Səkidə sürüşüb yıxılanlar da bəlkə bilmir

"Dünyanın heç bir şəhərində hamam kafelini küçələrə vurmurlar" 

"Hər şey görüntü yaratmaq və pul silmək xatirinə edilib, məqsəd və mahiyyətinə görə yox"


Qardan sonra Bakı küçələrində qış idmanının fiqurlu konkisürmə növü üçün “ideal” şərait yaranır. Buz üstə sürüşməyi öyrənmək istəyənlər qardan sonrakı Bakı küçələrinə kiçik turlar təşkil etsələr, yetərlidir. Amma gərək qol-qıçı sındırmağı, başın dağıla biləcəyini də gözə alasan. Nə demişlər, könlü balıq istəyənin... Yəni nəticələrə qatlanmaq gərək. Xüsusən də əgər səkilərə hamam, ayaqyolu metlaxı düzülübsə. Yəqin sanitar qovşaqları üçün ölkəyə kafel-metlax idxalı ilə məşğul olanlar, ya da bu döşəmə daşlarını ölkə daxilində istehsal edənlər onların təyinatını bilərəkdən unudur. Və “hər yerə döşəmək olar” prinsipi ilə davranırlar.

Əslində, belə sürüşkən kafel-metlax daşları heç hamama, ayaqyoluna da yaramır, bu səbəbdən ki, oralarda ayağın sürüşüb, başın vannaya və ya unitaza dəyib paralanması təhlükəsi realdır.  Ancaq bu daşlar paytaxt küçələrinin, səkilərin, parkların  90 faizinə döşənib. Görəsən, kimdir, insanların yıxılmağından həzz  alan?  Xatırlayırsınızsa, Bakı metropoliteninin “28 May” stansiyasının vestibüllərinə, platformaya metronun sabiq rəisi Tağı Əhmədov par-par parıldayan metlax düzdürmüşdü. Sərnişinlər zorla hərəkət edirdilər.  Nədir bu, sürüşkən metlax sevgisi? 

Sosioloq Elçin Bayramlı bu problemə toxunub. Qarlı havada və sonrakı gün yıxılıb xəsarət alanların sayındakı artım bu sualı ortaya qoyub ki, səkilərə, parklara niyə sürüşkən metlax daşları düzülür?  E.Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, burada ciddi yeyinti ehtimalı var: 

- Burada məqsəd görülən işi bahalı göstərmək və “pul yemək”dən ibarətdir. Dünyanın heç bir şəhərində hamam kafelini küçələrə vurmurlar. Ümumiyyətlə hər şey görüntü yaratmaq və pul silmək xatirinə edilib, məqsəd və mahiyyətinə görə yox. İnsanları kütləvi öldürmək və şikəst etmək məqsədilə parklara və səkilərə sürüşkən hamam kafelləri döşəyən cinayətkarlar hələ də həbs olunmayıb. Bunların sayəsində hər qar yağanda yüzlərlə insan yıxılıb qol-qıçını qırır, baş-beyni dağılır, bəziləri hətta əlil olurlar. Yağış yağanda da bu daşların üzəri sürüşkən olur. Yayda isə qızmar. Hər bir materialı təbiətə uyğunlaşdırmaq cəhdi sonda təbiətin məhvinə rəvac verir. 

Qeyd edək ki, sosial şəbəkələrdə İslandiyada səkilərə qızdırıcı naqillər çəkilməsini əks etdirən foto yayılıb. Şəhər rəhbərliyinin bunu səkilərdəki qarın, buzun əriməsi üçün etdiyi izah olunur.

O şəkli görəndən sonra, təkrar dönüb Bakı küçələrinə baxanda  insanın özünə yazığı gəlir. Səkilərin qızdırılmasını hələ bir kənara qoyaq. Paytaxtda nəinki səkilər, parkların ərazisi, hətta yaşıllıq  sahələrinə daş düzürlər. Hətta ağacları da daşlarla əhatələyirlər. Yazıq ağacların kökü nəfəs belə ala bilmir. Məqsədi anlamaq o qədər də çətin deyil. Konkret şəxslər daşlanmış həmin sahələri  ticarət obyekti, ticarət köşkü üçün kimlərəsə satacaq. Birisi “toçka” yeri qazanacaq, faizini də hansısa məmur alıb yeyəcək.  Yoxsa yaşıllıq sahəsi  niyə daşla örtülsün ki?!  

E.Bayramlı bu cür özbaşınalığın yaşıllıqların məhvinə apardığını dedi: 

- Son dövrlər vəziyyət “dəyişib”,  indi ağacları daha "mütərəqqi" üsullarla gizlicə məhv edirlər. Ya gecə kəsirlər, ya dibinə kislota töküb qurudurlar və s. Bir az sonra orada bir biznes obyekti peyda olur. Bu sahədə tam özbaşınalıqdır.  Bakı getdikcə səhra şəhərinə çevrilir.  Yaşıllıq həcmi sovet dövründəkindən 2 dəfə azalıb, halbuki, əhali 2 dəfə artıb. Belə davam etsə Bakı ağır ekoloji faciələrlə üz-üzə qalacaq. Bu biabırçılıqlara son qoyulmalıdır.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu