Dastana dönən Xudayara şeir yazan şair: "Güclə də olsa, yaza bildim"

Gənc şair, "Hər yan xatirədir" kitabının müəllifi Ağarza Elçinoğlu şəhid Xudayar Yusifzadəyə şeir həsr edib.
Xatırladaq ki, Xudayar Yusifzadə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) müvəqqəti hərbi xidməti bitirdikdən sonra, Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb.

O, Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşmək üçün müraciət edib, Füzulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd-keçid məntəqəsində xidmətə başlayıb. Kəlbəcər, Cəbrayıl və Zəngilan istiqamətində döyüşlərdə könüllü olaraq iştirak edib.

Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edən Xudayar, daha sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd qəsəbəsinin azad olunmasında şücaət göstərmiş və orada yaralanmasına baxmayaraq, düşməni məhv etmiş, son nəfəsinə qədər vuruşmuşdur.
Xudayar Yusifzadə aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, Xudayar döyüşlərdən iki gün əvvəl Əliağa Vahidin sözlərinə yazılan, Əlibaba Məmmədovun bəstəsi olan "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdı..
Həmin video sosial şəbəkələrdə trendə çevrilib.

Şeirin müəllifi Ağarza Elçinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, 7 yaşından bəri şeir yazır: "Mən 7 yaşımdan- 2-ci sinifdən şeir yazmağa başlamışam. Düzdür, o zaman yazdığımın fərqinə vara bilmirdim. Sonra gördüm ki, bir xeyli şeir yazmışam.
Və qələmlə olan dostluğumu davam etdirdikcə hələ 18 yaşımda "Hər Yan Xatirədir" adlı şeirlər kitabım nəşr edildi".

Gənc şair bildirib ki, 44 günlük Vətən müharibəsində də bacardığı qədər informasiya müharibəsi aparıb: "Vətən savaşında bacardığım qədər informasiya müharibəsi apardım, təbii ki, bu, ixtisasıma da uyğun idi. Bununla da kifayətlənməyib əsgərlərimizlə görüşlərə gedirdim. Çalışırdım ki, onları ruhlandırım, şeirlərim igid əsgərlərimizi daha da həvəsləndirsin. Fəqət, ağlıma belə gəlməzdi ki, öz əmim oğlu Səbuhi Həsənquliyev şəhid olar və mən onun üçün hüzn şeiri yazaram. Bu, olduqca ağrılıdır.
Qəhrəmanlıq, böyük ruh üçün yazdığım şeirlər bir anda hüznə çevrildi. Belədir də, bir tərəfimiz güləndə o biri ağlayır...
Daha sonra çalışdım ki, ruhuma təsir edən bütün şəhidlərimiz üçün şeir yazım.
Dastana dönən Xudayar Yusifzadə də məhz onlardandır".

Gənc şair qeyd edib ki, Xudayara həsr etdiyi şeirin hər misrasını yazanda duyğulanırdı: "Şeirin hər misrasını yazanda ürəyim əsirdi.
Bir yazdığımı bir neçə dəfə oxuyurdum ki, görəsən, hardasa səhv etməmişəm ki...
Çünki elə hiss edirdim ki, o, haradansa mənə baxır, gülümsəyir eləcə. O güldükcə, məni də qəhər boğurdu. Belə həmin şeiri güclə də olsa, yaza bildim.

Amma yenə də bunlar şəhidlərimiz üçün yazdığım ilk şeirlər deyil. Mənim bir sıra yazdıqlarımdan əlavə kitabımda böyük şəhid sərkərdəmiz general-mayor Polad Həşimov üçün də yazdığım şeir var. Gələcəkdə Vətən Qarabağ savaşında şəhid olanlar üçün də yazdığım şeirlər növbəti kitabımda nəşr ediləcək".

Xudayar Yusifzadə haqqında sözügedən şeiri oxucularımıza təqdim edirik:

Yenilməz Vətənin qəhrəman oğlu,
Döyüş meydanında aslana döndü.
Yurdu azad etdi şəhadətilə
Qarabağ yolunda qurbana döndü.

Bir müdam qulaqdan getməyir səsi,
Özü gülüb hey ağladır hər kəsi.
Nə qədər ağırmış şəhid nəğməsi
Oxuyub-oxuyub dastana döndü.

Qəmzəsi, gülüşü düşəndə yada,
O zaman heç bir şey yetməyir dada...
Ürək qubarlanır, gəlir bir səda:
"Adı gəlcək könlün xəndana döndü"...

Necə dözmək olar belə zillətə?!
Qurban olaq səndə olan qeyrətə!
Özü ölüb məlhəm oldu millətə
Şəhid canı ilə loğmana döndü...

Tanrı xeyməsini dumandan qurub,
Cənnətdə qonşusu peyğəmbər olub.
Yanında Poladla Mübariz durub
Xudayar baxaraq hər yana döndü...