Su-25-lərimiz Aktauda havaya qaldırıldı - Video

Qazaxıstanın Aktau şəhərində keçirilən Birləşdik-2024 beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri döyüş atışlı təlim-məşq uçuşlarını icra ediblər.

Bu barədə Sherg.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb. Təlimin planına uyğun olaraq Su-25ML tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz və gecə vaxtları uçuşların yerinə yetrilməsi, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.

Hərbi pilotlarımız tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, onlara zərbələr endirərək məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Qeyd edək ki, Birləşdik-2024 əməliyyat-taktiki komanda-qərargah təlimində hərbi pilotlarımız qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra edərək peşəkarlıq nümayiş etdiriblər.