“Şuşada dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərinin, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlərin, tanınmış jurnalistlərin bir araya gəldiyi “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimndə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı dediyi fikirlər hər kəs üçün bir çağırış oldu. Regionda və Azərbaycanda baş verən hadisələr dəqiqliklə, əsaslı şəkildə beynəlxalq ictimaiyyətə təqdim edildi. İlham Əliyevin Forumdakı əsas çağırışlarından biri Azərbaycan həqiqətlərinin dünyaya obyektiv, dəqiq və qərəzsiz çatdırılması idi. Beynəlxalq tədbirin keçirildiyi məkan da xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan reallıqları məhz Qarabağın tacı Şuşadan dünyaya çatdırıldı ki, bu da özündə mühüm məqamları ehtiva edir”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, ölkə Prezidenti çıxışında torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən bəhs edib:
“Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın əvvəlki iki prezidenti Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idilər. Mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu. İlham Əliyev Qarabağı azad edərkən Azərbaycana 17 il rəhbərlik etdiyini dedi və torpaqlarımızı azad etmək üçün lazım gəlsə daha 17 il gözləyəcəyini vurğuladı. Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi. Yadınızdadırsa, İlham Əliyev Almaniyanın ARD telekanalına müsahibəsində müxbirin sualını özünəməxsus şəkildə cavablandırmışdı. Müxbirin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabında bildirmişdir ki, Dağlıq Qarabağ bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Prezident İlham Əliyev Forumda digər mühüm məsələyə də toxundu. Bildirdi ki, Qərbin ikili standartlara söykənən siyasəti, qərəzli yanaşmaları, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatları dayanıqlı sülhün əldə edilməsini əngəlləyir. Zaman keçdikcə Qərbin siyasətində dəyişiklik də baş verir, həqiqəti danmaqdan usanır və Azərbaycanla tərəfdaşlıq etməyə məcbur olur. Azərbaycan rəhbəri çıxışında diqqəti hazırkı dövrün çağırışları sırasında xüsusi yer alan türk dünyasının birliyinin gücləndirilməsi məsələsinə yönəltdi. Bildirdi ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair baxışlarım tamamilə aydındır. Təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazımdır. İlham Əliyev qeyd etdi ki, biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir”.