Etimad Əsədov və Cəlil Cavanşir şəhid adından danışmağa hazırdır

"Şərq”in təşəbbüsünü dəyərləndirib, Aprel şəhidlərinə layiqli ehtiramımızı göstərə bilərik"



Türkiyənin "FOX” telekanalında şəhidlərin anısına dünən yeni bir video yayımlanıb. Videoda Türkiyənin məşhur simaları yer alıb.

Aralarında aktyor, musiqiçi, aparıcıların da olduğu məşhurların hərəsi bir şəhidin "adından” danışır; "Mən Əhməd Bənliyəm (Mardində şəhid olmuş polis). 2016 yılının osak ayında Mardində şəhid düşdüm. Vətən sağ olsun...”. Başqa bir tanınmış sima şəhid əsgər Ömər Hasdemirin "adından” danışır. Harada şəhid olduğunu deyir, sözünü "Vətən sağ olsun”la bitirir. Beləcə, məşhur simalar tək-tək bir neçə şəhidi gündəmə gətirir.

Videoda bir tərəfdə şəhidin fotosu verilir, digər tərəfdə isə şəhidi tanıdan məşhur danışır. Belə bir video şəhidlərin xatirəsinə həqiqətən də layiqli ehtiramın nümayişidir. Bu video ilk deyil. Qardaş Türkiyədə şəhidlərə ehtiramın dərəcəsindən söz açmaq da artıqdır. Çünki bu ölkədə şəhidin hansı ucalıqda dayandığı, cəmiyyətin də şəhidə münasibəti məlumdur. Ümumilikdə şəhidlik zirvəsinin dəyəri, şəhidlərə sayğı öz yerində, Türkiyədə hətta konkret hadisələr zamanı şəhid olmuş əsgərlərə də ayrı-ayrılıqda mahnılar bəstələnir, kliplər çəkilir. Misal üçün 2015-ci ildə Dağlıca hadisələri zamanı şəhid olanların xatirəsinə xüsusi mahnı yazılıb, klip çəkilib. 15 iyun hadisələri zamanı şəhid olanlara da mahnı həsr edilib, klip çəkilib.

Şəhidlərin anısına tərtib edilmiş yeni video yaxşı mənada qibtə hissi oyadır; nə olardı, bizdə də şəhidlərimizin xatirəsinə kimsə mahnı bəstələyərdi, klip çəkərdi. Təbii ki, qanlı 20 Yanvarı və 1-ci Qarabağ savaşını nəzərdə tutmuruq. Yaxşı-pis şeirlər də yazılıb, mahnılar da bəstələnib. Bəsdimi yəni?! Müharibə bitdimi?! Nə vaxtadək bizim bəstəkarlar, musiqiçilər, klipmeykerlər bayağı şoulara köklənib toy müğənnilərinin "repertuarını” zənginləşdirməklə ucuz reklamdan böyük gəlirlər əldə etməklə məşğul olacaqlar?!

Xatırlayırsınızsa, bir neçə il əvvəl Beyləqan rayonunda mərkəzi küçələrdən birində şəhidlərimizin fotosu olan reklam lövhəsi vurulduğu xəbəri yayılmışdı. Bu barədə sosial şəbəkələrdə paylaşım edilmişdi. Bildirilirdi ki, elektron reklam lövhəsində şəhidlərin fotoları biri-birini əvəz edir. İmanov Natiq, Quliyev Aydın, Hüseynov Elşən... Onlar Vətənimiz üçün canını fəda edənlərdir. Bər-bəzəyi ilə göz qamaşdıran paytaxtdan uzaqda - Beyləqan rayonunda şəhidlərə bu cür yüksək dəyər verilməsi hər cür alqışa layiq idi.

