Partiya daxilində ciddi müxalif qurum yaranıb və sədrliyə nüfuzlu dörd namizəd meydana çıxıb
Türkiyədə müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının sədr müavini Atilla Kaya vəzifəsindən istefa verib. Kaya istefasına səbəb kimi partiya sədri Dövlət Baxçalının yeritdiyi yanlış siyasəti göstərib. O, mətbuata bildirib ki, rəhbərlikdə baş verən dəyişikliklərin qəti əleyhdarıdır:
"İstefam şəxsi mövqeyim ilə əlaqəlidir. Mənim vicdan və əqidəm bu dəyişikliklərin əleyhinə səs verməyi tələb edir. İkiüzlü davrana bilmərəm”. Xatırladaq ki, MHP-nin Kocaeli millət vəkili Saffet Sancaqlının da partiyadan ayrılacağı ilə bağlı xəbərlər yayılıb. Bəzi mənbələr isə deputatın MHP-dən yox, yalnız partiyanın idarə heyətindən istefa verəcəyini açıqlayıb. Bir sıra ekspertlərin fikrincə, istefalar kütləvi hal alarsa, bu, partiyanın parçalanmasına, ən azı zəifləməsinə gətirib çıxaracaq.
Məsələni "Şərq”ə şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Türkiyənin daxili və xarici siyasət baxımından çox çətin bir dövrdən keçdiyini deyib:
"Konkret olaraq Milliyətçi Hərəkat Partiyasına gəldikdə, 2015-ci ilin iyun ayında keçirilən parlament seçkisindən sonra partiya daxilində narazılıq şiddətlənib. 1 noyabr seçkisindən sonra isə narazılıqlar kuliminasiya nöqtəsinə çatıb. Partiya daxilində ciddi müxalif qurum yaranıb və sədrliyə nüfuzlu dörd namizəd meydana çıxıb. Bu, MHP-nin tarixində ilk dəfə yaşanan bir hadisə idi. Xeyli müddətdir MHP daxilində ziddiyyət hökm sürməkdədir. Baxçalıya qarşı ciddi blok formalaşıb”.
Politoloq bildirib ki, prezident üsul-idarəsinin tətbiq edilməsi ilə bağlı məsələ gündəmə gələndə hamı üçün MHP rəhbərliyinin necə davranacağı maraqlı idi. Çünki Baxçalı daha əvvəl prezident üsul-idarəsinə qarşı çıxmışdı:
"Amma son məqamda onun fikri dəyişdi və bu məsələdə hakim partiyaya dəstək verdi. İndiki problem ondan qaynaqlanır ki, partiyada böhranlı dövrlər olduğu zaman, müxaliflər baş qaldırdığı vaxt nüfuzlu şəxslər Baxçalını müdafiə etmişdilər. Hazırda Dövlət Baxçalıya etiraz edənlərin bir hissəsi ən çətin vaxtlarda məhz onu dəstəkləyən həmin şəxslərdir. Bu baxımdan partiya daxilində ziddiyyətin bir qədər dərinləşdiyini görürük. 15 iyul hadisəsindən sonra MHP daxilindəki qarşıdurmalar bir az arxa plana keçmişdi. Ancaq artıq mövqelər ortaya qoyulmaqdadır. Atilla Kayanın istefası çox ciddidir və partiya daxilində rezonans yaradan olaydır. Bundan sonra başqa istefaların olub-olmayacağını dəqiq söyləmək çətindir. Şəxsən mən, yeni istefalar gözləyirəm. Bütün hallarda MHP 2015-ci ilin iyun seçkisinə qədərki gücündən çox uzaqlaşıb. Əgər hansısa möcüzə baş verməzsə, qarşıdakı seçkilərdə MHP çox uğursuz bir nəticə ortaya qoyacaq”.
İsmayıl