Bu, onların psixoloji vəziyyətinə təsir göstərir
Azərbaycan cəmiyyətində hələ də Məhərrəm ayı və Aşura gününün mahiyyəti barədə insanların kifayət qədər məlumatı yoxdur
Bu gün hicri təqviminin ilk ayı olan Məhərrəm ayının 10-cu günü –Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası dindarları Aşurada özünü döymək adətlərindən çəkinməyə, Azərbaycanın müstəqillik illərində ənənəvi hal almış qanvermə aksiyalarında iştiraka çağırıb: “Şura olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir”. QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir”.
Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də vətəndaşlara müraciət edib.
Müraciətdə deyilib:
-Dini etiqad azadlığı haqqında” qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.
Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar”.
İnsanların azyaşlı övladlarını Aşura mərasimlərinə gətirilməsinə qanunla müdaxilə edilmir. Ancaq mütəxəssislər bildirirlər ki, valideynlər özləri bunu nəzərə almalıdırlar ki, azyaşlı uşaqların gözü önündə bədəndən qan çıxarılması və digər hərəkətlər birmənalı şəkildə yolverilməzdir. Yeri gəlmişkən, sabah bir çox yerdə qanvermə aksiyaları keçiriləcək. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.
Aidiyyatı qurumların çağırışlarından da göründüyü kimi bu il də respublika ərazisində Aşura mərasimləri qanvermə aksiyası ilə əvəzlənəcək. Aksiya zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan isə hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Məhərrəmlik ayı və Aşura mərasimi hər il olduğu kimi, bu ildə bir sıra məqamları gündəmə gətirib. Valideynlər qızlarını qara çarşaba bükərək məclislərə aparır. Azyaşlı oğlanlar isə sinəvurma mərasimlərində iştirak və özlərinə zərər yetirirlər. Demək olar ki, uşaqların belə mərasimlərə cəlb edilməsi çox az rast gəlinir. Artıq Azərbaycanda savadlı və dünyagörüşü yüksək olan şəxslərin sayı çoxalıb. Məhərrəmlik mərasimlərini əxlaqi, dini çərçivəni qoruyaraq keçirmək, ona uyğun matəm saxlamaq lazımdır. Say azalsa da, bu tam olaraq aradan qalxıb deyə bilmərik.
Mütəxəssislər qeyd edir ki, uşaqların Aşura mərasiminə gətirilməsi onların psixoloji sarsıntı keçirməsinə səbəb ola bilər.
Bu, onların gələcəkdə ciddi problem yaşamasına səbəb olur, şəxsi inkişaflarına mənfi istiqamət verir. Bu, düzgün hal deyil. Dünyagörüşü yenicə formalaşmağa başlayan uşaqları bu kimi yerlərə aparmaq olmaz, xüsusilə, dini mərasimlərə. Çünki dində uşaqlara müəyyən yaş məhdudiyyəti qoyulub. Hansı ki, bu yaşdan sonra uşaqlar şəxsi seçimləri ilə mərasimlərə qatılıb-qatılmamağa qərar verə bilərlər.
Dünyagörüşü yenicə formalaşmağa başlayan uşaqları bu kimi yerlərə aparmaq olmaz, xüsusilə, dini mərasimlərə. Çünki dində uşaqlara müəyyən yaş məhdudiyyəti qoyulub. Hansı ki, bu yaşdan sonra uşaqlar şəxsi seçimləri ilə mərasimlərə qatılıb-qatılmamağa qərar verə bilərlər.
Beləliklə, azyaşlıların imanını gücləndirmək adı altında onları dini mərasimlərə aparmaq yolverilməzdir. Valideynlər fikirləşirlər ki, uşağı kiçik vaxtdan dinə inamlı tərbiyə edirlər. Əslində isə uşaqlar özlərini dərk etdikdən sonra bu mövzuda qərar verməlidirlər. Elm və texnologiyanın yüksək sürətlə inkişaf etdiyi dövrdə yaşadığımızı nəzərə alsaq, uşaqlarımız elmi biliklər almalı, dünyəvi şüur və milli mənəvi dəyərlərlə tərbiyə olunmalıdır.
Çünki Azərbaycan xalqının zəngin milli, mənəvi dəyərləri var. İslam dini də bu dəyərlərin fövqündə durur. Odur ki, dinin müxtəlif qrupların maraqlarına uyğun şəkildə təbliğ olunmasına yol verməməliyik. Hər bir insan dini şüurlu şəkildə dərk edib yaşamalı, dini ibadətlərini heç kimə zərər vermədən həyata keçirməlidir.
Azyaşlıların belə mərasimlərə cəlb olunması onların psixologiyasında hansı izlər buraxır?