Təəssüf ki, müharibə şəraitində olan Vətənimizdə konkret əsgərlər və şəhidlərlə bağlı reklam posterləri, lövhələr yoxdur. Uzağa getməyək. Ötən ilin aprelində cəbhədə qəhrəmanlıqla döyüşən, şəhid olan əsgərlərimizin fotosu olan nə bir reklam lövhəsi, poster, bidbord var, nə də

bir mahnı bəstələmək, ya da klip çəkmək üçün kiminsə qəlbi riqqətə gəlməyib. Hanı aprel döyüşləri, Lələtəpə qəhrəmanları - əsgər Nurayev Rəvanın, mayor Təbriz Musazadənin... neçə-neçə Vətən oğullarının şəkilləri vurulmuş lövhələr?

Qısa araşdırmadan məlum oldu ki, paytaxtda reklam məsələləri Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Bidbordlarda reklam yerləşdirməyin qiyməti 400 manat, plazmalarda 360 manatdan başlayır. Bundan başqa, dayanacaqlarda, avtobuslarda, metrostansiyalarında, adi divarlarda da reklam yerləşdirmək olar. Amma beyləqanlıların ağlına gələn BŞİH-nin ağlına hələ gəlməyib.

Telekanallarda da vətənpərvərlik motivli reklamlar verilmir. Bir-iki hərbi məzmunlu verilişi çıxsaq, yerdə ancaq şou-proqramlar qalır. Telekanallar bunu maliyyə probleminə bağlayır. Yəni, şirkətlər reklam üçün pul ödəyir. Efir vaxtının dəqiqəsi "qızıl”dır. Bildiyimiz qədər, reklamın 1 dəqiqəsi üçün 300-1500 manat ödənir. Telekanalın nüfuzundan, reklamın hansı proqramda efirə gedəcəyindən asılı olaraq qiymətlər də dəyişir. Qiymətlər 1 saniyə üçün 1 manat 10 qəpikdən başlamış 25 manata qədərdi. Metro stansiyalarında bir az ucuzluq olsa da, orada da nə vətənpərvərlik plakatları, nə də şəhid şəkilləri var. Metro vaqonlarında reklam 2-10 manat, stansiyalarda 1 kv.metrlik sahədə reklam qiyməti 30, eskalatorun üstündə isə bir az baha - 35 manatdır.

Belə çıxır ki, şəhidlərimiz 30-35 manata dəymir?!. Cavab var;

"Sənə dar gəlməyəcək məzarı kim qazsın?

Göməlim səni tarixə

desəm, sığmazsın...”

Şəhidin dəyəri tarixi belə kölgədə qoyur. Bircə sual; hanı Çingiz Qurbanovun tarixi kölgədə qoyacaq fotosu? Onun adından "Mən Çingiz Qurbanovam. 2016-cı il dekabrın 29-da erməni silahlılarının hücumunu dəf edərkən şəhid düşdüm. Vətən sağ olsun” deyəcək kimsə yoxmu?

Təşəbbüsə ilk qoşulanlardan biri Qarabağ Qaziləri İctimai Birliyinin sədri, 1-ci Qarabağ savaşının iştirakçısı Etimad Əsədov oldu:

- Mən böyük fəxrlə Çingiz Qurbanov "olmağa” hazıram. Şəhidlikdən uca zirvə yoxdur. Təəssüf ki, bunu hələ də anlamayanlar var. Böyük məbləğlər sərf edib gecə-gündüz özünü reklam edənlər bir dəfə də şəhidi ansınlar. Şəhidin xatirəsini əziz tutsunlar. Şəhidə, əsgərə ehtiram mövsümi xarakter daşımamalıdır. Aprel döyüşlərindən sonra bəziləri əyninə əsgər forması geyinib şəkil çəkdirdi, fotolar paylaşdı. Nə oldu, nə tez yaddan çıxdı şəhidlər?! Efirdən əl çəkməyənlər bircə dəfə də əsgərlərimiz, şəhidlərimiz üçün kamera qarşısına keçsin. Qardaş Türkiyədən örnək almaq lazımdır.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Oruc qeyd edib ki, Rusiya televiziyalarında kommersiya reklamları ilə yanaşı, ölkəni, onun tarixini, vətəndaşın gələcək hədəflərini ehtiva edən süjetlərin yayımlanması onu yaxşı mənada heyrətləndirir:

