“Xudafərin üzərində dalğalanan bayraq ordumuzun gücündən, onun yenilməzliyindən xəbər verir”

“Şuşa, Laçın, Xankəndi kimi şəhərlərimizin də işğaldan azad ediləcəyi gün uzaqda deyil”

“Gəncə terroru erməni faşizminin bütün bəşəriyyətə qarşı törətdiyi cinayətdir”

Səmyar Abdullayev: “Bu terrorun dünya birliyi tərəfindən qınanması vicdani borcu, insani misisyadır”

 
Sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun əldə etdiyi ardıcıl qələbələr cəmiyyətdə böyük sevinc və ruh yüksəkliyinə səbəb olmaqdadır.
Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə müharibə Azərbaycanı üçün aktual olan bir sıra məsələləri müzakirə etməyə çalışdıq.

-Səmyar bəy, 17 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələri növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raket zərbələrinə məruz qoymaqla, dinc insanların qətlinə imza atdı, xeyli sayda insan yaralandı. Düşmənin mülki insanları, yaşayış məntəqələrini atəşə tutması hansı mətləblərdən xəbər verir?

-Mülki insanlara qarşı hərbi güc tətbiq etmək, xüsusilə də onlara qarşı ballistik raketlərlə hücum gerçəkləşdirmək hər şeydən öncə qeyri-insani, qeyri-bəşəri bir addımdır və mən bu hücumu Ermənistanın bütün insanlığa, bəşəriyyətə qarşı hücumu kimi dəyərləndirirəm. Bu baxıman hesab edirəm ki, erməni faşizminin bu vəhşiliyi bütün bəşəriyyət tərəfindən qınanmalı, dünya birliyi işğalçı ölkəyə qarşı sərt mövqe sərgiləməlidir. Çünki Ermənistanın bu addımı adi insani meyarlara zidd olmaqla yanaşı, beynəlxalq hüquq baxımından da tamamilə yolcerilməzdir. Bu isə o deməkdir ki, Ermənistan ordusu Gəncə faciəsini reallaşdırmaqla növbəti dəfə beynəlxalq hüquqa meydan oxudu. Habelə, təsdiqlədi ki, o, heç bir hüquq, heç bir insani dəyər tanımır və öz məqsədinə çatmaq üçün ən çirkin, ən ikrahedici üsullardan belə istifadə etməyi məqbul sayır.

 Ermənistanın dinc insanları atəşə tutmaqda məqsədi isə müharibə meydanındakı məğlubiyyətlərini ört-basdır etmək, xalq arasında təşviş və qorxu mühiti yaratmaq, müvəqqəti də olsa qəti məğlubiyyətdən yaxa qurtarmaq idi. Çünki Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusunun döyüş meydanında düşmənə necə divan tutduğu, ona necə dərs verdiyi bütün dünyaya yaxşı məlumdur. Lakin düşmən nəinki öz məqsədinə çatmadı, əksinə, onun bu vəhşiliyi düşmənə qarşı nifrəti, ona qarşı mübarizə əzmini daha da yüksəltdi. Azərbaycan cəmiyyəti bir daha əmin oldu ki, erməni xisləti dəyişməzdir və düşmən tam zərərsizləşdirilənə qədər ona qarşı mübarizə davam etdirilməlidir.

 -Düşmən tərəfindən atəşə məruz qalan yaşayış məntəqələri, evlər və təsərrüfatlar xarici dövlətlərin ölkəmizdəki səfirləri, diplomatik korpus nümayəndələri tərəfindən ziyarət olunsa da, bəzi dost ölkələr istisna olunmaqla, nədənsə heç kim işğalçı Ermənistana qarşı ciddi bir qınaq irəli sürmür. Sizcə baş verənlərədn sadəcə təəssüf hissi keçirdiyini bildirən dövlətlərin yaşananlara tamaşaçı mövqeyindən yanaşması nə dərəcədə ədalətlidir?

-Təbii ki, Ermənistanın törətdiyi vəhşiliklərə biganə qalmaq, bu vəhşilikləri görməzdən gəlmək yolverilməzdir və bu, hər şeydən öncə humanizm və ədalət prinsipinə xəyanət deməkdir. Bundan başqa, hesab edirəm ki, Ermənistanın törətdiyi terror aktlarına laqeyd qalmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir. Ancaq qeyd etdiyiniz kimi, təəssüflər olsun ki, dünya dövlətlərinin böyük əksəriyyəti, eləcə də beynəlxalq təşkilatlar, aparıcı ölkələr son 30 ildə olduğu kimi, bu gün də Ermənistanın cinayətlərinə göz yummaqda, sadəcə ümumi bəyanatlarla kifayətlənməkdədir. Türkiyə, Pakistan və s. kimi dost dövlətləri çıxmaq şərti ilə dünya dövlətlərinin bir çoxu bəşəriyyətin gözü qarşısında gerçəkləşən erməni terroruna göz yumur, bununla bağlı konkret bir mövqe sərgiləmirlər. Fəqət Xocalı terrorunun davamı olan Gəncə terroruna göz yuman, Tərtər, Mingəçevir və s. şəhərlərimizin raket zərbələrinə məruz qalmasını soyuqqanlılıqla seyr edən dövlətlər bilməlidir ki, erməni terroru yalnız Azərbaycan və region üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyidir.
Qlobal terrorizmin yaşam gücünü, nüvəsini təşkil edən erməni terrorizmindən zaman-zaman dünyanın ən müxtəlif xalqları, millətləri də əziyyət çəkib və bu terror günümüzdə də çox böyük təhdid mənbəyidir. Buna görə də, bu gün bütün dünyanın erməni terrorizminə qarşı birgə mübarizəsi zəruridir və dünya bu mübarizədə Azərbaycanın yanında yer almalı, ona dəstək verməlidir.

