Taksilərdə şəffaf arakəsmələr yoxdur !- “Cərimələr işə salınmalıdır”

“Yalnız sürücülərə deyil, taksi şirkətlərinə də nəzərdə tutulan cəza tədbirləri tətbiq edilməlidir”

“Qayda olaraq, cərimələrin tətbiq edilməsini tələb etmək imkanlarımız var”

Koronavirusa  yoluxma hallarının çoxalmasına görə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin qərarına əsasən, ictimai nəqliyyatda şəffaf arakəsmələrdən istifadə edilməsi məcburidir.

Qeyd edək ki, metro stansiyaları arasında hərəkət edən xüsusi ekspress avtobuslarda sərnişin sıxlığı müşahidə edilir. Avtobusdan istifadə edə bilməyənlər, taksiyə müraciət etməli olurlar. Koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq taksilərdə şəffaf arakəsmə quraşdırılması mütləqdir. Pandemiyanın birinci dalğası zamanı bu tədbirlərin görülməsinə nəzarət edilirdi. Amma yay aylarında virusun səngidiyi dönəmdə bu arakəsmələrə məhəl qoyulmadı. Bu da haqlı olaraq sərnişinlərin narazılığına səbəb oldu. 



Mövcud durumla bağlı “Sherg.az”a danışan  nəqliyyat eksperti İlqar Hseynli qeyd edib ki, yay aylarında koronavirusa yoluxma tendensiyasının azalması ilə əlaqədar olaraq vəziyyət nəzarətdən çıxmışdı:

“Pandemiyanın birinci dalğası dönəmində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq, nəqliyyat vasitələrində bir sıra tələblər irəli sürülmüşdü.

Taksi xidmətlərində şəffaf arakəsmə quraşdırılmışdı. Karantin rejiminin yumşaldılması və yoluxmanın azalmasından sonra bu sahəyə nəzarət edilmədi. Hazırda kütləvi şəkildə yoluxma artıb.

Təbii ki, sərt karantin rejiminin tələblərindən irəli gələn cərimə mexanizmləri  işə salınmalıdır. Ümumi nəqliyyat vasitələrində, özəl taksi xidmətlərində  bu tətbiq olunmalıdır. Mərkəzləşdirilmiş şəkildə taksi xidmətini təşkil edən şirkətlərin özləri bilavasitə, bütün tələblərə uyğun olmasına nəzarət etməlidir.

Yalnız sürücülərə deyil, taksi şirkətlərinə də nəzərdə tutulan cəza tədbirləri tətbiq edilməlidir. Qayda olaraq, cərimələrin tətbiq edilməsini tələb etmək imkanlarımız var”.

Aygün Mustafayeva