- Hər bir müsbət təcrübədən yararlanmaq olar. Doğrudur, müstəqillik əldə etdikdən sonra bizdə de-sovetləşmə meyli çox gücləndi. Amma müsbət təcrübələr unudulmamalıdır. Xatırlayırsınızsa, sovet vaxtı vətənpərvərlik, Vətənə məhəbbət motivli, əməkçilərin, fəhlələrin, hətta mən bu ifadəni də çəkinmədən işlədirəm - proletariatın şəkilləri ilə hər yerdə rastlaşırdıq. Məktəblərdə, bağçalarda, idarələrdə, magistral yollarda... hər yerdə. Belə şəkillər, plakatlar etiraf etməliyik ki, güclü təbliğat vasitələri idi və insanlara təsir edirdi. Hazırda Azərbaycan faktiki müharibə şəraitindədir. Amma bu, gündəlik həyatımızda əksini tapmır. Təəssüf ki, telekanallarımızı şou epidemiyası işğal edib. Şəhidlər, əsgər mundiri kölgədə qalıb.

Əgər biz şəhidliyi müqəddəsləşdiririksə, "şəhidlər ölmür” deyiriksə, onlara dəyər verməliyik və daim diqqətdə saxlamalıyıq. Hər şəhid bir rayona bağlıdır. Şəhidin doğulub boya-başa çatdığı bölgə, kənd var. Hər rayon öz şəhidlərinin təbliğatını aparmalıdır. Bununla bağlı icra hakimiyyətləri tərəfindən xüsusi proqram işlənməlidir. Təbliğat işinə cavabdeh qurumlar var, onlar bu işi icra etməlidirlər. Müasir dünyada daha təsirli, daha qabarıq vasitələr var. Elektron reklam lövhələri bunlardan biridir. Elektron lövhələrdə reklam mətnləri sürətlə yenilənir. Şəhid şəkillərinin həmin reklam mətnləri ilə növbələşməsi, onlar barədə qısa və dolğun məlumatların verilməsini təmin etmək çox asan bir işdir. Hesab edirəm ki, bu təşəbbüs media üzərindən davamlı qaldırılmalıdır. İndiki məqamda şəhidlərin diqqət mərkəzinə gətirilməsi, Azərbaycanın haqq davasının beynəlxalq aləmə çatdırılması çox önəmlidir.

Yazar Cəlil Cavanşir də bu fikirdədir ki, müasir texnologiyalardan istifadə etməklə həm vətənpərvərlik, həm də şəhidlik məktəbi ilə bağlı təsirli təbliğat işi qurulmalıdır:

- Bizdə çatışmayan cəhət həmrəylik və koordinasiyanın olmamasıdır. Təəssüf ki, vətənpərvərlik məsələsində hələ də 1988-ci ilin pafosu ilə danışırıq. Vətənpərvərlik ya həddindən artıq pafosludur, ya da hədsiz laqeydlik var. Məşhurlarımıza gəlincə, onların çoxu şəhidlik anlayışından xəbərsizdir. Bir çox tanınmışların şəxsi feysbuk, instaqram səhifələri var. Amma hansı birində indiyədək bir şəhidlə bağlı məlumat paylaşıldığını görmüsünüz? Hazırda çox aktiv, istedadlı gənclərimiz var. Sosial şəbəkələrdə şəhidləri diqqətdə saxlayırlar, lazımlı paylaşımlar edirlər. Şəxsən mən də bu təşəbbüsə qoşulmağa hazıram, kim video-rolik çəkmək istəyirsə, hər cür kömək etməyə də hazıram. İndi texnologiyalar o qədər inkişaf edib ki, çox qısa bir zamanda istənilən formada klip də çəkmək olar, video-rolik tərtib etmək də. Təbliğat üçün ən müasir vasitələrdən, internet resurslardan istifadə edilməlidir. Telekanallara isə bunun üçün uzaqbaşı 1 saat vaxt lazımdı. Sadəcə, gərək istək və ürək ola ki, bunu edəsən. Şəxsən mən bu təşəbbüsə qoşuluram və şəhid adından danışmağa hazıram.

Məlahət Rzayeva