Azərbaycanda qohum evliliklərə qadağa qoyulmayacaq
Musa Quliyev: “Qohum evlilikərində dünyaya gələn uşaqların heç də hamısı qüsurlu olmur. Bəzən belə ailələrdə dünyaya gələn uşaqlar daha istedadlı, fiziki və əqli cəhətdən daha yüksək potensiala sahib olur”
Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən 1-ci dərəcəli qohum evlilikləri qadağan edilib. Buna səbəb isə bu kimi evliliklərdən dünyaya gələn qüsurlu uşaqlardır. Ölkəmizdə də bu kimi evliliklərin sayı kifayət qədər çoxdur. "Ətimizi yesə də, sümüyümüzü tullamaz” prinsipindən çıxış edən ailələr övladlarını elə beşikdəcə "göbəkkəsdi” edirlər.
Bəs, ekspertlər, mütəxəssislər bu barədə nə düşünür? Qohum evliliyi fəsadlar yaradırmı? Bəlkə elə Azərbaycan da "qonşudan geri qalma” prinsipinə uyğun olaraq 1-ci dərəcəli qohum evlilikləri qadağan edilməlidir?
Qohum evliliyindən dünyaya gələn uşaqlarda daha çox əqli, xromosom çatışmazlığı, əzələ boşluğu və bir sıra belə xəstəliklər əmələ gəldiyini vurğulayan həkim Afət Qurbanovanın dediyinə görə, bəzən ana bətnində heç bir problem yaşamayan uşaqda dünyaya gələndən sonra problemlər yaranır: "Bunun üçün sağlamlıq arayışının olması müsbətdir. Çünki arayış aldıqları zaman gənclərin xəstəlikləri məlum olur. Təbii ki, bundan sonra evlənib-evlənməmək onların qərarıdır. Amma nəsildə hər hansı bir irsi xəstəlik varsa, qohum evliliyi düzgün deyil. Gənclər kənar şəxslə evlənsələr, yaxşıdır. Əgər nəsildə irsi xəstəlik yoxdursa, qohum evliliyi heç bir problem yaratmır. Ailə qurmağa hazırlaşan gənclər evlənmədən əvvəl yoluxucu xəstəliklərin yoxlanılması ilə yanaşı, genetik məsləhət almalıdırlar. Məsələn, kişi rezus müsbət və qadın rezus mənfidirsə, bunlar ailə quran zaman uşaq müsbət rezusla olarsa, bu, uşağın ana bətnində tələf olmasına səbəb ola bilər”.
Millət vəkili Musa Quliyev isə "Şərq”ə açıqlamasında hər ölkənin öz qayda-qanunları olduğunu, ölkələrin sosial- iqtisadi göstəricilərinin də fərqli olduğunu deyib: "Tacikistanın qərarlarına hörmətlə yanaşırıq, amma indiki halda Azərbaycanda qohum evliliklərinə qadağa üçün bir zərurət görmürük”.
Yaxın qohumlarla evliliyə qadağa qoyulmasının insan hüquqlarına zidd olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, cəmiyyətdə belə evliliklərdən qüsurlu uşaqlar doğulsa da, ancaq insanlar evlilikdən öncə genetik analizlərdən keçib bunun qarşısını ala bilərlər. Yəni qanuna dəyişiklik etməkdənsə, maarifləndirici tədbirləri artırmaq lazımdı: "Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da yaxın qohumların evlənməsi halları məqbul sayılıb və kifayət qədər də geniş yayılıb. Düzdür, yaxın qohumların evliliyi zamanı genetik xəstəliklərin üzə çıxma ehtimalı yüksək olur və daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur. Amma bu o demək deyil ki, biz qohum evliliklərinə qadağa qoyub, kimin-kiminlə evlənməsinə qərar verməliyik? Sadəcə səhiyyə sahəsində maarifləndirici addımlar atmalı, insanlar arasındakı mədəni əlaqələri yüksəltməliyik. Onu da deyim ki, qohum evlilikərində dünyaya gələn uşaqların heç də hamısı qüsurlu olmur. Bəzən belə ailələrdə dünyaya gələn uşaqlar daha istedadlı, fiziki və əqli cəhətdən daha yüksək potensiala sahib olur. Burada əsas məsələ sağlam və xəstə genlərin kombinasiyasından gedir. Əgər hər hansı bir nəsildə xəstə gen daşıyıcıları varsa, həmin nəsildə qohum evlilikləri riskli ola bilər. Bunu ayırd etmək isə o qədər də çətin deyil. Artıq bir ildən çoxdur ölkədə nikaha girən şəxslərin icbari - tibbi müayinəsi həyata keçirilir. Hazırda genetik xəstəliklərin yoxlaması aparılmasa da, gələcəkdə müəyyən əlavələr etmək olar. İndiki mərhələdə öz əmisi qızı, yaxud da xalası qızı ilə evlənmək istəyənlər həkimə müraciət edərək genetik xəstəlik daşıyıcısı olub-olmadıqlarını müəyyənləşdirə bilər”. "Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə qəti şəkildə qohum evliliklərinin əleyhinə olduğunu deyib: "Qohum nikahların sayına görə dünya ölkələri arasında liderlik Cənubi Hindistan, Misir və Türkiyənin əlindədir. Bu siyahıya biz də ələvə olunsaq, heç təəccüblənmərəm. Çünki Azərbaycanda da hər yüz ailədən 20-inin qohumluq əlaqələri üzərində qurulduğu deyilir. Hətta qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda ailə həyatı quran tərəflərin təxminən 58 faizi bir-biri ilə qohumdur. Ölkəmizdə bu cür nikahların sayına görə Şəki, Masallı və Bakı kəndləri xüsusi fərqlənir. Hətta Şəkidə çox maraqlı bir el məsəli də var: "Qızın yaxşısını yada vermə, heyifdir, pisini də vermə, eyibdir””.
