Tramp Ərdoğanla yaxşı anlaşacaq - ŞƏRH

Dünyada mövcud olan münaqişə və problemlərin həlli yolunda aktivlik olacaq

  Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Türkiyə prezident administrasiyasına bağlı "İlətişim başkanlığından" məlumat yayılıb. Danışıqda Trampa qarşı sui-qəsd və ondan sonra baş verənlər müzakirə edilib. Prezident Ərdoğan sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib.
Verilən rəsmi açıqlamaya görə, telefon danışığında Trampa qarşı sui-qəsd və ondan sonra baş verənlər müzakirə edilib. Prezident Ərdoğan danışıq zamanı Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib.
Prezident Ərdoğan sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib. O, mənfur hücumdan sonra Trampın cəsarətli mövqeyinin təqdirəlayiq olduğunu, proqramlarını fasiləsiz davam etdirməsinin demokratiyanı gücləndirdiyini və bunun Amerika xalqının uzaqgörənliyinə inamın göstəricisi kimi qiymətləndirilməli olduğunu bildirib.
  O, Trampın sui-qəsd cəhdindən sonra qütbləşməni və gərginliyi azaltmaq üçün sakitləşdirici birlik mesajları ilə güclü liderlik nümayiş etdirdiyini bildirib və Donald Trampı Respublikaçılar Partiyası tərəfindən ABŞ prezidentliyinə rəsmi namizəd kimi irəli sürülməsi münasibətilə təbrik edib. Prezident Ərdoğan ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.
Görünən budur ki, Prezident Ərdoğan bu "keçmiş olsun" mesajı ilə həm də ABŞ-dəki seçkilərdə Türkiyənin tərəfini ifadə edib.
  Milli Cəbhə Partiyasının sədri, politoloq Tural İrfan “Sherg.az"a açıqlamasında Ərdoğanla Tramp arasındakı telefon danışığını və müzakirə edilən məsələlər fonunda gələcək Türkiyə-ABŞ münasibətlərini şərh edib. Onun sözlərinə görə, Türkiyə ilə ABŞ arasındakı siyasətdə zaman-zaman müəyyən ziqzaqlar olsa da, stabil axarda davam edib:

 “Münasibətlər gərgin görünsə də, əslində, gərgin deyil. ABŞ-nin Türkiyəyə münasibəti ciddi olub və həm regionda, həm dünyada Ərdoğan siyasəti ilə hesablaşmağa məcbur olub. Ümid etmirəm ki, bu dəfə Bayden seçilsin. Əsasən güclü yəhudi lobbisinin də dəstəklədiyi Trampın seçilmək şansı daha çoxdur. Cənab Ərdoğan da bu ehtimalın maksimum olduğunu nəzərə alaraq onunla əlaqə saxlaması qəbul oluna bilər. ABŞ-nin əsasən müsəlman ölkələrindəki apardığı siyasət tənqid olunsa da, həmin ölkələrdə Türkiyənin də mövcudluğu bu iki dövləti hər zaman müzakirə və ortaq həlli vacib olan mövzularda bir araya gətirir. Donald Trampın prezident olma ehtimalı çox yüksəkdir. Onun seçildiyi təqdirdə hazırda mövcud olan münaqişə və problemlərin həlli yolunda aktivlik olacaq. Tramp dinamik və cəsarətli siyasətçidir. Bayden seçilsə belə (hərçənd ki, bu ehtimal çox azdır) Türkiyə ilə münasibətlərin gərginləşməsi gözlənilmir. Çünki Türkiyə ABŞ-nin hesablaşmalı olduğu tərəfdaşdır”.
  T.İrfan deyib ki, NATO üzvü kimi Türkiyənin rolu istər Avropada, istər Şərqdə getdikcə artır və zəruriləşir. Odur ki, Amerikaya kimin rəhbərlik etməsindən asılı olmayaraq Türkiyə ilə münasibətlərin yaxınlaşması daha sərfəli olacaq: “Gərgin münasibətlər yalnız ABŞ-yə zərər vura bilər. Ona görə ki, Türkiyənin Çin və Rusiya ilə də münasibətləri yaxındır, əlaqələri inkişaf edir. Bunu nəzərə alaraq demək olar ki, ABŞ Türkiyəyə möhtacdır, Türkiyə ABŞ-yə deyil. İstər Fələstin, Suriya məsələsində, istərsə də Ukrayna mövzusunda Türkiyənin mötədil, barışdırıcı mövqeyi bütün tərəflər üçün əlverişlidir. Trampın prezident olduğu təqdirdə Türkiyə ilə münasibətlərin daha da inkişaf edəcəyi gözlənilir. İsrail tərəfin də Trampa böyük ümidləri var. Keçən prezidentlik dönəmində Qüdsün paytaxt elan edilməsini Tramp da dəstəkləmişdi. İsrail unudur ki, Tramp seçilsə, HƏMAS mövzusunda İsrailə daha qəti dəstək nümayiş etdirə bilər. Amma bu, ümid edildiyi kimi olmaya da bilər. Amerika bir İsrailə görə onlarla müsəlman, ərəb ölkəsini özündən uzaqlaşdıra bilməz. Hər halda bu məsələdə Tramp seçildiyi təqdirdə sələfinin siyasətindən çox da fərqli yol seçməyəcək. Cənab Ərdoğanın onunla isti münasibətləri də bunun həqiqiliyini isbat edir. Əks halda HƏMAS məsələsində yalnız İsrailin arzularını nəzərə alacaq bir namizədlə Ərdoğan isti münasibət yaratmağa çalışmazdı”.