Ermənistanın Sünik (Zəngəzur) vilayətində 14 yaşlı uşaq minaya düşüb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, uşaq tarlana ot biçən zaman mina partlayıb. Nəticədə o, sinəsindən, sifətindən və sol qolundan xəsarət alıb.
Qeyd edək ki, yaxın zamanda bir erməni hərbiçisi daha minaya düşüb.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən hərbi ekspert Azər Bayramov bildirib ki, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində və ondan sonrakı dövrdə şərti həmsərhəd bölgəsi ilə təmas xətti boyunca əraziləri minalayıb:
"Mən Ermənistan tərəfinin heç bir zaman əsaslı və etibarlı mina xəritələrini bizə verəcəyini düşünmürəm. Rəsmi İrəvan mütəmadi olaraq hansısa formulyarların mövcudluğunu bildirsə də, bizə hər hansı bir sahənin xəritələri yox, minalanmış bütün ərazilərin xəritələri lazımdır. Bu səbəbdən onların verdikləri xəritələrin minatəmizləmə işlərinə əsaslı təkan verəcəyini gözləmirəm. İkinci Qarabağ müharibəsindən sonra bizə, orada əsaslı yenidənqurma işləri və Böyük Qayıdışa mane olan əsas problem mina məsələsidir".
Ekspert əlavə edib ki, Ermənistan tərəfi əvvəlki təxribatçı fəaliyyətlərini məhdudlaşdırsa da, bu yollarla bizə ziyan vurmağa çalışır:
"Lakin Ermənistan minatəmizləmə işlərində bizə bu cür problemlər yaşatmağa davam etsə, iki tərəfdən də belə itkilər müşahidə olunacaq".