Ruslar “nəbz yoxlayır”: “Qarabağa hərbi qruplaşmalar gətirir” – “Dəmir Yumruq” havada...!

“Regiona əlli mindən çox erməni yerləşdirilib. Amma bircə nəfər belə, olsun azərbaycanlı yoxdur. Niyə?!”

“İndi səsimizi çıxarmasaq, gələcəkdə daha böyük problemlər yaradacaqlar” 

"Mərkəz həm də qanunsuz məskunlaşmaların qarşısını almalı və erməni hərbi birləşmələrini silahsızlaşdırmalıdır”

 “Rusiyanın neytrallığını təmin etmək üçün beynəlxalq qurumların regiona dəvət olunması da mühüm şərtdir”


10 noyabr bəyanatı ilə Azərbaycan qazandığı tarixi qələbədən sonra da Qarabağ ətrafındakı proseslər davam etməkdədir. Bir neçə gün əvvəl türk-rus birgə Monitorinq Mərkəzinin regionda fəaliyyətə başlaması, əlbəttə, sevindirici haldır. Lakin düşmənin Qazax istiqamətində törətdiyi təxribatdan sonra narahat olmaya bilmirik. Çünki onsuz da xislətlərinə bələd olduğumuz ermənilərin dinc dayanmaq istəmədikləri göz önündədir. Bu isə onu deməyə əsas verir ki, növbəti “Dəmir yumruq” hər  havaya qalxa bilər.

Türkiyədə yaşayan soydaşımız, Kırklareli universitetinin beynəlxalq münasibətlər kafedrasının müəllimi Gülara Yenisey də baş verən proseslərlə bağlı “Sherg.az”ın suallarını cavablandırarkən növbəti savaşı istisna etmədiyini söylədi:

-Azərbaycanın tarixi qələbəsini necə qiymətləndirirsiniz?

-Bu zəfərlə Azərbaycanın müasir tarixində yeni, şanlı bir səhifə açıldı. Beləliklə, tariximiz və taleyimiz dəyişildi. Qazandığımız uğur, əlbəttə, bölgəyə də təsir göstərdi. Bütün türk və İslam dünyası bizim qələbəmizdən cəsarət aldı. Bu təsirlər tədricən artacaq. Azərbaycan güclənəcək və həm demokratiya, həm də sosial ədalət baxımından dünyaya nümunə olacaq. Qeyd etməliyəm ki, ədalətin yerini tapması millətimizi də mənəvi cəhətdən gücləndirdi. Bu zəfəri qazanan Azərbaycan xalqıdır. Və həmin xalq yüksək səviyyəli rifaha layiqdir.

-Qarabağdakı rus sülhməramlılarınının fəaliyyətini necə qiymətləndirirsiniz?

-Hadisələri yaxından izləyirik. Ruslar sülhü təmin etməkdən ötrü gəlsələr də, fəaliyyətləri bizi təşvişə salır. Birincisi, rusların “əli ilə” Qarabağa hərbi qruplaşmalar gətirilməkdədir. İkincisi isə regiona əlli mindən çox erməni yerləşdirilib. Amma bircə nəfər belə, olsun azərbaycanlı yoxdur. Niyə?! Bax, bunlar bizi düşündürür.

-Elə isə nə etməliyik?

- Bu məsələdə həm millətimizin, həm dövlətimizin üzərinə vəzifə düşür. Əslində xalqımız kifayət qədər oyaqdır. İnsanlar baş verənlərə operativ reaksiya göstərirlər. Fəqət, hadisələrə eləcə də, rəsmi səviyyədə münasibət bildirməli, narahatlığımızı çatdırmalıyıq. Rusların bu addımları “nəbz yoxlamaq”dır. Əgər indi səsimizi çıxarmasaq, gələcəkdə daha böyük problemlər yaradacaqlar.

-Artıq yaradılmış türk-rus birgə monitorinq mərkəzinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Təəssüf ki, proses bir az gec tamamlandı. Amma bu təşəbbüs çox vacib idi. Bundan sonra Qarabağda nə Rusiya “at oynadacaq”, nə Ermənistan aktivləşəcək. Türk hərbçiləri bütün regiona nəzarət etməlidirlər. Onlar təkcə sülhü təmin etməklə kifayətlənməməli, həm də qanunsuz məskunlaşmaların qarşısını almalı və erməni hərbi birləşmələrini tamamilə silahsızlaşdırmalıdırlar. Türkiyə ilk dəfədir ki, Qafqazda belə ciddi addım atır. Fikrimcə, bundan sonra vəziyyət Azərbaycanın lehinə inkişaf edəcək və “əlimiz güclənəcək”.

-Bilirsiniz ki, yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistan baş naziri Nikol Paşinyan məsələnin hələ bitmədiyini deyib. Deməli, yeni müharibə başlaya bilər?     