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də Aşura günü ilə bağlı çağırış edib:
"Məhərrəm ayının Aşura günü azyaşlı uşaqların məscidlərdə keçirilən kütləvi mərasimlərə aparmayın. Körpələrin, azyaşlı uşaqların orada saatlarda gün altında saxlanması və ya müxtəlif qapalı məkanlarda havasızlıq şəraiti, yüksək infeksiya riski onların səhhətində müxtəlif problemlərə yol aça bilir. Eyni zamanda yaşlarına uyğun olmayan məzmunla tanışlıq da uşaqlarda psixoloji travmalara səbəb olur. Çox xahiş edirəm, bu cür həssas məqamları nəzərə alın, uşaqların sağlamlığı məsələlərinə xüsusi olaraq diqqət edin”.
Millət vəkili Ceyhun Məmmədov da “Şərq”ə açıqlamasında bildirib ki, azyaşlıların Aşura günü məscidlərə aparılması onların psixoloji sağlamlığına zərbə vurur:
“Azərbaycanda hər il Məhərrəmlik ayı və Aşura günü yüksək formada qeyd olunur. Xüsusilə məscidlərdə izdiham yaşanır. İnsanlar ənənələrə sadiqlik nümayiş etdirərək məscidlərə gedirlər. Lakin bir məsələni qeyd etmək lazımdır ki, azyaşlı uşaqların məscidlərə aparılması düzgün deyil. Bu, onların psixoloji vəziyyətinə təsir göstərir, çünki bəzi məscidlərdə hələ də insanların zəncirlə özlərini döydüklərini və xəsarət yetirdiklərini görürük. Bu da birmənalı olaraq onlara ciddi təsir göstərir. Məscidlərdə nəzarət olmalıdır ki, azyaşlılar bu məclislərdə iştirak etməsinlər”.
Ceyhun Məmmədov bildirib ki, Azərbaycan cəmiyyətində hələ də Məhərrəm ayı və Aşura gününün mahiyyəti barədə insanların kifayət qədər məlumatı yoxdur:
“İnsanlar bu ayın fəlsəfəsini bilməlidir. Məhərrəm ayı haqsızlığa qarşı mübarizə deməkdir. Bu bir şəhadət məktəbidir. Bu, insanlara vətən yolunda canından keçməyi təbliğ edir. İnsanlar özlərinə xəsarət yetirməməlidir. Çalışmalıyıq ki, insanları daha çox məlumatlandıraq, beləliklə onları zərərli davranışlardan qoruyaq”.
Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, belə dini mərasimlərin uşaqların psixilogiyasında buraxdığı izlər azyaşlının və ailənin psixoloji durumuna görə dəyişir:
“ Həmin dini mərasimləri uşaqlara travmatik hadisə kimi aşılayanda onun beynində faciə kimi qalır. Bu onun gələcək həyatında hansısa bir hadisəyə baxışına öz təsirini göstərəcək. Uşağa Məhərrəmliyi, Aşuranı savadlı şəkildə, tarixi hadisə kimi aşıladıqda bu zaman vəziyyət dəyişir. Uşağa bunları bütün inanclı insanların tarixi hadisəyə bağlanmaları kimi məntiqli şəkildə izah etmək lazımdır. Belə olan təqdirdə azyaşlılar travma almır. İnsanların inanclarını cahilcə yox, savadlı şəkildə davam etdirməsi cəmiyyətə və uşaqlara daha çox xeyri olur".
Psixoloq zəncir vurmaq, qan çıxarmaq, insanların özlərinə zərər yetirməsi halların nəinki uşaqlarda, böyüklərin psixologiyasına mənfi təsir göstərdiyini vurğulayıb:
"Mən insanların öz inanclarına sadiq qalmağın tərəfdarıyam. Çünki inanclar insanı psixoloji baxımından güclü edir. Amma düzgün, savadlı və cəmiyyətə zərər vurmayacaq inanc olmalıdır. Cahil inanc insanları uçuruma aparır. Ümid edirəm ki, məktəblərimizdə və verilən elm uşaqlara aşılanan cahil inanclardan daha güclü olacaq. Uşaqların bu cür baxışlarının yaranmasının qarşısını alacaqdır. Burada güc məktəbə və elmə düşür. Uşaq vaxtında ayılmalıdır. Ailə belə bir şey varsa, həmin ailədə olan uşaq 5-6 yaşından məktəbə gedir. Məktəbdə uşağa təhsil elə verilməlidir ki, o buna cahil kimi baxacaq. Biz buna nail olsaq uşaqlarımızı cahillikdən xilas etmiş olacağıq".