Vüqar Bayramov: Muzdlu işçilərin sayı 28.6 min nəfər artıb

Millət vəkili deyib ki, özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayının artması əsasən 3 faktor ilə bağlıdır
 
 
 Dövlət sektorunda çalışanların sayı son bir ildə 5.5 min nəfər azalıb, qeyri-dövlət sektorunda (özəl) çalışan muzdlu işçilərin sayı isə 28.6 min nəfər artıb. Beləliklə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 23.1 min nəfər çoxalıb.

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov "Sherg.az"a deyib ki, özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayının artması əsasən 3 faktor ilə bağlıdır: 
"Birincisi, ötən müddətdə qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi ilə bağlı islahatlar davam etdirilib. Bu da əmək müqaviləsi ilə çalışmayan bir sıra vətəndaşlarımızın rəsmi muzdla işləməsinə imkan yaradıb. İkincisi, bir sıra qanunvericilik aktlarına edilən dəyişikliklər özəl sektorda daha çox iş yerlərinin yaradılmasına səbəb olub. Xüsusən də, mikro və kiçik sahibkarlıqda iş yerlərinin sayının artması müşahidə olunub. Üçüncüsü, iqitisadiyyatın bəzi sahələrində, xüsusən də xdimət sferasında yeni iş yerlərinin sayında artım qeydə alınıb ki, bu da ümumi muzdla çalışan işçilərin sayına birbaşa təsir göstərib".

 Parlament üzvünün sözlərinə görə, dövlət sektorunda muzdla çalışanların sayının azalması struktur islahatları və əmək müqavilələri ilə bağlıdır:
 "Bu sahələrdə əməkhaqqı fondu artsa da, işçi sayında azalma müşahidə edilib. Məsələn, ötən ilin ilk 5 ayının yekunlarında təhsil sektorunda 331 min 449 nəfər çalışırdısa, bu rəqəm bu il 330 min 636-dək azalıb. Bütövlükdə, həm əmək müqaviləsi ilə çalışan işçilərin sayının artırılması, həm də ümumi muzdlu məşğulluqda özəl sektorun payının daha da artırılması prioritet olaraq qalmaqdadır".