Bakteriya yuvası: Dondurma alarkən nəyə diqqət etməliyik?

Daha 3 yerli və 5 idxal olmaqla, ümumilikdə, 8 dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı 7 müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub.
Eyni zamanda dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi qaydada xəbərdarlıq olunub.
Ümumilikdə, monitorinq müddətində uyğunsuzluq aşkar edilmiş 2809 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması, 2569 ədəd məhsulun isə məhv edilməsi təmin edilib. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir.


Qida texnoloqu Asim Vəliyev “Sherg.az”a bildirib ki, dondurma alarkən Enterobacteriaceae kimi təhlükəli bakteriyalarla çirklənmə risklərinin qarşısını almaq üçün məhsulun təhlükəsizliyini və keyfiyyətini təmin etmək vacibdir: 

“Yəni qablaşdırmanın düzgünlüyünə və zədələnmə əlamətlərinin olmadığına diqqət etməliyik. Etiketlərdə qeyd olunan istehsal və son istehlak tarixləri, tərkibinə qatılan qatqı maddələri və saxlama təlimatları kimi vacib məlumatları oxumalıyıq. Dondurmanın mağazada düzgün temperaturda (-18°C və ya daha aşağı) saxlandığından əmin olmalı, ərimədiyinə və ya yenidən dondurulmadığına diqqət etməliyik. Həmçinin dondurucuların təmiz olması da önəmli şərtdir. Dondurmanın xarab olduğunu göstərən hər hansı qeyri-adi rəng və ya görünüşün olub-olmadığını yoxlamalıyıq. Ərimə və yenidən donma əlamətləri temperaturun pozulmasının göstəricisidir. Ümumiyyətlə dondurmalar Enterobacteriaceae kimi zərərli bakteriyalarla çirkləndikdə təhlükəli ola bilir. Bu bakteriyalar xüsusilə uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, xroniki xəstəliyi olan, immun sistemi zəif olan insanlarda qida qaynaqlı xəstəliklərə səbəb olur. Həm yerli, həm də idxal edilən dondurmalar ciddi gigiyenik şəraitdə emal edilmədikdə, saxlanmadıqda və ya istehsal edilmədikdə risk altında olma ehtimalı var. Enterobacteriaceae, həmçinin salmonella, e.coli və başqa patogenlər təhlükəlidir. Ağır mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər".

Ekspert qeyd edib ki, dondurmada bakterial çirklənmənin bir neçə şəraitdə baş verməsi mümkündür:
"Dondurma alarkən, tanınmış, etibar edilən markaların məhsullarına üstünlük vermək daha doğru olardı. Düzgün qablaşdırma və etiketlənməyə diqqət etməliyik, düzgün saxlandığından əmin olmalıyıq, ərimə və ya yenidən donma əlamətlərinə diqqət etməliyik İstər yerli, istərsə də xaricdən gətirilən dondurmalar düzgün saxlanmadıqda, daşınmadıqda risk altında ola bilər. Bakterial çirklənmə istehsaldan pərakəndə satışa qədər istənilən mərhələdə baş verə bilir”.