Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydası təsdiqlənib

“Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası” təsdiqlənib.
Sherg.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Energetika Nazirliyi enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və metodoloji izahları altı ay müddətində təsdiq etməli, hesabat formalarının və metodoloji izahların, habelə hər il “Azərbaycan Respublikasının enerji balansı”nın layihəsinin tərtib edilməsi və icrasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də daxil olmaqla daimi fəaliyyət göstərən İşçi qrupun yaradılmasını və onun fəaliyyətinin əlaqələndirilməsini təmin etməli, rəsmi internet səhifəsində “Azərbaycan Respublikasının enerji balansı” adlı məhdud giriş imkanlarına malik elektron məlumat bazasının on ay müddətində yaradılmasını təmin etməli, ölkədə istehsal (tədarük) olunan enerji və yanacaq növlərinin istiliktörətmə qabiliyyəti üzrə göstəricilərini müəyyən edərək, “Enerji məhsullarının şərti ölçü vahidlərinə orta çevrilmə əmsalları”nı səkkiz ay müddətində təsdiq etsin və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi müvafiq maliyyə vəsaitinin ayrılması üçün zəruri tədbirlər görməli, Dövlət Statistika Komitəsi rəsmi statistika məqsədləri üçün ölkə üzrə enerji balansının beynəlxalq metodologiyalara uyğun olaraq hər il iyul ayının sonunadək tərtib edilməsini və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.