Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.
Sherg.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.
Həmçinin silahlanmada olan universal radiolokasiya komplekslərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, ona məxsus artilleriya vasitələri ilə mübarizənin aparılması, eləcə də hava kəşfiyyat cihazlarının aşkar edilərək xüsusi texniki vasitələrlə endirilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra olunub.
Təlimin keçirilməsində əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldilib.