ya açıq şəkildə satılan məhsullar almayın. Bəzən rəngsiz yuyucu vasitələr su şüşələrinə doldurulub saxlanılır. Bu, yolverilməzdir. Uşaqlar tapdıqları hər yeni şeyi sınamaq və dadmaq istəyirlər. Ailələr diqqətli olmalı və uşaqları bu cür təhlükələrdən uzaq tutmalıdırlar”. Həkimin sözünə qüvvət, xalqımız gözmuncuğu, bəzi təbii daşların körpələri bəd nəzərdən qoruyacağına inanır. Körpələrin biləyində, paltarlarının yaxasında bu cür əşyalar görürük. Batil inanclara söykənən valideynlər bununla, əksinə, körpələrini böyük təhlükə ilə üz-üzə qoyduqlarının fərqində olmur.
  Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az"a açıqlamasında bu cür əşyaların körpələrin həyatına real təhlükə yaratdığını qeyd etdi:
" Son illərdə təəssüf ki, səhlənkar valideynlər çoxalıb. Körpələrə, uşaqlara lazımi diqqət ayıra bilməmələrini bəzi valideynlər işlə əlaqələndirir, çalışdıqları üçün uşaqlara lazımi diqqət ayıra bilmədiklərini iddia edirlər. hesab edirəm ki, bu, sadəcə məsuliyyətdən yayınmaq üçün bəhanədir. Elə məsələlər var ki, valideynin işləyib-işləməməsi rol oynamır. Bir ana marketə alış-veriş üçün gedir və otaqlardan hansınınsa məhəccərsiz pəncərəsini açıq qoyursa və evdə də yeriyən azyaşlı varsa, burada işin nə əhəmiyyəti. O uşağın pəncərədən boylanıb yıxılacağı labüd xarakter alır. Eləcə də eyvanlarda təhlükəsizliyi təmin etmək məqsədilə zəruri işlər görülməyibsə, bu, yalnız valideyn səhlənkarlığından, məsuliyyətsizliyindən irəli gəlir. Körpələrin təhlükəsizliyinə hər an, hər saniyə, bütün imkanlar səfərbər olunaraq diqqət edilməlidir. O cümlədən də həkimin xəbərdarlıq etdiyi məsələdə. Körpəyə gözmuncuğu, hansısa təbii daşlar taxmaqla guya onu bədnəzərdən qorumaq absurddur. Əksinə, bununla körpə üçün real təhlükə yaradılır. Körpə o muncuqları, kiçik daşları qoparıb ağzına ala bilər və bunlar onun nəfəs borusuna, ya da qida borusuna düşər. Boğulma təhlükəsi ola bilər. Uşaqlara münasibətdə yarana biləcək təhlükələrə qarşı hər zaman önləmə planları alınmalıdır. İstər evdə, istər gəzintidə, hər hansı oyun oynayarkən, idman hərəkətləri edərkən. Bütün mümkün təhlükələri önləmək lazımdır. Ani diqqətsizlik fikir yayınması, məsuliyyətsizlik faciəyə gətirib çıxara bilər. Ona görə də bütün amillərə diqqət yetirmək lazımdır. Uşağın geyimindən başlamış, üzərindəki aksessuarlara qədər. Muncuqlar, hansısa bijuteriya uşaqların diqqətini cəlb edir, onları qidaya bənzədirlər – konfetə, noğula, şirin bir şeyə. Ümumiyyətlə, uşaqlar hər şeylə maraqlandıqlarından üzərlərində olan əşyalara da çox maraq göstərir. Ona görə də ağızlarına aparmağa çalışırlar. Bəzən bu da bədbəxt hadisəyə gətirib çıxarır. Valideynlər də diqqətli olmalıdır, baxıcılar, dayələr, tərbiyəçilər də. Dəfərlərlə olub belə hadisələr, uşaq hansısa əşyanı qida bilib qəbul edib, gedib ilişib nəfəs borusunda, qida borusunda qalıb, faciə yaşanıb. Hətta mənzildəki ev əşyalarının, körpənin oyuncaqlarının üzərində də qopa bilən, parıltılı, cəlbedici bəzəklər, aksessuarlar olmamalıdır. Ani diqqətsizlik böyük faciəyə səbəb olar. Analar bəzək əşyalarını şkafın üzərində qoymamalı, açıq halda saxlamamalıdır. Şüuru formalaşmamış uşaq üçün bu bəzək əşyaları əldə ülgünc tutmaq kimi bir şeydir. Həmçinin kibrit, dərman vasitələri, yuyucu, dezinfeksiyaedici vasitələr, hətta sabunlar da uşaqların əlinin çatmayacağı, götürə bilməyəcəkləri yerdə olmalıdır. Uşaqlar yuyucu vasitələri şirə zənn edib içə bilər. Biz daim valideynlərə məsləhət görürük, mənzildə üzəri qapaqla örtülən elektrik mənbələrindən (razetka-vklyuçatellər) istifadə etsinlər. Qaz sobalarının uşaqlar üçün əlçatmaz olduğuna diqqət etsinlər. Hər bir məsuliyətli valideyn bunları bilməli və təhlükəsizliyə uyğun davranmalıdır".