“Türkiyəli iş adamları üçün daha yaxşı şərait yaradılmalıdır” – Hamı yerli mal alsın! 

Azərbaycanın dünya ölkələri ilə geniş iqtisadi əlaqələri hər kəsə məlumdur. Xüsusən də hazırda baş verən müharibə bizə dost və düşmən olan dövlətləri tanımağımıza vəsilə oldu. Bir sözlə, Azərbaycanla güclü iqtisadi əlaqələri olan dövlətlərin Ermənistana yardım göstərməsi, onları müdafiə etməsi həmin ölkələri boykot etməyimizə yol açır. Heç kimə sirr deyil ki, işğalçı Ermənistanı dəstəkləyən ölkələrdən biri də Fransadır. Bir müddət öncə Fransa prezidenti Emmanüel Makron fransızlara müraciət edərək onları Türkiyə mallarından imtinaya səslədi. Səbəb isə aydındır. Rəsmi Ankara Azərbaycanın haqq işini dəstəkləyir.

Dağlıq Qarabağın azad olunması istiqamətində rəsmi Bakıya mənən dayaq durur. Bu da daim Ermənipərəst mövqeyi ilə seçilən Fransanı narahat edir. Əlbəttə, Türkiyə də Fransanın bu addımına adekvat reaksiya verdi. Qardaş ölkə lideri Rəcəb Tayip Ərdoğan da türk xalqına üz tutaraq onları Fransa məhsullarını almamağa çağırdı. Artıq Azərbaycan xalqı da R.T.Ərdoğanın bu çağırışına qoşulub. Ölkəmizdə əksər insan artıq Fransa mallarına boykot qoyub. Hətta bəzi iri mağazalar şəbəkəsi Türkiyə mallarının qiymətlərinə endirimlər tətbiq edib, onları faizsiz kreditlərlə satmağa  başlayıb. 



Vəziyyəti şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, iqtisadi boykot məsələsi o qədər asan və effektiv məsələ deyil:

"Fransa-Türkiyə məsələsində söhbət Dağlıq Qarabağdan getmir. Bundan öncə də bu iki dövlət arasında problemlər olub. Yəni  iki dövlət başçısının bir-birinə olan sözlü ittihamları çoxdandır davam edir.

Ümumiyyətlə, Fransa tərəfdən belə bir addım atılacağını gözləmirəm. Bəzi köşə yazılarında olub, rəsmi səviyyədə çağırış olmayıb. Çünki Avropa Birliyinin öz qaydaları var, Fransanın Türkiyə məhsullarını boykot etməsi böyük bir prosedura bağlıdır və bu, prezidentin qərarı ilə baş tutmur.

Həmçinin Türkiyədə də Fransa məhsullarının boykot ediləcəyini düşünmürəm. Təbii ki, çağırışlar var, ancaq ticarət balansına baxanda görürük ki, Türkiyə Fransaya daha çox məhsul satıb. Keçən il 1.2 milyardlıq məhsul ixrac edib. 
Ona görə də siyasi və hüquqi müstəvidə Azərbaycan Türkiyə ilə birlikdə öz haqlarını, hüquqlarını, sağlam mövqeyini təsdiqləməlidir. Amma iqtisadi məsələlərdə bir az daha çevik və uzaqgörən davranmalıdır.

Anlaşılandır ki, Türkiyə məhsulları Azərbaycanda daha çox olmalıdır. Türkiyəli iş adamları üçün daha yaxşı şərait, istehsal və xidmət sahələri yaradılmalıdır. Dövlətin bu sahədə müəyyən addımlar atmasına ehtiyac var.

Azərbaycanın da bu çağırışlara qoşulması, iqtisadi cəhətdən effektiv olmayacaq. Digər həmsədr ölkələrdən biri də Rusiyadır. Azərbaycan kənd təsərrüfatı məhsullarının 80 faizə yaxınını Rusiyaya satır.

Əgər Azərbaycan Rusiya məhsullarını boykot etsə, məhsulumuzu kimə satacağıq?
Ən çox kənd təsərrüfatı ixracatımız pomidordu. Rusiyaya təkcə 168 milyon dollarlıq pomidor satmışıq. Yəni iqtisadi boykot məsələsi o qədər asan və effektiv məsələ deyil.

Fransa Azərbaycana ildə 300milyon dollarlıq məhsul satır, Azərbaycan isə Fransaya cəmi 60-70 milyon dollarlıq məhsul satır. Tutaq ki, biz Fransanı iqtisadi cəhətdən boykot etdik. Fransa bundan nə itirəcək, böyük bir itkisi olacaq?

Xeyr, olmayacaq. Ölkələrin bir-birinin məhsullarını boykot etməsi məsələsinin gündəmə gələrkən sonda həmişə udan ölkə Çin olur. Pul bazarlarının itirilməsinin gələcəkdə böyük fəsadları ola bilər.

Azərbaycan və Türkiyə siyasi, hərbi, hüquqi müstəvidə bir olub.

Məhsulların boykot edilməsi, ancaq siyasi ritorika üçün istifadə oluna biləcək məsələdir. Bunun da böyük bir effekt verəcəyini düşünmürəm".

Pərvin Piriyev 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu