Fuad Abbasov: "Əsas rəqiblərim Zahid Oruc və Natiq Cəfərlidir"

"Əhmədli, kənd Əhmədli sakinlərini imza kampaniyasına gözləyirik"

"500 imzaya ethiyacımız var"


33 saylı Xətai birinci seçki dairəsində namizədliyini irəli sürmüş tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov imzatoplama kampaniyasına start verib. 

Deputatlığa namizəd "Sherg.az"a açıqlamasında dairə sakinlərini ona dəstək olmağa səsləyib. Bildirib ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13 nömrəli binanın altında onun Seçki Qərargahı yerləşir: 

"Seçki Qərargahımız Misra TV-nin ofisidir. Misra TV 2020-ci ildə tərəfdarlarımızın köməyi ilə fəaliyyətə başlayıb. Müharibə zamanı, postmüharibə dönəmində bu ofisdən, yan tərəfdəki studiyadan canlı yayımlar vermişik. Ona görə də qərara gəldik ki, namizədliyim üçün imza kampaniyasını məhz burada həyata keçirək. 500 nəfərin imzasına ehtiyacımız var. Qərargahın qarşısında masamızı, oturacaqlarımızı qoymuşuq. Əhmədli, kənd Əhmədli sakinlərini imza kampaniyasına gözləyirik. Seçkidə namizəd kimi iştirak etmək üçün ilk növbədə izma toplamalıyıq. İstərdim ki, Xətai seçki dairəsinin sakinləri imzatoplama kampansiyasında aktiv şəkildə iştirak etsinlər". O bildirib ki, əsas rəqibləri Zahid Oruc və Natiq Cəfərlidir". 

Qeyd edək ki, Fuad Abbasov 2020-ci il 9 fevral seçkilərində də 33 saylı Xətai birinci seçki dairəsindən namizəd olmuş, Hüseynbala Mirələmovla mübarizə aparmışdı. H.Mirələmovun lider olduğu dairədə seçki nəticələri qanunsuzluqlara və saxtakarlığa görə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv etmişdi.