
“Mən sadəcə göründüyüm insanam”
İlqar Muradov: “Belə olanda rahat oluram. Həyat tərzim, daxili dünyam mənə belə olmağı öyrədib”“Müharibə illərində oxumaq həvəsim olmadı bir müddət. Ölkəmizin vəziyyəti pis idi”

Bir məşhura həm də şəxsiyyət olaraq var olmaq həmişə nəsib olmur. Tanınmaq üçün bəzən bir neçə il bəs edir. Şəxsiyyət olmaq üçün isə illər azdır belə. Heç var-dövlət sahibi olmağa da gərək yoxdur. Çünki illərin, zamanın, var-dövlət şəxsiyyət yetişdirməyə gücü çatmaz. Çox zaman elə şəxsiyyət olaraq doğulursan. Bu sənin kökündən, qanından gəlir. Zaman isə sadəcə şəxsiyyətinin ictimai şəkildə tanınmasına təsir edə bilir.
Xüsusilə də sənət aləmində, sənətinlə bahəm həm də şəxsiyyət sahibi kimi hörmət və ehtirama sahib olmaq, demək olar ki, çox nadir hallarda kiminsə qisməti olur.
"Şərq”in budəfəki qonağı təkcə sənətkar olaraq deyil, şəxsiyyət olaraq böyük hörmətə sahib olan, Azərbaycanın Əməkdar artisti İlqar Muradovdur.
Çox maraqlıdır ki, bu insanın adı çəkiləndə ilk yada düşən kübar, həddindən artıq mədəni, təmkinli bir kişi obrazı yada düşür. Təbii ki, İlqar Muradovun sənəti, səsi, ifası barədə danışmaq başqa bir mövzunun əsası olur. Sənət aləmində məşhurluq çox insanın payına düşə bilir. Bunun üçün bəzən səs belə lazım gəlmir. Elə, bir balaca qalmaqal, efirlərdə piar, az çox dost-tanış, pul bəs edir ki, popuylar olasan. Amma sənət aləmində, səhnədə şəxsiyyət olaraq qəbul olunmaq hər sənətkarın payına düşmür.
Bu gün sözün həqiqi mənasında şəxsiyyətinə dəyər verdiyimiz Əməkdar artist İlqar Muradovla söhbətimizi siz oxucularla bölüşürük.
- Xoş gördük, İlqar müəllim. Necəsiz? Nədənsə, mətbuat tələsərək sizin yubileyinizə hazırlaşır...
- Hər vaxtınız xeyir. Çox təşəkkür edirəm. Yaxşıyam. Deyəsən elədi, mətbuat bir az yubileyimə tələsir. İnşallah, gələn il 60 illik yubileyim olacaq. Amma indidən təbriklər gəlir.
Deyəsən, 50 illik yubileyiniz olacaq..
- (Gülərək) Kompliment deyirsiz yəqin... Çox təşəkkür. 60 illik yubiley olacaq inşallah. Təbii ki, qismət olsa.
- Ötən illərə baxanda İlqar müəllim nəyi unutmaq, ya da hansı günlərini xatırlamağı sevir?
- Zaman, vaxt o qədər amansızdı ki, heç arxaya baxanda inana bilmirsən ki, illər ötüb. Bir göz qırpımında illər gəlib keçir. Amma o qədər gözəl həyat xatirələrim var ki, düşünəndə bir anlıq yenidən o illərə qayıtmaq istəyirsən.
- Yəni əfsus, ya da təəssüf etdiyiniz anlar az olub?
- Təbii ki, həyat həm gözəldi, həm də bəzən acımasız. Elə anlar, elə yaşadığım çətinliklər olub ki, onları xatırlamaq ağır olur. Çətinliyim də olub. Həyat enişli-yoxuşlu olur. Allaha qurban olum. Amma bilirsiz, insan elə bir varlıqdı ki, sabah üçün yaşamaq istəyir. Yaxşı günlər çətinliyi unutdura bilir. Yaxşılar daha çox yada düşür. Yaxşıları daha çox sevirsən. Pisləri unutmaq mümkün olur.
- İlqar Muradovun həyata baxışı sənət aləmindəkilərin bir çoxundan fərqlidi. Yaşam tərziniz, xasiyyətiniz fərqlidi. Bir sözlə, İlqar Muradov sənət aləmində özəlliyi, kübarlığı ilə seçilə bilir. Bunu necə bacarırsız?
- Mən belə görünüm deyə oynamamışam heç vaxt. Belə olmaq üçün yaşamamışam, çalışmıram. Mən sadəcə göründüyüm insanam. Həyat məni axarı ilə bugünkü insan edib.
- Çox kübar olmağı, hələ də sənət aləmində hər kəs bacarmır. Sirri nədi?
