Amma mütləq mütəxəssislərlə məsləhətləşmə aparılmalıdır
Azərbaycan ordusunun işğaldan azad etdiyi Hadrut rayonunun adının dəyişdirilməsi müzakirələrə yol açıb. Təbii ki, müzakirələrin əsasında Azərbaycan əsgərinin işğaldan azad etdiyi rayon, kənd və qəsəbələrin əzəli adlarınını qaytarlması ənənəsi dayanır. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Madagiz işğaldan azad edildikdə tarixi adın bərpasıyla bağlı sərəncam verdi. Madagiz əzəli adına – Suqovuşana qovuşdu. Hadrutun əzəli adının qaytarılacağına inam da məhz bu ənənədən irəli gəlir.
Lakin polemikalar güclənib. Müxtəlif fikirlər, təkliflər səslənir. Hadrutun qədim adıyla – Ağoğlan adlandırılması fikri ilə yanaşı, Tovuz müharibəsinin şəhidi general-mayor Polad Həşimovun unudulmayacaq xatirəsinə “Polad” adlandırılması təklifi də səslənir. Amma Ağoğlan adı üzərində daha çox dayanılır, Hadrutun əzəli adı olması baxımından.
Mənbələrdə Hadrut adının lüğəti mənası və ya Ağoğlan adının yaşayış məskəninə konkret nə zaman, hansı halda verilməsinə dair məlumatlar azdır. Bu, araşdırmaçılar üçün əsl materialdır.
Hadrutla bağlı qısaca bunlar qeyd edilir ki, Hadrut və ya Ağoğlan Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbədir.
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdi.
09 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edildi.
Hadrut adının fars mənşəli olduğu bildirilir: “Hadrut - İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. Qəsəbənin adı fars dilində "hədi dü rud", yəni "iki çay arası" mənasına gəlir.
1939-cu ilədək adı Dizaq olub. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. XIX əsrdə Ağoğlan kimi qeydə alınıb.
1930-cu ildə burada vəba epidemiyası var idi, onun müalicə olunmasına həkim Lev Zilber başçılıq edirdi. 10 sentyabr 1939–cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb”. Başqa bir mənbədə isə Hadrut rayonunun 1923-cü ilədək Ağoğlan adlandığı qeyd edilir. Bu qədər qısa bir məlumat.
Ağoğlan adına isə Azərbaycanın Laçın rayonunda rast gəlinir. Laçında Ağoğlan kəndi var və o, Malıbəy kəndinin inzibati ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır.
Ağoğlan kəndinin keçmiş adı Kosalar olub. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılıb. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır.
Kəndin əsasını kosalar nəsli qoyub. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Xocalı rayonunun ərazisində yerləşən Kosalar kəndi də yerli əhalinin dediyinə görə, keçmiş Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr tərəfindən salınıb.
Mənəvi sərvətlərimizin mənfur, nankor qonşularımız tərəfindən min bir yolla oğurlanması bəlli həqiqətdir. Ağoğlanın adının dəyişdirilməsi də ermənilərin qədim yurd yerlərimizi özünküləşdirmək cəhdindən başqa bir şey deyildi.
İndi üzərimizə düşən əzəli torpaqlarımıza, yurd yerlərimizə həqiqi adlarının qaytarılmasıdır.
Türkoloq alim, professor Firudin Cəlilov “Şərq”ə açıqlamasında Ağoğlan adının bərpa edilməsinin ən doğru qərar olacağını bildirdi:
- Hesab edirəm ki, Ağoğlan adı bərpa edilməlidir. Əgər o kəndin, qəsəbənin yerləşdiyi ərazinin əzəli adı varsa, o, bərpa edilməlidir. Yeni bir ad fikirləşməyə məncə, ehtiyac yoxdur.
F.Cəlilov qeyd etdi ki, yer adları sıradan bir məsələ deyil və burada mütləq mütəxəssis rəylərinə ciddi yanaşılmalıdır:
- Belə məsələlərdə tələsmək və tələsib yanlış qərar vermək olmaz. Mütləq mütəxəssislərlə məsləhətləşmə aparılmalıdır. Orta əsrlər tarixi üzrə mütəxəssislər fikirlərini bildirməlidir. Biz tarixi toponimlərimizin adlarını dəyişdirməklə tariximizə zərbə vura bilərik. Hər yer adı özündə bir tarix yaşadır. Yer adları ciddi və əsaslı tarixi sənəddir.
Bu adlara əsasən biz Azərbaycanın, o cümlədən Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu isbat edirik. Hadrut türk mənşəli sözə oxşamır, amma Ağoğlan adıyla bağlı hər hansı tərəddüd ola bilməz.
Bütün şəhidlərimiz qürur mənbəyimizdir, Vətənimizin azadlığını, torpaqlarımızın əsarətinə son qoyulmasını onlara borcluyuq. Lakin ad məsələsində ciddi və diqqətli olmalıyıq. Qədim yurd yerlərimizin adlarının dəyişdirilməsi səhv addım olar.