İlan zəhəri niyə istehsal olunmur? -RƏY

Vaxtı ilə bu sahə qazanc, iş yeriydi

İlanlar deyəsən, “bekarçılıqdan” insanları sancır...
 

  İlanın tibbin rəmzinə çevrilməsinin səbəbləri məlumdur. İlan müdriklik rəmzi, ilan zəhəri isə min-bir dərdin dərmanı sayılır. Bu, qədim yunan mifologiyasından qaynaqlanan inancdır. Dünya da bunu qəbul edib. Elə isə zəngin faunaya malilk ölkəmizdə ilan zəhəri niyə istehsal olunmur artıq? 
“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İskəndərovun bununla bağlı açıqlaması diqqət çəkir:
- Ölkəmizdə 29 növdə  ilan olduğu bildirilir, bunun da 17 növü zəhərsiz, 5 növü yarızəhərli, 7 növü  isə zəhərlidir. İlan zəhəri çox böyük müalicəvi əhəmiyyətə  malikdir. Məsələn, dünyada qurudulmuş ilan zəhərinin bir qramı təxminən 300-800 dollardır. Zəhər təmizlənib sertifikatlaşdırıldıqda isə qiymət 2 dəfəyə qədər artır. Beləliklə, 1 qram ilan zəhəri bir barel neftin qiymətindən dəfələrlə bahadır. Hazırda dünyanın ilan zəhərinə olan illik tələbatı 10 kiloqramdır. Bu məhsulu dünya bazarına əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan kimi Asiya ölkələri, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır. Ən yaxşı zəhər kobra ilanının zəhəridir. Hər bir ilan növünün zəhəri ayrı-ayrı xəstəliklərdə istifadə olunur. Kobra ilanının zəhəri sinir-əsəb sistemi ilə bağlı olan xəstəliklərin, gürzə və gürzə kimi ilanların zəhəri ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Məlumdur ki,  tibdə ağrıkəsici vasitə kimi narkoz və digər narkoloji vasitələrdən istifadə olunur. Bir çox ilanlar güclü ağrıkəsici gücü olan yavaş təsirli zəhərə malikdirlər. Azərbaycanda da vaxtilə sovet dövründə ilan zəhəri istehsal olunub.  Həmin dövrdə ilan zəhəri istehsalı Zirə qəsəbəsi və Ağsudakı Herpetoloji kombinatlarda aparılıb. Xüsusən də Zirə Herpetoloji Kombinatı müxtəlif əczaçılıq zavodlarına hər il olduqca yüksək qiymətə zəhər idxal edirdi. İstehsalı artırmaq üçün maraqlı kampaniyalar aparılır, ilan tutub təhvil verənə bahalı mükafat verilirdi. Ümumilikdə Orta Asiya və Azərbaycanda cəmi bir yerdə 5 kq ilan zəhəri istehsal olunurdu ki, onun da 70 faizi ölkəmizin payına düşürdü. Bu isə kifayət qədər yüksək göstəricidir. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra bu kombinatlar ləğv olunmasa da, fəaliyyəti dayandırıldı.

T.İskəndərov bildirib ki, ilanlar eko-sistemə, ekoloji müxtəlifliyin mövcudluğu üçün böyük fayda kəsb edir:
- İlanlar gəmiriciləri məhv edən başlıca təbii vasitədir. İlanları məhv etməkdənsə, onlardan həm kənd təsərrüfatında gəmiriclərə, zərərvericilərə qarşı istifadə etmək olar, həm də bahalı maddə olan ilan zəhəri istehsal edib farmakalogiyada, dərman istehsalında istifadə etmək və ixrac etməklə böyük gəlir əldə etmək olar.
Məlumata görə, 1996-cı ildən bəri Azərbaycanda ilan zəhəri istehsalı rəsmən dayandırılıb. Bu zaman ərzində 300-ə yaxın ilan azadlığa buraxılıb. İlanların saxlandıqları məkan isə baxımsız şəraitdədir. Vaxtilə Zirədəki kombinatda  3 min ilan saxlanılıb. Əldə edilən ilan zəhərinin bir hissəsi Estoniyanın Tallinn şəhərindəki farmakoloji zavoda göndərilir, orada da "Viprosal" mazı istehsal edilirdi. Zəhərin digər qismi isə SSRİ-dəki farmakoloji kombinatlar arasında paylanır, xaricə də ixrac olunurdu. 1989-cu ildə Azərbaycan SSR-in Nazirlər Kabinetinin qərarı ilə Zirə Herpotoloji Kombinatından Estoniyaya gürzə zəhərinin göndərilməsi dayandırılıb. Məqsəd bu idi ki, müvafiq avadanlıq, qurğuları Bakıya gətirib, zəhərdən ölkə daxilində farmakoloji preparatlar istehsal etmək, habelə kristallaşmış formada "saf" zəhər alıb ixrac edilsin.  Bu, külli miqdarda gəlir vəd etsə də, layihənin icrası baş tutmayıb. Belə faydalı və zənginlik vəd edən təbii vasitə olsa da, ondan lazımınca istifadə edilmir. İlanlar da, deyəsən, “bekarçılıqdan” insanları sancır...