 -Səmyar bəy, Azərbaycan ordusu apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Dünən isə Xudafərin körpüsündə Azərbaycan bayrağı ucaldıldı. Sizcə hərbi əməliyyatların gedişatı ordumuzun gücü və qarşıdakı əməliyyatlar haqqında nə deyir?

-Təbii ki, işğaldakı hər bir kəndimizin, şəhərimizin azad edilməsi olduqca mühüm və qürurverici bir hadisədir. Cəbrayıl şəhərinin ardınca Füzuli şəhərinin işğaldan azad olunması, habelə Xudafərin körpüsündə üçrəngli bayrağımızın dalğalanması Azərbaycan ordusunun düşmən qarşısında müqayisəedilməz dərəcədə üstünlüyə malik olduğundan xəbər verir. Sentyabrın 27-dən bu günə qədər həyata keçirilən uğurlu hərbi əməliyyatlar göstərir ki, düşmən ordumuza müqavimət göstərmək iqtidarında deyil. Ordumuz işğaldakı digər torpaqlarımızı azad etmək, düşməni bu torpaqlardan qovmaq iqtidarındadır və əminəm ki, biz yaxın günlərdə yeni-yeni qələbələrin, zəfərlərin şahidi olacağıq.

Uzun illərdir ki, işğal altıdna qalan Şuşa, Laçın, Xankəndi kimi şəhərlərimizin də işğaldan azad ediləcəyi gün uzaqda deyil. Və təbii ki, biz əldə etdiyimiz bütün uğurlara görə ilk növbədə Azərbaycan ordusuna, onun Ali Baş Komandanına minnətdarıq. İnanırıq ki, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz tam təmin olunacaq, işğal faktı tam olaraq ortadan qaldırılacaq.

 -Müharibənin alovlanması fonunda xalqın, ictimaiyyətin ordumuza dəstəyi ilə bağlı ciddi tendensiya müşahidə edilməkdədir. Bildiyimiz qədəri ilə sizin rəhbəri olduğunuz təşkilat da ilk gündən orduya dəstək verən, onunla həmrəylik sərgiləyən qurumlardan olub. Sizcə bu gün xalqın orduya dəstəyi xalq-ordu, xalq-dövlət bütövlüyü kimi xarakterizə oluna bilərmi?

 -Şübhəsiz. Qeyd etdiyiniz kimi, bu gün xalq və ordu arasında tam bir birlik mövcuddur. Insanlarımız hər vasitə ilə orduya dəstək olmağa, onunla həmrəylik sərgiləməyə çalışır. Azərbaycan ordusunun maddi-texniki təminatının dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirildiyi hər kəsə məlumdur. Bu, hər bir Azərbaycan vətəndaşına yaxşı məlumdur. Lakin bununla belə insanlar ordumuza həm maddi, həm də mənəvi dəstək verməyi özlərinə borc hesab edir, düşmən üzərindəki qələbədə pay sahibi olmağa çalışırlar. İnsanlarımız öz dəstəkləri ilə göstərirlər ki, Azərbaycan xalqı Azərbaycan ordusunun, öz Ali Baş Komandanının yanındadır və onun hər bir addımını dəstəkləyir. Özəl müəssisələrdən tutmuş dövlət qurumlarına, iş adamlarından tutmuş sadə vətəndaşlara qədər hər kəsin orduya verdiyi dəstəyin mahiyyətində bu mesaj dayanır.

 -Səmyar bəy, orduya dəstək kampaniyasında iştirak edən, hərbçilərimizlə tez-tez görüşən bir şəxs kimi əsgərlərimizin əhval-ruhiyyəsi, döyüş əzmi haqqında nə deyə bilərsiniz?

-Hərbçilərimizlə keçirdiyim görüşlərdən, apardığım müşahidələrdən çıxardığım yalnız bir nəticə var. Bu da Azərbaycan ordusunun döyüş əzminin, əhval-ruhiyyəsinin son dərəcədə yüksək olmasıdır. Hansı ki, bunun da öz səbəbləri mövcuddur. Bu səbəblərin ən başlıcası isə Azərbaycan əsgərinin apardığı mübarizənin haqq işi uğrunda mübarizə olduğunu anlaması, bunu qanı ilə, canı ilə dərk etməsi gerçəyidir. Bu gün hər bir Azərbaycan əsgəri bilir ki, o, öz vətəni, torpağı, bayrağı uğrunda mübarizə aparır. Onun məqsədi kiminsə torpağını zəbt etmək deyil, işğal altındakı dədə-baba torpaqlarını azad etməkdir. Məhz bu qavrayış hərbçilərimizə daxili güc verir. Onlar ayaqları altındakı hər qarış vətən torpağından güc alır, öz mübarizələrini ruh yüksəkliyi, sevgi və şərəf hissi ilə yerinə yetirirlər. Hesab edirəm ki, ordumuzun ən böyük, ən güclü, ən təsirli silahı da məhz budur.

 Mən apardıqları bu müqəddəs mübarizədə ordumuza uğurlar arzulayır, sadəcə ölkə daxilində deyil, xaricdəki hər bir soydaşımızı ordumuza, dövlətimizə dəstək verməyə, böyük, həlledici qələbəmizi yaxınlaşdırmaqda yaxından iştirak etməyə çağırıram. Xaricdəki hər bir soydaşımız bu prosesdə yaxından iştiak etməli, bu mübarizənin dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şərəf işi olduğunu dərk etməlidir.

Zəfər Azərbaycan ordusunun, Azərbaycan əsgərinindir! Yaşasın şanlı Azərbaycan ordusu!

 
Seymur ƏLİYEV

Paylaş

Bizi Facebookda izləyin
menu
menu