“İntiharın hərəkətverici qüvvəsi depressiyadır. Odur ki, depressiya ilə mübarizə aparmaq şərtdir”
Bakıda iki həftəlik sərt karantin rejiminin ilk günündə Daxili İşlər Nazirliyinin paytaxt bölmələri intihara dörd cəhdin qarşısını alıblar.
Belə ki, iyunun 21-də Binəqədi rayonunda 1966-cı il təvəllüdlü Rafiq Əliyev qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Vəziyyəti ağır olan kişi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, intihara cəhdə səbəb kimi onun depressiyaya düşməsi göstərilir.
Səbail rayonu Niyazi küçəsində, 3 nömrəli evin qarşısında 1979-cu il təvəllüdlü Neftçala sakini Fizuli Əliyev sərxoş halda intihara cəhd edib. O, venalarını kəsib, ancaq 9-cu Polis Bölməsinin əməkdaşları ilə aparılan profilaktik söhbətdən sonra lazımi tibbi yardım göstərilməsinə icazə verib.
Nizami rayonunda məişət zorakılığının qurbanı intihara cəhd edib. Qara Qarayev prospektində yaşayan 1998-ci il təvəllüdlü T.Əlizadə əri və qayınanası ilə münaqişədən sonra həb qəbul edib. Bu barədə polisə zərərçəkənin anası xəbər verib.
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 1990-cı il təvəllüdlü G.Hüseynova Rəsul adlı tanışı ilə mübahisədən sonra intihara cəhd edib. O, dərman qəbul elədikdən sonra 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bütün bu faktlar ərazi polis idarələri tərəfindən araşdırılır. Qeyd edək ki, daha iki dərman və kimyəvi məhlulla zəhərlənmə hadisəsi qeydə alınıb. Ancaq bu hallarda intihara cəhd edildiyi hələ sübut olunmayıb.
Bu, onu göstərir ki, artıq həyəcan siqnalı çalmağın vaxtıdır. Deməli, vəziyyət ciddidir və intihara cəhdin səbəbləri araşdırılmalıdır. İnsan niyə özü öz həyatına son qoysun ki?
Vəziyyəti “Sherg.az”a şərh edən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Müşviq Mustafayevin sözlərinə görə, intihara səbəb ola biləcək müxtəlif amillər var:
“Əlbəttə, bioloji, sosioloji məqamlar da az deyil. Amma indiki halda bizi maraqlandıran psixoloji faktorlardır. Əvvəlcə onu deyim ki, konkret intihar hadisəsi haqqında danışmaq üçün insanın şəxsiyyət keyfiyyətləri ilə yanaşı, olayın motivi də bilmək lazımdır. Lakin intiharla nəticələnə biləcək halları şərti olaraq dörd qrupa bölmək olar.
Birincisi, təcrid, başqa sözlə desək, cəmiyyətdən izolyasiya olunmaqdır. Yəni insan cəmiyyətdə olsa da, heç kimin onunla maraqlanmadığını, heç kim üçün önəm daşımadığını düşünür.
İkincisi, köməksizlik hissinin yaranmasıdır. Belə ki, insan ətrafında baş verən hadisələrə müdaxilə edə bilmədiyini görür, əlindən heç nə gəlmədiyini anlayır. Üçüncüsü, ümidsizlikdir. Bu, insanın öz gələcəyi haqqında bədbin olması kimi başa düşülür. Dördüncüsü isə qiymətləndirmədir. İnsan öz potensialını kifayət qədər qiymətləndirə bilmir və onda natamamlıq kompleksi yaranır. Bütün bunlar insanı intihara apara bilər”.
M.Mustafeyev, həmçinin bildirdi ki, intiharın hərəkətverici qüvvəsi depressiyadır. Odur ki, depressiya ilə mübarizə aparmaq şərtdir:
“Bayaq dediklərim əvvəlcə insanda depressiya yaradır. Depressiyaya düşmək qorxulu deyil. Hətta belə deyirlər ki, depressiya ruhun soyuqdəyməsidir. Sadəcə bu arzuolunmaz haldan çıxmağı bacarmaq lazımdır. Depressiyadan məhz vaxtında çıxa bilməmək intiharla nəticələnir”.
Psixoloq depressiyadan və intihardan çıxış yollarını da göstərdi:
“Bu, kompleks yanaşma tələb edir. Mütləq psixoloji söhbətlər aparılmalı və şəxsin fikirləri dəyişilməlidir. “Böhran kartları”ndan istifadə etmək də fayda verə bilər. İstənilən halda psixoloqla məsləhətləşmək şərtdir. Əks halda bəzən insan özü belə, necə olduğunu bilmədən intiharın qurbanına çevrilir”.