Rusiya Bordyujanın postunu Ermənistana söz verib. Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi adlandırılan "Stratfor” analitik agentliyi yazıb. Məqalədə bildirilib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ciddi ziddiyyətlər var və məhz buna görə təşkilatın yeni baş katibi seçilməyib. Agentliyin fikrincə, Moskva bu postda Ermənistan nümayəndəsinin olacağına söz versə də, Belarus və Qazaxıstan Azərbaycanla iqtisadi münasibətlərini şübhə altına almamaq üçün bu addıma getmir:
"Aprel döyüşlərində neytral mövqe tutan Moskva Ermənistanı "baş katib” postuna gətirməklə düşmən ölkəni dəstəklədiyini göstərir. Lakin Belarus və Qazaxıstan erməni namizədə qarşı çıxır”. "Stratfor”a görə, yeni baş katibin seçilməsi ciddi müzakirələr və mübahisələr şəraitində aparılacaq və Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərəcək. Xatırladaq ki, hazırda KTMT-ın Baş katibi postunu müvəqqəti olaraq Valeri Semerikov tutur.
Məsələ ilə bağlı Sherg.az-a danışan "Sülh və Münaqişələrin Həlli” Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyib ki, KTMT-nın nizamnaməsində ancaq xaricdən olan təhlükələrin qarşısının alınması məsələsi nəzərdə tutulub. Lakin dəfələrlə qeyd edildiyi kimi, qurum daxili məsələlərə, xüsusən Dağlıq Qarabağ probleminin həllinə qarışmır:
"Təşkilatın baş katibi erməni olarsa, düşmən ölkə Azərbaycanla bağlı məsələləri bilərəkdən qabardacaq. Yəni Ermənistan təşkilatdan təbliğat və tribuna vasitəsi kimi istifadə etməyə çalışacaq. Rəsmi İrəvan hesab edir ki, qurumun baş katibi erməni olarsa, düşmən təşkilatdan Azərbaycana qarşı istifadə edə biləcək. Ancaq bu, qətiyyən mümkün deyil. Çünki KTMT-nın baş katibi texniki rol oynayır. Son dövrlərdə baş katib Bordyujanın verdiyi bəyanatlar heç də təşkilatda təmsil olunan digər dövlətlərin mövqelərini əks etdirmirdi. Bordyujanın dedikləri sadəcə onun özünə məxsus olan məsuliyyətsiz açıqlamalar idi. Lakin baş katib Rusiyanın xəbərdarlığından sonra mövqeyini yumşaltmağa məcbur oldu. Ümumiyyətlə, baş katibinin sadəcə özünün və ya dövlətinin maraqlarına uyğun davranması düzgün deyil. Təşkilat rəhbərinin səsləndirdiyi hər hansı açıqlama birlikdə təmsil olunan digər dövlət başçıları tərəfindən də dəstəklənməlidir. Ancaq indiyə kimi bunun əksini görmüşük. Ermənilər elə zənn edirlər ki, KTMT-nın baş katibi bütün hərbi və siyasi məsələləri həll etmək iqtidarındadır. Təbii ki, bu, illuziyadır. Qurumla bağlı bütün işləri əvvəllər Rusiya həll edirdi, indi isə Qazaxıstan prezidenti Nazarbayev və Belarus rəhbəri Lukaşenko da təşkilatda söz sahibidir”.
İsmayıl