- Bunun bir sirri yoxdu. Mən belə olanda rahat oluram. Həyat tərzim, daxili dünyam mənə belə olmağı öyrədib. İnanın, belə olmaq üçün yaşamıram. Yəni bu, artistlik də deyil ki, sirr olsun. İnsanın qəlbində insanlığa münasibət necədisə, elə də yaşayırsan. Mən insanları sevirəm. Mən həyatı sevirəm. Mən həyatı gözəl görməyə çalışıram. Şükür etməyi sevirəm, Allahı sevirəm. Sevgimin də qarşılığını insanlardan həmişə ala bilirəm. Çünki insanlardan enerji ala bilirəm. Mən insanların mənə olan qayğısını, sevgisini, hörmətini hiss edirəm. Buna da şükr edirəm. O baxımdan çox xoşbəxtəm ki, insanlar məni çox sevirlər. Bu mənim xoşbəxtliyimdi. İnsanlara da minnətdaram ki, mənə o sevgini hiss etdirirlər.
- İlqar müəllim, sənətə gəlişiniz uzun illər olsa da, populyarlığınız bir az daha sonralara təsadüf edir.
- Mən 1981-ci ildən professional səhnədəyəm. Rafik Babayevlə işləyirəm. O vaxtdan da səhnədəyəm. Sadəcə arada səhnə əhval-ruhiyyəm olmayıb. Bir az uzaqlaşmış oldum.
- Nə idi sizi səhnədən küskün salan?
- O küskünlük, Qarabağ problemi ilə bağlı idi. Müharibə illərində oxumaq həvəsim olmadı bir müddət. Ölkəmizin vəziyyəti pis idi. O dönəmdə fasilə verdim. Qaldı populyarlığa, razıyam, populyarlıq başqa anlamdı. Bir qalmaqalla, bir söz-söhbətlə də populyar olmaq olur. Populyarlıq şərt deyil. Sənətçi sevilməlidir. Populyar olmağa nə var ki? Qalmaqallarla, hansısa hadisələrlə popuylar olmaq olar. Sənət aləmində sevilmək isə məncə bir şansdı. Hər insan sevilə bilmir. Tanınmaq və sevilmək arasında fərq böyükdü. Bir var hər hansı şəkildə tanınmaq, bir də var sənətinlə, şəxsiyyət olaraq sevilmək. Mən sevildiyim üçün Allahıma təşəkkür edirəm.
- İlqar Muradov şəxsi həyatı ilə heç vaxt gündəmə gəlməyib. Amma hər kəs üçün maraqlıdı. Neçə övladınız var?
- Çalışmışam ki, özəl həyatım efirdən uzaq qalsın. 3 oğlum var. Allah hamıya qismət etsin.
- Övladlarınızdan sənətə gəlmək istəyən olubmu, siz imkan verməmisiz?
- Düzünü desəm, həvəs olub. Amma mən imkan vermədim. Həm də bu, o illərə təsadüf etdi ki, ölkədə vəziyyət çətin idi. Mən onları musiqi məktəbinə belə qoymadım. Sənətdən uzaq saxladım. Bilirsiz, istedad görmədim bəlkə o qədər. Amma imkan yaratsaydım, sənətə gələ bilərdilər. Amma bir övladım Xarici Dillər Universitetini bitirib. Bir neçə dil bilir. O, sənətə gəlmək istəyirdi, gəlsəydi, bəlkə də maraqla qarşılanardı. Amma imkan vermədim.
- 5 nəvəniz var...
- Bəli, Allah hamıya baba olmaq şərəfini qismət etsin. 5 nəvəm var. Onların hər biri fərqli şəkildə incəsənətə maraq göstərirlər. Rəsmlə məşğul olanı da var. Musiqiyə maraq göstərəni də. Qismət olsa, onların sənətə gəlməsinə dəstək olmaq istərəm. Mən ümumiyyətlə istedadlı gənc görəndə dəstək olmağa çalışıram. İnşallah, bu, Allahın qismətidi.
- Onda qocalmaqdan qorxmursuz?
- Qətiyyən. Yaşa dolduqca ucalır insan. Qadınlar yaşından qorxar. Kişi yaşdan qorxmamalıdı. İnsan yaşlandıqca, müdrikləşir. Yaş insanı bir qədər də hörmət sahibi edir. Sağlam həyatı sevirəm.
- İdmanla məşğul olursuz?
- Mən bilyard oynamağı çox sevirəm. İllər öncə bilyard federasiyasının vitse-prezidenti olmuşam. Bir də ifa etmək mənim idmanım olub.
- 60 illik yubiley ərəfəsində hesabat konsertiniz olacaqmı?
- İnşallah, buna hazırlaşıram. 60 illik hesabat konsertinin olmasını istəyirəm. Məkanı hələ konkretləşdirməmişik. Amma hesabat konsertimiz olacaq inşallah. Kamera orkestri ilə gələn il konsert nəzərdə tutmuşuq. Teymur Göyçayevlə bu konsertə hazırlaşırıq. Gələn il 60 illik yubileyimdə özümə də bir hesabatım olacaq. Bu, böyük bir konsert proqramı olacaq.
Tahirə Məmmədqızı