Yeni dəstək axtarışı: Rəsmi İrəvan Rusiyaya alternativ kimi Tehran rejimini seçib

İranın Ermənistana qaz ixracı yaxın gələcəkdə iki dəfə artacaq.

Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani İranın SNN agentliyinə müsahibəsində deyib.

Səfir qeyd edib ki, yolların tikintisi, qaz və elektrik enerjisi mübadiləsinin genişləndirilməsi kimi birgə infrastruktur və enerji layihələri regional infrastrukturun yaxşılaşdırılmasına və qarşılıqlı ehtiyacların ödənilməsinə kömək edir.

İranın Ermənistan bazarında Rusiyanı çoxdan əvəz etmək istədiyini bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, rəsmi İrəvan Şimal qonşumuzdan enerji daşıyıcılarına dair asılılığını azaltmaq və xilas olmaq üçün alternativ olaraq Tehran rejimini seçib:

“Sadəcə olaraq tərəflər arasında məsələ ilə bağlı qiymət sahəsində razılığa gəlinməyib. Ona görə də İranla Ermənistan arasında bu istiqamətdə əməkdaşlıq əvvəlki səviyyədə davam edir. Sobhaninin açıqlaması göstərir ki, İran tədricən Ermənistana təbii qaz tədarükünü artırmağı planlaşdırır. Sözügedən məsələdə ABŞ və Avropa İttifaqının İrana tətbiq etdiyi sanksiyaların aqibətinin necə olacağı sual doğura bilər. ABŞ və Avropa Birliyi hərbi sahədə daxil olmaqla istənilən istiqamətdə Ermənistanın İran İslam Respublikası ilə əməkdaşlığına göz yumur. Onlar hesab edir ki, bu əməkdaşlıq Rusiya ilə münasibətlərə alternativdir. Ona görə də Rusiya ilə müqayisədə İrana üstünlük verilir. Ermənistanın rəsmi Tehranla əlaqələrini genişləndirməsinin əsas səbəblərindən biri də Qərbin rəsmi İrəvanı bu məsələdə dəstəkləməsidir".