Biləsuvar rayonunda tut ağaclarının yarpaqlarında kütləvi xəstəlik yayılıb.
Bu barədə İqtisadiyyat.az-a rayon sakinləri məlumat veriblər. İndiyədək belə bir halın baş vermədiyini söyləyən yerli sakinlər ilk dəfədir tut yarpaqlarında xəstəlik yayılması faktı ilə rastlaşdıqlarını bildiriblər. Onlar deyiblər ki, bəzi ağacların yarpaqları xəstəlik səbəbindən, demək olar ki, quruyaraq tökülüb. Sakinlər bu xəstəliyin yarpaqlardan sonra ağacların budaqlarına və gövdəsinə keçmə ehtimalından narahatlıqlarını ifadə ediblər:
"Biz əsasən ondan narahatıq ki, bu xəstəlik ağacların özünü də qurudar. İlk dəfədir belə bir halla rastlaşırıq. Fikrimcə, bu vəziyyəti isti hava və ya şüa ilə əlaqələndirmək düzgün deyil. Çünki indiyə qədər belə bir hal baş verməmişdi. Belə bir vəziyyətin baş verməsi bizə də qaranlıqdır".
Məsələ ilə bağlı danışanTürkiyəli meşəbəyi Səid Dağdaş “Sherg.az”a açıqlamasında deyib ki, kəpənəklər(lepidoptera) pullu qanadlı növlər olduğu üçün onların tırtılları ağaclara zərər verir:
''Kəpənəklərin yarpaqlara ziyanını aradan qaldırmaq üçün Delfin adlı dərman var. Qeyd edim ki , bacillus thuringiensis təbii olaraq torpaqda tapılan bir bakteriyadır. Yetişməmiş həşəratlar (larvalar) üçün zəhərli olan zülallar istehsal edirlər. Bacillus thuringiensis-in çoxlu növləri var. Hər biri müxtəlif həşərat qruplarını hədəf alır. Hədəfə həşəratlara böcəklər, ağcaqanadlar, qara milçəklər, tırtıllar və güvələr daxildir. Bu vasitə tırtıllara və güvə sürfələrinə qarşı xüsusilə təsirlidir. Bitkiyə delfin vurulduqda hədəf sürfələr toksinləri yeyir və bağırsaqlarında aktivləşir. Aktivləşdirilmiş toksin isə onların bağırsaqlarını parçalayır və həşəratlar infeksiyadan, aclıqdan ölürlər. Ölüm bir neçə saat və ya 1 həftə ərzində baş verə bilər. Bu məhsul yalnız yarpaqdan çiləmə üsulu ilə tətbiq olunur. Delfin digər kimyəvi məhsullarla qarışdırıla bilər. İstifadədən əvvəl bir qarışıq testi etmək məsləhətlidir''.