Fransanın başqa dövlətləri günahlandırması onun acizliyinin göstəricisidir -ANALİTİK

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib. 
"Fransanın daxili işlər naziri Jerar Darmaninin 16 may 2024-cü il tarixində "France-2" telekanalına müsahibəsində ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik".

XİN rəsmisi qeyd edib ki, ilk növbədə, Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik.

"Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı.

Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.
Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov "Sherg.az"a açıqlamasında bildirib ki, Makron hakimiyyəti beynəlxalq ictimaiyyətin diqqətini yaşanan qarşıdurmalardan yayındırmaq üçün Azərbaycanı onun daxili işlərinə qarışmaqla ittiham edir:
"Fransanın bu iddiaları olduqca absurddur. Kanakların və digər xalqların Fransanın müstəmləkəçi, neokalonist siyasətinə qarşı mübarizələri onilliklərə dayanır. Bu mübarizələr başlayanda Azərbaycan müstəqil dövlət deyildi. Hazırda qarşıdurmaların şiddətlənməsinin səbəbi isə Fransanın seçki və digər məsələlərdə üstünlük yaratmaq istəyidir. Bununla razılaşmayan yerlilər aksiyalar təşkil edir, etirazlarını bildirirlər. Sözügedən məsələlərdə Fransanın başqa dövlətləri günahlandırması onun acizliyinin göstəricisidir".

Analitik əlavə edib ki, dünya mediasının Fransanın Yeni Kaledoniyadakı zülmünə susması ədalətsizlikdir:
"Hazırda bəşəriyyət üçün ən böyük faciələrdən biri neokalonistlikdir. Azərbaycanın bu məsələdə susmaması onun bəşəri dəyərlərə olan həssaslığının göstəricisidir".