Osman Gündüz: Özəl və dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər

İnternetin qiyməti 40 faiz bahalaşacaq

Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki, onlar niyə etməməlidirlər


  Azərbaycanda internetin qiyməti bahalaşacaq. Dövlət və özəl provayderlər internet qiymətini 40 faiz  qaldırmağı planlaşdırır.  İyulun 12-də özəl provayderlər, 17 iyulda isə dövlət provayderləri bu barədə məlumat yayıblar. 
  "Aztelekom” MMC-dən bildirilib ki,   “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC vətəndaşların həyat keyfiyyətinin artırılmasına öz töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir.
Qeyd olunub ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır: “Qiymət siyasəti müştərilərə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır”. Bildirilib ki, xidmət şərtləri və qiymət təklifləri barədə məlumatlar “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında dərc edilib:
“Belə ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək”.

  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz isə “Sherg.az”a açıqlamasında deyib ki, özəl, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki, onlar niyə etməməlidirlər:

 "Dövlət və özəl provayderlər  sanki yarışa girib, separat sövdələşmə etməklə internetin sürətini və qiymətini gələn aydan birdən-birə 40 faiz qaldırmaq istəyirlər.  Hazırda minimal qiymət  18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir. İndi təklif olunan isə  minimal 100 Mb/s üçün 25 manat olacaq. 
Bütün bunlar isə düşünürəm ki, doğru bir yanaşma deyil, yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün. Düşünürəm ki, hamı üçün minimal sürəti 100 Mbit/s  etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu, birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək, görəsən, kimin ağlına gəlib. Hansı təfəkkürün məhsuludur bu?
İndi mən sual edirəm hökumətə, kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-i olmayan, min cür əziyyətlə çörəkpulu - gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansısa bir onlayn xidmətlərdən yararlanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan  bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı? 
Bu vətəndaşlarımız hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan  bü sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq?
  Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun. Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik   “dövlət provayderi”dir ki, məhz vətəndaşın tələbatına və  gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun.
Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq, digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırıq. 
Son 3 ildə RİNN bütün ölkə boyu ildırım sürətli bir internetləşmə siyasəti apara bilib. On illər ərzində reallaşa bilməyən reallaşıb. Ölkədə nəhəng bir internet şəbəkəsi, həm də dövlətə məxsus olan bir şəbəkə formalaşıb. 
Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq 92 faizə çatıb. Bu çox böyük bir uğurdur. Amma buna kölgə sala biləcək addımlara yol vermək doğru olmazdı. 
İndi dövlətə məxsus olan bu internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun. Ümid edirəm RİNN, İKTA baş verənlərin fərqindədir.
  ""Aztelekom" minimal 100 Mbit/s sürət vermək iqtidarındadırmı" sualına gəldikdə isə O.Gündüz deyib ki, "Aztelekom" tarana gedir. Dövlət provayderi də olsaq, qiymətləri 40 faiz qaldıracağıq deyirlər, lakin gətirdikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir: ""Aztelekom"un tarana getməsi onun göstəricisidir ki, hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil. 
"Aztelekom" da nə RİNN tabeliyində olan İKTA-dan çəkinir, nə də Antiinhisardan. Antiinhisarla da məhz bu tip məsələlərlə bağlı məhkəmə çəkişməsindədir.
Düşünürəm ki, yenicə magistral (backbone) statusu qazanan "Aztelekom"un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur. Öncə gərək müvafiq qurumlar monitorinq aparıb "Aztelekom"un elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyən etsin. Əminliklə deyirəm ki, "Aztelekom"da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur.
"Aztelekom" güman ki, müqavilədə nəzərdə tutulanı deyil, aşağı sürətləri təqdim  edəcək, sadə vətəndaşların bundan xəbəri olmayacaq,  sadə vətəndaşlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək.
Bu da asılı olacaq İKTA və Antiinhisarın yanaşmasından, həmçinin ictimai nəzarətin gücündən”.