Politoloq: Regionda yeni siyasi münasibətlər sistemi formalaşır

Tehran Azərbaycanla əlaqələri normallaşdırmağa məcburdur
 
“Ermənistanın Qərblə əlaqələri və ABŞ hərbçilərini ölkəyə dəvət etməsi, Tehranın İrəvan siyasətinin fiaskosudur"
 
 
 "Azərbaycanın irəli sürdüyü tələblərlə bağlı qərar verən Ermənistandır. Lakin bu məsələdə bizim mövqeyimiz ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, lehinəyik". Bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib. Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbi haqda sualı cavablandıran səfir bildirib ki, münasibətlər nizamlananda sərhədlərin açılması təbiidir: "Biz Ermənistanın suverenliyi altında rabitə kanallarının açılmasının tərəfdarıyıq və bu, regionun bütün ölkələrinə şamil edilməlidir. Bizim Naxçıvanla sərhədimiz var və Culfadan İrəvanla dəmir yolu ilə, Şahtaxtıdan (Naxçıvanın kəndi – red.) Arazdəyənə avtomobillə də əlaqə saxlaya bilərik. Başqa sözlə, Mehridən İrəvana təxminən 6 saatdır, Şahtaxtıdan Arazdəyənə və İrəvana isə, yəqin ki, bir saatdan az olar. Yəni yol açılsa, hamı ondan istifadə edəcək. Bu, təkcə şərq-qərb istiqamətinə deyil, həm də şimal-cənub istiqamətinə aiddir. Amma blokadanın açılması ölkələrin milli suverenliyi çərçivəsində olmalıdır. Heç kim öz ərazisində qanunlarının pozulmasına icazə vermir, bu, beynəlxalq hüquqa ziddir və burada dividendlər olmamalıdır. Faydalar hər kəsə şamil edilməlidir”.

 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı olmadığını səfirin dili ilə bəyan etdi. Ekspertin sözlərinə görə, halbuki İranın İrəvandakı səfiri daim anti-Azərbaycan ritorikasından çıxış edərək, Zəngəzur dəhlizinə qarşı olduğunu vurğulayırdı: 

"Səfirin mövqeyini dəyişməsi, əsasən İranda yeni prezidentinin Azərbaycanla və Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət mövqeyindən irəli gəlir. Azərbaycan İranda səfirliyinin fəaliyyətini bərpa edib. İkitərəfli əlaqələrdə müsbət dinamika var. İranın yeni Administrasiyası çalışacaq ki, münasibətləri inkişaf etdirsin. Düzdür, İranın xarici siyasət doktirinasında Azərbaycan İranın suverenliyi üçün "təhlükə" hesab edilir və bu xətdən imtina edilməsi gözlənilmir. Lakin regionda yeni siyasi və münasibətlər sistemi formalaşır. Tehran Azərbaycanla əlaqələri normallaşdırmağa məcburdur. Ermənistanın Qərblə əlaqələri və ABŞ hərbçilərini ölkəyə dəvət etməsi, Tehranın İrəvan siyasətinin fiaskosudur".
İsmayıl Qocayev