Sosioloqun sözlərinə görə, tərəflərin qan qohumu olan şəxslə ailə həyatı qurmasının bir çox səbəbləri var: "Birinci səbəb qohumdan qız almaqla evdə sabitliyi qorumaqdır. Belə düşünülür ki, əgər qohumdan qız alınsa, evdə qayınana-gəlin konflikti olmaz. İkinci isə odur ki, qohumla qohum olanda toy və nişan qiymətlərində güzəşt olunur. Qohumdan alınan qız bahalı kürk, brilliant qaşlı boyunbağı istəməyə utanır. Qızın ailəsi oğlan tərəfin daha dəbdəbəli toy etməsini tələb etmir, oğlan evi daha cah-cəlallı cehiz istəmir, çünki arada qohumluq var, çəkinirlər. Digər tərəfdən də ailələr qohumluq əlaqələrini daha da möhkəmləndirmək üçün belə addım atırlar. İndi elə bir dövrdə yaşayırıq ki, qohumlar bir-biri ilə az ünsiyyət qurur, daha əvvəlki gediş-gəlişlər yoxdur. Böyüklər də itən səmimiyyəti qaytarmaq üçün qohum nikahlara üstünlük verir. Bundan başqa insanların qohum nikahlarına üstünlük verməsinin bir səbəbi də yad nəsildən çəkinmədir. Valideynlərin əksəriyyəti övladının hansısa bir məclisdə, küçədə, parkda bəyəndiyi qızı almasını istəmir. Çünki onun ailəsini tanımır, sabah bir problem yaranacağından qorxur. Öz qorxusu uğruna isə gələcək nəvələrinin sağlamlığını fəda edir”.
Problemin kifayət qədər böyük olduğunu vurğulayan Lalə xanım hesab edir ki, həlli yolunu tapmaq az qala mümkünsüzdür: "İnsanlar bu cür nikahların fəsadları barədə məlumatlı deyil, xəbərdarlıq edəndə isə adamı acılayırlar. Mənim öz qohumlarım arasında qohum nikahı bağlayanlar var, övladı qüsurlu doğulanda deyirsən ki, bu, qohum nikahın nəticəsidir, deyir sən Allahdan çox bilirsən? Hər bədbəxtliyi Allahın adına yazmaq çıxış yolu deyil. Allah sənə ağıl verib, dərrakə verib, bilmirsən soruş öyrən, gör dünyada nə qədər əlil uşaq var ki, valideynləri qohumdur. Azərbaycanda 500 min əlil insandan 200 min nəfəri məhz qohum nikahlarından doğulanlardır. Fikrimcə, problemin həlli yalnız məcburi qaydada mümkündür. Qadağa tətbiq edilməsə, bizim ölkədə də vəziyyət kritik olacaq. Ailə Məcəlləsinin 12-ci maddəsində qeyd olunub ki, qohum nikahları ölkəmizdə qadağandır. Amma orada yaxın qohumlar - valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar nəzərdə tutulur. Yaxşı olar ki, bu siyahıya əmiuşaqlarını, bibiuşaqların, xala və dayıuşaqlarını da əlavə etsinlər. Qohum nikahlar bacı-qardaş evliliyi kimi bir şeydir. Çünki onlar eyni genin daşıyıcılarıdır. İrsi xəstəliklər də məhz bu qohum nikahları bağlandıqdan sonra yaranaraq inkişaf edir. Mən həkim deyiləm, amma oxuduqlarımdan bilirəm ki, qan qohumluğu əsasında dünyaya gələn uşaqlarda ən çox rast gəlinən problemlər sinir sisteminin, eşitmə qabiliyyətinin pozulması, dəri xəstəlikləri, dayaq və hərəkət aparatının pozulması, qan xəstəliklərindən talassemiya, hemofiliya və s. anadangəlmə psixi və fiziki inkişafda çatışmazlıqlar, yəni başın, əl və ayaqların və yaxud qulaqların formasının anadangəlmə deformasiyası, tənəffüs orqanlarının xəstəliyidir. Ölkəmizdə böyük bir Talassemiya Mərkəzi var. Hansı ki, bu çox dəhşətli ağır irsi qan xəstəliyidir. Qohum nikahı bağlayan hər iki fərddə olan bu irsi xəstəlik onların övladlarında da özünü büruzə verəcək. Ailə tanıyıram ki, 3 uşağı var, üçü də talassemiya xəstəsidir. Yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlar genetik xəstəliyin daşıyıcısı olur. Əgər əvvəllər də eyni nəsildə yaxın qohumlar arasında nikahlar bağlanıbsa, bu zaman uşağın xəstə doğulması riski daha da artır.. Nə qədər ki, ölkədə doğulan bütün uşaqların hamısı ya fiziki, ya əqli qüsurla doğulmayıb, bu problemi həll eləmək, qohum nikahlarına "dur!” demək lazımdır”.
Şəymən