 -Bu məğlubiyyəti nə Paşinyan, nə də onun əsas rəqibi olan  Vazgen Manukyan qəbul edir. Əksinə, hər ikisi də revanşist iddialar səsləndirir. Hətta Manukyan hakimiyyətə gələcəyi təqdirdə Azərbaycana “dərs verəcəyini” deyir. İkinci bir tərəfdən isə Ermənistan süni, başqa sözlə desək, “mafiya dövlətidir”. Onu Ermənistan diasporu idarə edir. Yerli əhali yüz illərdir davam edən  ideologiya ilə zəhərlənib. Guya ki, bütün dünya, xüsusilə türklər onların düşmənidir. Və guya nə vaxtsa ermənilərə qarşı soyqırım törədilib. Təəssüf ki, bu ideologiya hələ mövcudluğunu qoruyur. Hər iki fakta əsasən hər an hər şeyin ola biləcəyini deməliyik. Yəni indi arxayınlaşmaq vaxtı deyil. Əksinə, ayıq-sayıq olmalıyıq. 
   
-Bəs yeni müharibə başlasa nələr olacaq?

-Təbii ki, bu, Ermənistan üçün uğursuz ssenaridir. Hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə, biz digər torpaqlarımızı da azad edəcəyik. Hətta, ola bilsin, bir dövlət kimi Ermənistanın varlığına da son qoyulsun. Əslində ağıllı erməni siyasətçilər baş verə biləcəkləri əvvəlcədən görməli və hakimiyyəti konstruktiv mövqe sərgiləməyə çağırmalıdırlar.

-Ermənistan üçün çıxış yolu nədir?

-İlk növbədə onu deyim ki, Rusiyanın neytrallığını təmin etmək üçün beynəlxalq qurumların regiona dəvət olunması da mühüm şərtdir. Bu, Qarabağda Kremlin təsir gücünü zəiflədəcək. Ermənistan isə iddialarından əl çəkəcəyi təqdirdə, biz onunla iqtisadi və digər sahələrdə əməkdaşlıq edə bilərik. Əslində belə bir gələcək hazırda çox çətin durumda olan rəsmi İrəvanın özünə lazımdır. Azərbaycan Ermənistan üçün yeganə xilaskardır.

-İran Xarici İşlər Naziri Cavad Zərif son günlər ard-arda səfərlər edir. Onu təlaşlandıran nədir?

-Otuz illik işğal dövründə İran daim Ermənistanı dəstəkləyib. Bunu bütün dünya bilir. Elə 44 günlük müharibədə də düşmənimizin xeyrinə əlindən gələni elədi. Amma bir məqamı- Cənubi Azərbaycanı unutmuşdu. Rəsmi Tehranın sonradan ritorikasını dəyişməsi heç də təsadüfi deyildi.

-Niyə dəyişdi ki?

-Birincisi, Cənubi Azərbaycan bu dövrdə bizim üçün arxa cəbhə idi. Ordakı aksiyalar, yolların bağlanması və sair addımlar hakimiyyəti qorxutdu. İkincisi, əlbəttə, Azərbaycanın xarici siyasətinin, o cümlədən görüşlərin, telefon danışıqlarının da məsələdə xüsusi rol var idi. Həm də rəsmi Tehran bizim qalib gələcəyimizi artıq başa düşmüşdü. İran bundan sonra Cənubi Azərbaycan amilini nəzərə alaraq hərəkət edəcək. Onun bizim əleyhimizə hansısa addımı ilk növbədə özünə ziyandır.

-Hadisələrin bundan sonrakı inkişafını necə görürsünüz?

- Bizim tarixi qələbə qazanmağımız danılmazdır. Amma hələ də görüləsi işlərimiz var. Bunlardan ən başlıcası əhalinin Qarabağa köçürülməsidir. İşğaldan azad olunmuş torpaqlarımızda yaşayış nə qədər tez bərpa olunarsa, o qədər yaxşıdır. Fikrimcə, minadan təmizlənən yerlərə əhali köçürülməlidir. İkinci bir tərəfdən isə, Ermənistanın nə qərar verməsindən asılı olmayaraq, Azərbaycan güclü tərəfdir. Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazandığımız qələbəni dünya da qəbul edir. Biz gücümüzdən istifadə edərək haqq səsimizi dünyaya daha çox çatdırmalıyıq. Çünki hələ də bəzi ölkələrdə Azərbaycana aid yanlış təsəvvürlər var. Hər şeydən əvvəl milli birlik daimi olmalıdır. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Biz Qarabağın həqiqi sahiblərinin kim olduğunu dünyaya göstərməliyik. Əslində bu barədə ümidliyəm. Çünki Azərbaycan xalqına inamım sonsuzdur.